image-novruz-aslanbackend

Novruzəli Aslanov: “Ölkə Prezidentinin Cəbrayıla növbəti səfəri bölgədə iqtisadi fəallığın daha da artmasını stimullaşdırır”

image-reklam_sirab_01

“Otuz il davam edən işğal dövründə erməni qəsbkarları Azərbaycan xalqına qarşı dünya tarixində misli görünməmiş vəhşiliklər törədiblər. Bu vəhşiliklərin yeganə səbəbi isə xalqımıza qarşı onların bəslədikləri əsassız nifrət olmuşdur. Halbuki, Azərbaycan xalqı bu yersiz-yurdsuz erməni tayfalarına tarix boyu ancaq yaxşılıqlar edib. Bu yaxşılıqların əvəzi isə xalqımıza qarşı həyata keçirilən soyqırımları, şəhərlərimizdə törədilən terror aktları, tarixi-mədəni abidələrimizə, təbiətimizə və təbii sərvətlərimizə qarşı yol verilən vandallıq və talançılıq olmuşdur. Artıq bütün dünya və ilk növbədə ermənilərin havadarları bu həqiqətləri görməli və qəbul etməlidirlər. Ölkə Prezidenti cənab İlham Əliyevin Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə 2021-ci il 4 oktyabr tarixində keçirdiyi görüşdə etdiyi çıxışında dediyi kimi, artıq bütün dünya etiraf etməlidir ki, Azərbaycan təkcə özünü müdafiə etməyib, eyni zamanda erməni faşizminin belini qırıb və bütün Cənubi Qafqazı bu təhlükəli bəladan qurtarıb.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili Cəbrayılın işğalı dövründə bu rayonda ermənilərin törətdikləri vəhşiliklərdən danışaraq bunları deyib: “Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı rayon 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. İşğal dövründə cəbrayıllı məcburi köçkünlər ölkənin 58 rayonunun 2 000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışdılar. Erməni qəsbkarları işğal etdikləri bütün digər ərazilərdə olduğu kimi, Cəbrayıl şəhərini, eləcə də rayonun kəndlərini dağıtmiş, mədəni, tarixi, dini abidələrimizi, qəbiristanlıqları viran qoymuş, ekoloji terror törətmiş və bir çox misli görünməmiş talançılıq və vandalizm aktları həyata keçirmişlər. 52000 nəfər əhalisi olan, 1050 kvadrat kilometrlik ərazini əhatə edən rayonda mövcud olmuş 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Erməni işğalı nəticəsində rayona ümumilikdə 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəymişdir.”

Daha sonra Novruzəli Aslanov qeyd edib ki, Azərbaycan erməni təxribatlarına son qoymaq məqsədilə hərbi əməliyyatlara başlamasaydı bu problem otuz il bundan sonra da öz həllini tapmayacaqdı: “Otuz il ərzində dünya birliyi Qarabağ probleminə göz yumdu, vasitəçilik missiyasını öz üzərilərinə götürmüş beynəlxalq qurumlar isə münaqişəni həll etmədilər. Əksinə, ermənipərəst qüvvələrin təsiri altında olan bu təşkilatlar status-kovunun mümkün qədər uzun müddət davam etməsinə çalışdılar. Hətta BMT Təhlükəsizlik Şurası belə qəbul etdiyi qətnamələrin icrasına Ermənistanı məcbur edə bilmədi. Azərbaycan isə bütün bu illər ərzində danışıqlarda konstruktiv mövqedən çıxış eldi. Əvəzində, təcavüzkarın tamahı daha da böyüdü, yeni torpaqları işğal etmək iddiasına düşdü və Azərbaycana yeni hücumlar etdi. Nəhayət, 2020-ci il sentyabr ayının 27-də erməni təxribatlarının qarşısını birdəfəlik almaq və torpaqlarımızı işğaldan azad etmək üçün Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin əmri ilə Azərbaycan Ordusu hərbi əməliyyatlara başladı. Xalqın birliyindən güc alan qəhrəman ordumuz cəmi 44 gün ərzindən işğalda olan torpaqlarımızı düşməndən azad etməklə ölkənin ərazi bütövlüyünü bərpa etdi. Beləliklə, BMT Təhlükəsizlik Şurasının illər uzunu kağız üzərində qalan qətnamələrini Azərbaycan təkbaşına icrasını təmin etdi.”

Həmçinin Novruzəli Aslanov Cəbrayılın işğaldan azad edilməsinin Vətən müharibəsinin gedişində hadisələrin inkişafı baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bunları deyib: “Qeyd etmək lazımdır ki, hələ 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu nəticəsində Lələtəpə yüksəkliyi düşməndən təmizlənib və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçib. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən Cəbrayıl rayonunun 1 şəhəri və 80 kəndi işğaldan azad olunub. Məhz Cəbrayılın düşmən işğalından təmizlənməsi ilə Azərbaycan-İran sərhədinə dövlət nəzarəti qismən bərpa edilib. 2020-ci il sentyabr ayının 27-də başlamış Vətən müharibəsinin ilk günündə cəbhəni yaran Azərbaycan Ordusu düşməni geri çəkilməyə məcbur etdi. Bir neçə gün ərzində Cəbrayıl rayonunun xeyli kəndi işğaldan azad olundu. Belə ki, 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad edildilər. Oktyabrın 4-də isə Ali Baş Komandan Cəbrayıl şəhərinin və rayonun daha doqquz kəndinin – Karxulu, Şükürbəyli, Yuxarı Maralyan, Çərəkən, Daşkəsən, Horovlu, Decal, Mahmudlu və Cəfərabadın işğaldan azad edildiyini bəyan etdi. Bununla Cəbrayılın işğalına son qoyuldu. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edildi. 4 oktyabr Cəbrayılın işğaldan azad edildiyi gün kimi tarixə düşdü. Prezident İlham Əliyevin sərəncamı ilə Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif ediliblər. Vətən müharibəsinin gedişində Şanlı Ordumuz çox şərəfli qələbələrə imza atdı. Lakin onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət kəsb edir.”

Sonda Novruzəli Aslanov bildirib ki, bu gün işğaldan azad edilmiş ərazilərdə gedən bərpa-quruculuq işləri öz miqyasına və sürətinə görə bütün dünyanı heyrətə gətirib: “Ölkə Prezidenti cənab İlham Əliyevin Cəbrayıla səfəri zamanı daha bir neçə obyektin təməli qoyuldu. Bu obyektlərin inşası və inşaatından sonra fəaliyyəti zamanı bir çox sosial-iqtisadi məsələlər öz həllini tapacaq. İlk növbədə, təhlükəsizliklə bağlı tədbirlər. Oktyabrın 4-də möhtərəm Prezidentimiz Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışını etdi. Orada nümayiş etdirilən ən müasir silahlar, sursatlar bizim sərhədlərimizi möhkəm, lazımi səviyyədə qorumaq üçün geniş imkanlar yaradır. Həmçinin Prezidenti səfəri çərçivəsində iqtisadi fəallıq üçün önəmli addımlar atıldı. “Araz Vadisi İqtisadi Zonası”nın təməli qoyuldu. Bu, 200 hektarı əhatə edən böyük bir layihədir. Artıq ilkin maliyyə vəsaiti ayrıldı. İlkin investorlar da müəyyən olundu. Yenə də oktyabrın 4-də “KamAZ” şirkətinin vitse-prezidenti və Rusiyanın Tatarıstan Respublikasının Baş nazirinin müavini xüsusi olaraq Azərbaycana gəlib və dövlətimizin başçısı ilə bərabər “KamAZ” regional xidmət mərkəzinin açılışında iştirak etmişlər. Bu da çox önəmli hadisədir. Artıq Rusiya şirkəti də bu bölgəyə investisiya qoymağa başlayıbdır. Əlbəttə ki, Türkiyə şirkətləri də artıq Zəngilan rayonunda böyük kənd təsərrüfatı layihəsinə investisiya qoymağa başlamışlar. Eyni zamanda, sosial obyektlərin təməli qoyuldu. Xəstəxana, məktəb, bütün bunlar buraya insanların qayıdışı üçün əsas şərtlərdir. Cəbrayıl rayonunun elektrik təchizatının artıq demək olar ki, bütün işlərin görülüb. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan müharibəni Zəfərlə bitirdi və indi sülh dövrünü də zəfərlə başlayıb, zəfərlə başa vuracaq. Ümumiyyətlə bu gün Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı bərpa-quruculuq işlərini bütün dünya heyranlıqla izləməkdədir. Prezident İlham Əliyevin öz çıxışında vurğuladığı kimi, 5 il ərzində elə bir yeni Azərbaycan, yeni Qarabağ, yeni Zəngəzur quracağıq ki, bütün dünya bizə qibtə edəcək.”


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki