Baharın müjdəsi, milli adət-ənənələrə sadiqlik, dostluq, həmrəylik, yüksək mənəviyyat simvolu — Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruzda bayram masasının üzərində mərkəzində səməni olan xonçanın olması vacibdir. Səməninin ətrafına milli şirniyyatlar: paxlava – yer kürəsinin 4 istiqamətini, qoğal – günəşi, şəkərbura – ayı, rənglənmiş yumurta – həyatı simvolizə edir. Adətə görə süfrədə “S” hərfi ilə başlayan 8 məhsul olmalıdır: səbzi, sumaq, sirkə, səməni, süd, su, sünbül və süzmə süfrədə olması vacib şərtdir. Bayram süfrəsinin əsas bəzəyi şah plovdur. Novruz bayramı qonşuları, dostları xonçaya yığılmış şirniyyatlara qonaq etməklə davam edir.
Novruz bayramında insanlar kin-küdurəti unudar, küsülülər barışar, ziddiyyətlər aradan götürülər. Ona görə də Novruz bayramı həm də dostluq, qardaşlıq, milli həmrəylik bayramıdır. Prezident cənab İlham Əliyev tərəfindən həyata keçirilmiş siyasət nəticəsində bu gün ölkəmizdə milli həmrəyliyin, vətəndaş birliyinin şahidiyik. 44 günlük Vətən müharibəsində xalqımız möhtəşəm həmrəylik nümayiş etdirərək Ali Baş Komandanın ətrafında sıx birləşdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 44 gün ərzində doğma torpaqlarımızı işğaldan azad etdi, erməni faşizminə qalib gəldi. Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı.
Biz artıq Novruz tonqallarını doğma Qarabağımızda alovlandırırıq. Xalqımızın uzun illərdən bəri formalaşan bu müqəddəs arzusu artıq reallaşıb. Bizi bu arzuya qovuşduran, xalqımıza sonsuz sevinc, qürür hissi yaşadan Ali Baş Komandana sonsuz təşəkkürürümüzü bildirir, torpaqlarımızın azadlığı uğrunda şəhid olan vətən övladlarının, qəhrəman əsgər və zabitlərimizin, erməni terrorunun qurbanı olan dinc vətəndaşlarımızın ruhunu dərin hörmət və ehtiram hissi ilə yad edir, qazilərimizə Allahdan şəfa diləyirik.
Zəngin tarixi və rəngarəng folkloru özündə ehtiva edən Novruz bayramı adətləri olan “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir. Azərbaycan xalqının minillik ənənələrini özündə əks etdirən Novruz ənənələri hər il böyük maraqla həyata keçirilir.
İlk çərşənbə olan Su çərşənbəsi adətən havaların yavaş-yavaş isinməyə başladığı, çaylardakı buzların əriyərək çaya qarışdığı vaxt ilə üst-üstə düşür. İlin ikinci çərşənbəsi Od çərşənbəsi isə günəş torpağı daha da qızdırmağa başlayır. Üçüncü çərşənbəmiz isə Yel çərşənbəsindən etibarən bəzi ağaclarda tozlanma başlayır. Dördüncü və ilin son ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi ölkəmizdə daha böyük coşğu ilə qeyd olunur.
Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.
Prezident İlham Əliyev siyasi arenada milli dəyərlərə sadiqlik nümunəsi göstərərək, Novruz bayramı münasibətilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiya rəhbərləri ilə qarşılıqlı bayramlaşma təşəbbüsü ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkülünü göstərir.
Artıq biz “Bu gün o gündür” dediyimiz ikinci Novruz bayramını Müzəffər ordumuzun azad etdiyi müqəddəs torpaqlarda qeyd edirik. Ali Baş Komandan İlham Əliyev ata vəsiyyətini əsas qayə olaraq yerinə yetirmişdir. Məhz Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi :“Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.” Odlar Yurdu Azərbaycan artıq Novruz bayramını Qarabağda qeydə edir!
Filologiya elmləri doktoru
Imamverdi Həmidov


























