image-2b70ebb0-a951-4ca8-a4a5-ff7121072f57backend

Odda yanmayan qardaşlıq

image-reklam_sirab_01

Azərbaycanın Türkiyə ilə münasibətləri möhkəm təməllərə əsaslanır. Bu qardaş ölkələr arasında əlaqələr uzun illərdir strateji xarakter alıb və sürətlə inkişaf etməkdədir. İstər Çanaqqala savaşında Azərbaycan könüllülərinin iştirakı, istərsə də Qafqaz İslam Ordusunun Nuru paşanın komandanlığı ilə Azərbaycana qardaşlıq dəstəyi, daşnak ünsürlərini məğlub etməsi sübuta yetirmişdir ki, dünyada bu iki dövlət kimi bir-birinə yaxın dövlətlər yoxdur.
Həm dövlət səviyyəsində, həm də ayrı-ayrı şəxslərin timsalında Azərbaycan, həmişə olduğu kimi, yenə ağır dönəmində Türkiyəyə dəstək olub. Türkiyə taleyüklü məqamlarda hər zaman Azərbaycanın yanında olduğu kimi. 44 günlük Vətən müharibəsində də hərtərəfli dəstək verib. Bakıda keçirilən Zəfər paradında hər iki qardaş ölkənin bayraqları birgə dalğalanıb, müharibədən sonra birlikdə Şuşa Bəyannaməsi, daha sonra üçtərəfli Bakı Bəyannaməsi qəbul edilib.
Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə biri digərinin yanında olub. Ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” olaraq xarakterizə etdiyi Azərbaycan-Türkiyə münasibətləri bu gün hər iki ölkə rəhbərliyi tərəfindən həyata keçirilən məqsədyönlü siyasət nəticəsində daha yüksək səviyyəyə ucalmaqdadır.
Hazırda qardaş Türkiyənin müxtəlif bölgələrində iyulun 28-dən başlayan güclü meşə yanğınları ağır fəsadlar törətməklə biz azərbaycanlıları dərindən sarsıdıb. Ölkələrimizin dost, qardaş olduqları bu çətin günlərdə növbəti dəfə öz təsdiqini tapdı.
Prezident İlham Əliyev qardaş ölkənin rəhbərinə yanğınlar zamanı həyatını itirən vətəndaşlara görə başsağlığı verərək Azərbaycan hökumətinin və xalqının hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu söyləyib. Birinci vitse-prezident Mehriban Əliyeva da Türkiyəyə dəstək olaraq sosial şəbəkədəki hesabında paylaşım edərək baş vermiş dəhşətli yanğınlarda həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib, yaralıların tezliklə şəfa tapmasını arzulayıb, Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu deyib.
Türkiyənin köməyinə tələsən ilk ölkənin məhz Azərbaycan olması türk xalqı və dövləti tərəfindən də yüksək səviyyədə qiymətləndirilir. Azərbaycan yanğınsöndürənlərinin Türkiyəni bürüyən meşə yanğınları ilə bağlı mübarizədə, havanın yüksək temperaturu və quru külək şəraitində türkiyəli həmkarları qədər mətinlik, əzmkarlıq göstərməsi türk mediasının, ictimaiyyətinin xüsusi diqqət mərkəzindədir. Azərbaycandan gedən xilasetmə qruplarının türk bayrağına olan hörmət və həssaslığını da türk mediası gündəmə çevirib. Yanğınsöndürənlərimizin evlərin divarlarından asılan Türkiyə bayraqlarına həssaslığı diqqət çəkib.
Karvanın keçdiyi ərazilərdə Azərbaycan yanğınsöndürənlərini böyük coşqu ilə qarşılayan yerli sakinlər azərbaycanlı xilasedicilərə güvəndiklərini bildirib, “Onlar qəhrəmandır. Təkcə imdadımıza yetişməyiblər, həm də Azərbaycanın sevgisini gətiriblər!”, “Yanğınların söndürülməsinə həm duaları, həm də verdikləri dəstəklə yanımızda olan bütün Azərbaycana minnətdarıq” – deyiblər.
İnanırıq ki, artıq çox hissəsi nəzarətə götürülmüş yanğınların tezliklə tam söndürülməsinə nail olunacaq, bu hadisə tarixə Azərbaycan-Türkiyə qardaşlığının isbatı kimi düşəcək. Qoy, uca Tanrı bu qardaş xalqlara bundan sonra ancaq və ancaq sevincli günləri nəsib etsin. Qoy, düşmənlər bilsinlər ki, meşəyə od vurmaq olar, amma bizim qardaşlığımızı yandırmaq qeyri-mümkündür.

Əliabbas Salahzadə,
millət vəkili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki