image-62084da3-24f6-49b3-aafa-e0aff6cc8bc1backend

Ölkəmizin İrandakı səfirliyinə hücumu terror aktı kimi dəyərləndiririk…

image-reklam_sirab_01

Bu gün səhər saatlarında Azərbaycan Respublikasının Tehran şəhərindəki Səfirliyinə edilmiş xain hücum və burada səfiliyimizin mühafizəçisinin  qətlə yetirilməsi və digər 2 nəfərin isə yaralanması heç bir qonşuluq, dini qardaşlıq münasibətlərinə uyğun gəlmir və beynəlxalq hüququn bütün prinsiplərini tapdalayır.

Bu gün İran hakimiyyətində olan qüvvələr daim ölkəmizə münasibətdə ümumi tarixi dəyərlər, qonşuluq və din qardaşlığından söhbət açsalar da,  Azərbaycanın Vətən Müharibəsindən sonrakı dövr ərzində sərgilədiyi siyasət onların ifadə etdikləri dəyərlərin yalnız sözlərdən ibarət olmasını göstərməkdədir. Əslində, bu münasibət təkcə Vətən Müharibəsində qazanılmış Zəfərdən sonrakı dövrə aid deyildir, müstəqilliyimizin  bərpa olunduğu ilk aylardan təzahür etməkdədir. Sadəcə olaraq, bizə məlum həqiqətləri dilə gətirməməyimizin səbəbi diplomatik gərginlikdən uzaq olmaq naminə, qonşuluq və islam həmrəyliyi naminə doğru yola dönəcəyi ümidi ilə bağlı olmuşdur.

Bu gün özünü dünyada İslamın yeganə gerçək təmsilçisi hesab edən qüvvələr dini abidələrimizi dağıdan, məscidlərimizdə donuz saxlayan, uşaq və qadın qatili ermənilərlə sıx əməkdaşlıq edir.

Baş vermiş bugünki təxribatın Ermənistanın baş nazirinin arvadının Tehrana səfərindən sonra reallaşdırılması da düşündürücüdür. Əhalisinin yarısına qədəri Azərbaycan türklərindən ibarətdir. İran ordusunun zabit heyətinin əksəriyyəti Azərbaycan türkləridir. Və cənublu soydaşlarımız həmişə olduğu kimi, bu günlərdə də dövlətçiliyimizin yanında olacaqlar, bunu Cənubda dövri olaraq baş qaldıran Milli azadlıq hərəkatının tərkib hissəsi olan müxtəlif etiraz formalarında da görməkdəyik.

Şərqdə belə bir deyim vardır: “Elçiyə zaval yoxdur:” Ən qədim dövrlərdən günümüzədək dövlətlərarası münasibətlərdə elçiyə, səfirə, səfarətxanəyə xüsusi diqqət və münasibət göstərilmişdir.

Baş vermiş bu hadisədən sonra təbii ki, İran dövləti diplomatik kanaallarla ölkəmizdən rəsmən üzr istəyəcəkdir və həmin üzr bəyanatında qeyd edəcəkdir ki, hadisənin günahkarları tapılaraq cəzalandırılacaqdır. Lakin, Qafqazın ən güclü dövləti olan ölkəmiz xarakter etibarı ilə sadəlövh deyildir. Bu kimi bəyanatlar bizim üçün artıq əhəmiyyətli hesab edilə bilməz.

Bu gün ölkəmiz dünyada böyük nüfuza malik olan Qafqazın ən güclü ordusuna sahib olan bir dövlətdir. Və  hər hansı bir çayın xırda qolu qədər kiçik olan bir arxın üzərindən mühəndis körpüsü salmaq iqtidarında olmayan bir ölkənin həmrəy və XXI əsrin ən böyük müharibəsindən Zəfərlə çıxmış bir xalq və ölkə ilə bacarması mümkünsüzdür.

Heç bir təhdid və terror xalqımızı qorxuda və sarsıda bilməz.

Əliabbas Salahzadə

Millət vəkili


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki