image-sebnem-kerimovabackend

Naxçıvandan başlayan müstəqillik yolu

image-reklam_sirab_01

Xalqın, millətin taleyində dahi şəxsiyyətlərin, siyasi liderlərin müstəsna rolu vardır. Məhz həmin şəxsiyyətlər xilaskarlıq missiyasını uğurla həyata keçirmiş, zamanın tələblərini və obyektiv inkişaf tendensiyalarını vaxtında dərk edərək milli maraqları təmin etmiş, müdrik ideyaları millətin strateji inkişaf konsepsiyasına çevrilərək onun dünya miqyasında özünəməxsus yer tutmasına yol açmışdır. Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev də dahi lider kimi insanları öz ideya və baxışları ətrafında toplamış, zəngin təcrübəsi sayəsində idarəçilikdə ciddi uğurlara imza atmış, cəmiyyətin maraq və mənafelərini müdafiə etdiyi üçün xalqın dərin etimadını qazanmışdır.
Görkəmli dövlət xadiminin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən fövqəladə sessiyada deputatların və iclas zalının qarşısına toplaşan minlərlə insanın təkidi ilə Ali Məclisin Sədri seçilməsi də Azərbaycanın müstəqillik yollunun əsasını qoymuşdur.
“Bu zamanın, bu dəqiqələrin, bu saatın hökmünü nəzərə almaya bilməzdim. Xalqın bu əhval-ruhiyyəsini, tələblərini nəzərə alaraq bütün məsələləri götür-qoy etdim. Mən öz taleyimi xalqa tapşırmışam və xalqın iradəsini, yəqin ki, indi bu müddətdə, bu çətin dövrdə yerinə yetirməliyəm”, – deyən dahi Şəxsiyyət Naxçıvan Muxtar Respublikasını erməni təcavüzündən xilas etmiş, blokada şəraitində gələcək inkişafın böyük təməllərini atmışdır. Görkəmli dövlət xadiminin qədim diyardan Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə və Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilməsi böyük təcrübəyə malik olan qüdrətli siyasətçinin ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməsinə meydan açmışdır. Ümummilli lider Heydər Əliyevin xalq deputatı kimi fəaliyyəti, onun iradəsi ilə qəbul olunmuş qərarlar müstəqillik tariximizin ən parlaq səhifələrini təşkil edir.
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Naxçıvan Muxtar Respublikasının xilası və dirçəlişi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümumiyyətlə, Ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı ən böyük xidmətlərindən biri, şübhəsiz ki, Azərbaycan dövlətçiliyinin xilası və bunun sayəsində ölkənin siyasi tarixində yeni bir mərhələnin açılmasıdır. Sirr deyil ki, 1990-cı ildə Azərbaycan olduqca mürəkkəb situasiya qarşısında idi. SSRİ-nin dayaqlarının sarsıldığı bir dövrdə keçmiş İttifaq miqyasında baş alan hərc-mərclik ölkələrin daxili həyatına da sirayət etmişdi və idarəetmə potensialı aşağı olan respublikalarda çox mürəkkəb siyasi-hüquqi kataklizmlər cərəyan etməkdə idi. Eyni zamanda, həmin dövrdə Naxçıvan Muxtar Respublikasının blokada şəraitində olması, sosial-iqtisadi durumunun bərbadlığı, hakimiyyətin muxtar qurum üzərində oynamağa çalışdığı oyunlar Naxçıvanın vəziyyətini olduqca mürəkkəbləşdirmişdi. Yalnız 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Ümummilli lider Heydər Əliyevin gərgin fəaliyyəti və səyləri sayəsində Muxtar Respublikada sabitlik təmin edildi və Naxçıvanda sosial-iqtisadi vəziyyət yaxşılaşdırıldı. Müharibənin davam etdiyi, sənaye məhsullarının çatışmadığı, elektrik enerjisinin olmadığı, sosial-iqtisadi durumun kəskin olduğu şəraitdə Ali Məclisin Sədri seçilən Ulu öndər Heydər Əliyev həyata keçirdiyi islahatlar, gördüyü tədbirlər və işlər sayəsində Naxçıvanda sabitliyin, tərəqqinin və həmrəyliyin təmin olunmasına nail oldu.
Həmin dövrə nəzər saldıqda bu mərhələnin milli dövlətçilik ənənələrinin bərpası baxımından da xüsusi əhəmiyyətə malik olduğu görünür. Belə ki, bu istiqamətdə Muxtar Respublikanın dövlət rəmzləri bərpa edildi, milliləşdirmə siyasəti uğurla həyata keçirildi. 17 noyabr 1990-cı il tarixində Naxçıvan Ali Məclisinin I sessiyasında ilk dəfə olaraq üçrəngli bayrağımız qaldırıldı. Milli bayraq məsələsi ilə əlaqədar 2 bəndlik qərar qəbul edildi. Bununla yanaşı, Naxçıvan MSSR adından “Sovet” və “Sosialist” sözləri çıxarıldı. SSRİ-nin mövcud olduğu bir dövrdə belə bir qərarın qəbul və icra edilməsi olduqca yüksək siyasi səriştə və cəsarət tələb edirdi ki, Ulu öndər Heydər Əliyev bunu nümayiş etdirdi. Eyni zamanda, Naxçıvanda Kommunist Partiyasının fəaliyyəti dayandırıldı və Sovet ordusu, əsgəri birlikləri Naxçıvan MR ərazisindən çıxarıldı.
Ulu öndər Heydər Əliyev, həmçinin milli ideoloji məsələləri önə çəkərək bir sıra təxirəsalınmaz tədbirlər gördü və tarixi qərarlar qəbul etdi. İlk növbədə, 1990-cı il 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilməsi haqqında Qərar qəbul edildi. Qərarda 20 Yanvar hadisələrinin mahiyyəti, siyasi və hüquqi əsasları əks olunmuşdu. Bununla yanaşı, 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan edilməsi barədə də tarixi qərar qəbul olundu.
Bütün bunlarla yanaşı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-də sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılması və tərəqqinin əldə olunması üçün əhəmiyyətli tədbirlər görüldü, eyni zamanda, aqrar islahatlar reallaşdırıldı, infrastrukturun inkişafı yönündə xüsusi işlər həyata keçirildi.
Digər tərəfdən, blokada şəraitində olan Muxtar Respublikanın inkişafı və sabitliyinin davamlılığını təmin etmək üçün regional və beynəlxalq əlaqələrin formalaşdırılması, eləcə də inkişafı yönündə mühüm addımlar atıldı. Xüsusilə də Türkiyə və İranla qarşılıqlı əməkdaşlığa və tərəfdaşlığa əsaslanan rəsmi təmaslar sıxlaşdırıldı. 24 mart 1992-ci il tarixində Ankarada Naxçıvan Muxtar Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında işbirliyi protokolunun imzalanması bu baxımdan müstəsna əhəmiyyətə malikdir.
Beləliklə, Ulu öndər Heydər Əliyevin 1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi müasir müstəqil Azərbaycanın dövlətçilik tarixinin ən mühüm səhifələrindən birini təşkil edir. Siyasi fəaliyyətinin Naxçıvan dövründə Ulu öndər Heydər Əliyev gördüyü işlər, atdığı tarixi əhəmiyyətli addımlarla Muxtar Respublikanın qurtuluşunu, dirçəlişini və həmrəyliyini təmin etmiş oldu.
Həmin dövrün xarakteristikasından – ölkədə o zamankı ictimai-siyasi vəziyyətdən bəhs edərkən mühüm bir məqama da nəzər salmaq məqsədəmüvafiqdir. Belə ki, ölkəmizdə hökm sürən mürəkkəb situasiyanın fonunda 1992-ci il oktyabr ayının 16-da 91 nəfər ziyalı Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması tarixi zərurət idi. Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi. Yeni Azərbaycan Partiyasının yaranması ilə Azərbaycanın siyasi tarixində mühüm bir səhifə açıldı.
Ulu öndər Heydər Əliyev Azərbaycanı tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı.
Bir sözlə, görkəmli dövlət xadimi Heydər Əliyevin rəhbərliyi ilə 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Azərbaycanda müstəqil dövlətçiliyin böyük məktəbinə çevrilmişdir. Bu elə bir məktəb idi ki, müstəqil Azərbaycanın dövlətçilik sisteminin konturları, gələcək inkişafın istiqamətləri məhz burada müəyyənləşdirilmişdir.
Həmin illərdə hakimiyyətdə olan səriştəsiz, bacarıqsız təsadüfi şəxslərin əməlləri nəticəsində 1993-cü il iyun ayının əvvəllərində respublikada gərgin ictimai-siyasi vəziyyət yarandı. Hadisələr kulminasiya nöqtəsinə çatdı, silahlı qarşıdurmalar fonunda hakimiyyət böhranı, siyasi böhran bütün ölkəni öz cənginə aldı. Azərbaycan öz dövlət müstəqilliyini bir əsrdə ikinci dəfə itirmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyətin getdikcə ağırlaşdığını görən xalq yeganə ümid yeri kimi həmin vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan ümummilli liderimiz Heydər Əliyevə üz tutdu. Dahi şəxsiyyət xalqın çağırışlarına cavab verdi, onun nicatı uğrunda siyasi mücadiləyə başladı və 1993-cü il iyunun 15-də ikinci dəfə siyasi hakimiyyətə qayıtmaqla respublikanı xaosdan, anarxiyadan, parçalanmaqdan, yox olmaqdan xilas etdi. Bu hadisə Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi əbədi həkk olundu.
Dahi siyasətçi qısa müddətdə ölkədə baş alıb gedən hərc-mərclik və anarxiyanı aradan qaldırdı, qanunun aliliyi təmin olundu, hüquqi-demokratik prinsiplərə əsaslanan Konstitusiyamız qəbul edildi, müasir idarəçilik sistemi yaradıldı, vətəndaş həmrəyliyi bərpa olundu, iqtisadi tərəqqini şərtləndirən qlobal layihələr reallaşdırıldı. Sevindirici haldır ki, bu gün ulu öndərimizin siyasi xətti dövlət başçısı tərəfindən uğurla davam etdirilir, Azərbaycan gündən-günə inkişaf edir, beynəlxalq aləmdə mövqeləri daha da güclənir, yeni-yeni nailiyyətlərə imza atır.
Heydər Əliyev siyasi xəttinə sədaqət nümunəsi olan Naxçıvan Muxtar Respublikası da bu gün sürətlə inkişaf edir, Azərbaycanın sürətlə tərəqqi edən diyarı kimi şöhrət qazanır. İndi Naxçıvanın çox böyük dayanıqlı iqtisadiyyatı, güclü müdafiə potensialı var. Ötən illərdə Muxtar Respublikamız ölkəmizin ərazi bütövlüyünün qorunub daha da möhkəmləndirilməsinə, milli dövlətçiliyin inkişaf etdirilməsinə, quruculuq proseslərinin genişləndirilməsinə öz töhfələrini verib. Bu gün mühüm enerji potensialı olan Naxçıvan, həm də dünyaya əsrarəngiz turizm imkanlarına malik olan bir diyar kimi qapılarını açır. Ağır blokada vəziyyətində inkişafa, yüksəlişə aparan yolun əsası isə 3 sentyabr 1991-ci ildə qoyulmuşdur.

Şəbnəm Kərimova
Nail Salamov adına 97 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki