image-15-3backend

Müstəqilliyimizin memarı

image-reklam_sirab_01

 

 

Xalqımızın böyük oğlu Heydər Əliyevin müdrik rəhbərliyi və uzaqgörən siyasəti sayəsində Azərbaycan iqtisadi, ictimai-siyasi, mənəvi, mədəni həyatın bütün sahələrində böyük uğurlar qazanaraq təkcə keçmiş SSRİ-də deyil, bütün dünyada tanınmağa başladı. Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı da xalqımıza, Azərbaycana müstəsna uğurlar gətirib.

1991-1993-cü illərdə çox böyük çətinliklər, bəlalarla üz-üzə dayandıq. Qarışıqlıq, anarxiya, xaos, hətta müstəqilliyimizi itirmək təhlükəsi ilə üzləşdik. Hətta, 1993-cü ilin iyununda ölkədə vətəndaş müharibəsi, qardaş qırğını təhlükəsi yarandı. Belə bir şəraitdə nəinki müstəqilliyimizin itirilməsi, bütövlükdə Azərbaycanın dünyanın xəritəsindən silinmək təhlükəsi meydana çıxdı. Bu zaman ölkənin güclü bir liderə ehtiyacı yarandı. Böyük çaşqınlıqlar içərisində qalan xalq hansı səmtə gedəcəyini bilmirdi. Belə bir şəraitdə xalq üzünü Heydər Əliyevə tutdu. Çünki xalq başa düşürdü ki, onu bu çətin və ağır vəziyyətdən yalnız Heydər Əliyev kimi bacarıqlı, uzaqgörən, qətiyyətli bir rəhbər çıxara bilər.

Beləliklə, Heydər Əliyevin xalqın təkidli tələbi və xahişi ilə yenidən hakimiyyətə qaydışı Azərbaycan tarixinin, bərpa edilmiş müstəqilliyimizin yeni bir dövrünün əsasını qoydu, Azərbaycan xalqı, Azərbaycan dövlətçiliyi, müstəqilliyimiz xilas edildi.

Azərbaycanı parçalanma və məhvolma təhlükəsindən xilas edə biləcək yeganə bir şəxsiyyət Heydər Əliyev idi. Elə buna görə də Heydər Əliyev xalqın qəti iradəsi ilə, demokratik və qanuni yolla yenidən ölkə rəhbərliyinə qayıtdı. Təsadüfi deyil ki, tale özü Azərbaycanı yenidən dirçəltmək, onun müstəqilliyini qorumaq kimi çətin və şərəfli bir missiyanı məhz Heydər Əliyevə həvalə etdi. Bununla da illərlə davam edən siyasi hakimiyyət böhranı, anarxiya və özbaşınalığa son qoyuldu. Azərbaycanda yeni tarixi mərhələ – dövlət müstəqilliyinin möhkəmləndirilməsi dövrü başlandı.

Hakimiyyət vakuumu aradan götürüldü, baş qaldırmış separatçı qüvvələr, Azərbaycan dövlətçiliyinə, müstəqilliyə, ərazi bütövlüyunə qəsdlər törədən cinayətkar ünsürlər zərərsizləşdirildi, dövlət ilə xalqın birliyi, yekdilliyi təmin edildi.

İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi. İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi. Heydər Əliyevin hakimiyyətə qayıtması ilə bütün sahələrdə olduğu kimi, ölkəmizin iqtisadi həyatında da taleyüklü dəyişikliklərin əsası qoyuldu, Azərbaycan dövlətini və ölkə iqtisadiyyatını labüd fəlakətdən, hərc-mərclikdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün təcili tədbirlər görməyə başladı. Ümummilli liderin rəhbərliyi ilə qısa müddət ərzində ölkədə bazar iqtisadiyyatının formalaşması məqsədilə qanunvericilik bazası yaradıldı, məqsədli dövlət proqramları qəbul edildi, institusional islahatlar aparıldı, mülkiyyət münasibətlərində köklü dəyişikliklər edilməsi üçün müvafiq addımlar atıldı. Dahi siyasətçi Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş strategiyanın əsasını iqtisadiyyatın inkişafına, mövcud resurslardan səmərəli istifadəyə, dünya iqtisadiyyatına inteqrasiyaya və nəticə etibarilə vətəndaşların rifah halının yüksəldilməsinə hesablanan sosialyönümlü bazar iqtisadiyyatının yaradılması təşkil edirdi. İqtisadi sahədə islahatların ardıcıl və sistemli şəkildə həyata keçirilməsi məqsədilə ulu öndər beynəlxalq tələblərə uyğun qanunvericilik bazasının yaradılmasını təmin etdi.

Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı. Heydər Əliyevin rəhbərliyi altında həyata keçirilən müdrik dövlətçilik siyasəti nəticəsində Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu yolunda böyük işlər görülməklə milli dövlətçilik ənənələrinə və beynəlxalq standartlara uyğun köklü hüquq islahatlan aparılmışdır. Memarı Heydər Əliyev olan müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkiləri təcrübəsinin formalaşması, siyasi plüralizm, söz və mətbuat azadlığı, siyasi partiyalar və ictimai təşkilatların fəaliyyəti üçün qanunvericilik təminatı olan əlverişli şəraitin yaradılması demokratik dövlət quruculuğu yolunda atılan mühüm addımlar vətəndaş cəmiyyətinin formalaşması ilə nəticələnmişdir.

Heydər Əliyev respublikamızda quruculuq tədbirlərinə neft strategiyasının yaradılması və həyata keçirilməsi ilə başladı. Böyük siyasət korifeyinin ölkə iqtisadiyyatının hərtərəfli inkişafı üçün neft amilindən məharətlə istifadə etməsi, 1994-cü ilin sentyabrında böyük təzyiqlərə baxmayaraq “Əsrin müqaviləsi”nin imzalanmasına nail olması yüksək siyasi iradənin və qətiyyətin təntənəsi idi.

Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilən bu zaman kəsiyi ərzində ulu öndərimiz tərəfindən görülən böyük işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyasının məntiqi nəticəsidir ki, bu gün xalqımız müstəqil, demokratik və hüquqi dövlətdə yaşamaq imkanı əldə etmiş, öz xoşbəxt gələcəyini təmin etmək üçün bütün təminatlara, ən başlıcası, siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.

 

Nəsimi rayon sakini Əfsanə Allahverdiyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki