image-reklam-veteninfo
image-photo-2022-03-17-11-57-47-4backend

   Novruz fəlsəfəsi: dörd ünsür, dörd bayram çərşənbəsi

image-reklam-veteninfo

Xalqımızın ən qədim və əziz bayramlarından olan Novruz ulu yurdumuza öz mübarək qədəmlərini basır. Fevralın 21-də ölkəmizdə Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ilki – Su çərşənbəsi bayram edilir. Azərbaycan xalqının bayram mədəniyyəti qədim və zəngindir.

Bayramların içərisində qışın yola salınması, baharın gəlişi və təbiətin dirilməsini rəmzləşdirən çərşənbələrin özünəməxsus yeri var. Çərşənbələr yaradılışın xalq düşüncəsindəki təsəvvürləri üzərində meydana gəlib. Orta əsrlər dövründə dünyanın yaranmasının əsasında dörd ünsürün dayanması və bu əsasda Şərqdə formalaşan, “ab” (su), “atəş” (od), “xak” (torpaq), “bad” (külək) ilə əsaslandırılan “dörd ünsür” nəzəriyyəsi çərşənbələrin bayram kimi formalaşmasına təsir göstərmişdir. Azərbaycan qədimdən çərşənbə bayramlarının keçirildiyi coğrafiya olaraq tanınır. Əski təqvimlə ilin son dörd çərşənbəsi bayram kimi keçirilir. Novruza bir ay qalmış dörd çərşənbə sıra ilə qeyd edilir. Bu çərşənbələrdə mövsümlə bağlı ritual və mərasim nəğmələri icra olunur. Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən hazırlıq görülür. Novruz öncəsi keçirilən dörd çərşənbədən birincisi isə Su çərşənbəsidir.

Çərşənbələrin xalq arasında fərqli adlarla adlandırılması ənənəsi də mövcuddur. Yazın gəlməsini gözləyən qədim əkinçi qış çillələrini yola saldıqdan sonra yerdə qalan bir ayın hər çərşənbəsini bayram edirdi. Bunlara “Oğru üzgü”, “Doğru üzgü” və “İlaxır çərşənbə” də deyilib. Bu çərşənbələrin hərəsinə görə öz adət-ənənələri olub: “Novruza bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən birincisi “Birinci çərşənbə”, “Yalançı çərşənbə”, “Əzəl çərşənbə”, “Su çərşənbəsi” adlandırılıb. Çərşənbələrin adlandırılmasında yerli adlar da mövcuddur. Məsələn, Şuşada birinci çərşənbədən öncəki çərşənbəyə “Yalançı çərşənbə”, digər dörd ilaxır çərşənbəyə isə “birinci tək”, “ikinci tək”, “üçüncü tək”, “dördüncü tək” və “axırıncı tək” deyilib.

Novruzun gəlişi – əmək mövsümünün başlanması deməkdir.  Bu baxımdan da insanlar qoyun–quzunun yaza salamat çıxarılması, südün, ətin, yağın, pendirin bol olması üçün müxtəlif nəğmələr yaradıblar. Son ayın dörd çilləyə bölünməsi isə ümumiyyətlə, təbiətin dörd əsas ünsürdən ibarət olması etiqadına əsaslanır. Bu dörd ünsür su, od, hava və torpaqdır. Qədim etiqadlara görə, son ayın hər həftəsində sanki bu ünsürdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır. Qədim və orta əsrlər Azərbaycanında bu dörd ünsürdən hər birinin qışın əsarətindən qurtarması həmin ünsürün adı ilə bağlı olan həftənin son çərşənbəsində xüsusi şəkildə qeyd edilib.
“Əski təqvimə görə, “ilaxır çərşənbə”lərin birincisi olan Su çərşənbəsi boz ayın dörd çərşənbəsinin ilkidir. Yaradılışın sudan başlanması, həyatın ilk qaynağının su olması qədim təsəvvürlərdə də öz əksini tapır. Xalq arasında o, “əvvəl çərşənbə”, “gözəl çərşənbə”, “sular Novruzu”, “gül çərşənbə” kimi də tanınmışdır.

Su ilə bağlı xalq arasında yayılan sınamalar vardır.

Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Qorxulu yuxuların suya danışılması ilə insanı izləyən qəzaların dəf olunması inamı türk mifoloji mətnlərin əsasını təşkil edir. Əzəli inamlarda su sağlamlığın mənbəyi sayılır. Su çərşənbəsi günü axar sudan keçənlər azar-bezardan xilas olar. İlk çərşənbədən başlayaraq, qonşuya axşamçağı ələk, od verilməz. Zərurət olanda istəyə gələnin başından örpəyini götürüb sonra verərdilər. Həmçinin çərşənbədə evə süpürgə çəkmək də olmaz. Digər inanca görə isə süfrəyə su dağılması aydınlıqdır. Bundan başqa, lal axan sudan keçməzlər, yuxuda su görmək aydınlıqdır, səfərə çıxan adamın arxasınca su atarlar, odu su ilə söndürmək günahdır və s. inanclarımız vardır.

İlin ikinci çərşənbəsi isə Od çərşənbəsi adlanır. Bu çərşənbədən etibarən günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsidir. Bu gündən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi isə Torpaq çərşənbəsi adlanır.

 

Məmmədova Elnurə

Nəsimi rayonu 14 saylı məktəb




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki