image-1backend

Ölkəmizin və regionun enerji təhlükəsizliyinin yeni dövrü

image-reklam_sirab_01

Bakı Enerji Həftəsi və bu çərçivədə 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışı Azərbaycanın, bütövlükdə regionun enerji istehsalı və enerji təhlükəsizliyi tarixində yeni era deməkdir. Müqayisəli formada desək, tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlinin qoyulması 30 il öncə 1994-cü il sentyabrın 20-də Azərbaycanın neft tarixində yeni dövrün əsasını qoymuş “Əsrin müqaviləsi”nin imzalanması, yaxud 1996-cı il iyunun 4-də Xəzər dənizinin Azərbaycan sektorunda Şahdəniz perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Hasilatın Pay Bölgüsü Sazişi ilə böyük enerji strategiyasının əsasını qoymasından heç də daha az əhəmiyyətə malik hadisə deyil. Bu mənada mübaliğəsiz demək olar ki, bu gün əsası qoyulan layihələr də bərpaolunan enerji sahəsində yeni eranın başlanğıcıdır. Bu mənada Bakı Enerji Həftəsi çərçivəsində reallaşan tədbirlərdə 30-dan çox ölkədən 300-dək şirkət olmaqla, bütün dünyanın enerji sənayesində mövcud liderlərin bir araya gəlməsi, təbii ki, təsadüf hesab oluna bilməz. Prezident İlham Əliyevin tədbirdə çıxışı isə eyni zamanda, cari sferada Azərbaycan və müttəfiqləri üçün yeni reallıqda birgəfəaliyyət üçün yol xəritəsi hesab oluna bilər.
Azərbaycan özünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi uğurla təmin etmək üzrədir. Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla, 8 dövlətə qaz nəql edir. Baxmayaraq ki, müəyyən dairələr Azərbaycanın Avropanın artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarının olmaması barədə ardıcıl şayiələr tirajlayırdı. Lakin Prezident İlham Əliyevin formalaşdırdığı konfiqurasiya həmin əsassız kampaniyalar seriyasına uğurlu cavab oldu. Xüsusən Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar hesabına ölkəmiz bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısı rolunda çıxış etməkdədir. Amma başqa bir reallıq da var ki, Azərbaycan özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görür.
Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydındır – Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib. Özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görməsi, beş milli prioritetdən biri kimi “təmiz ətraf mühit və yaşıl artım ölkəsi“ olmaq formasında müəyyən edilməsi, ölkənin Kioto protokolu ilə karbon qazlarının emissiyasının kəskin azaldılması üzrə çox cəsarətli hədəflər müəyyən etməsi ilə iqlim dəyişikliyi mövzusunda Azərbaycan faktiki olaraq BMT-nin müvafiq Çərçivə Konvensiyasının Şərqi Avropa Qrupu üzrə ən həssas praktik yanaşma nümayiş etdirən üzvü kimi seçilir. 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunması ilə də Prezident İlham Əliyev dünyaya bir daha sübut etdi ki, Azərbaycan qlobal məsuliyyətini dərk edən, əhəmiyyətli hərbi-siyasi gücə malik yeni beynəlxalq oyunçudur. Baxmayaraq ki, biz bunu etməyə də bilər və qazıntı yanacağına fokuslanmaqla daha rahat yolu seçərdik. Dövlətimizin başçısının da vurğuladığı kimi, “bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik”. Lakin Azərbaycan özünün yolunu müəyyən edib, yaşıl enerjiyə keçid sahəsində addımlarla və COP29-a ev sahibliyini üzərinə götürməklə bu işə töhfə verməkdə qətiyyətini ortaya qoyub və bu gün start verilən Bakı enerji həftəsi və bütövlükdə mövcud siyasi kursun konseptual baxışı deməyə əsas verir ki, Azərbaycan hazırda yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır və işlər şaxəli, tarazlaşdırılmış şəkildə həyata keçirilir.
Məhz bu amil Azərbaycanın qlobal enerji təhlükəsizliyində bütövlükdə qlobal siyasətdə çəkisini ciddi formada artırır. Təsadüfi deyil ki, məhz bu inkaredilməz amillər qarşısında hətta Azərbaycana qeyri-dost münasibətdə olan dövlətlər belə əks arqument tapmadı və COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verildi. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Azərbaycan yeni əməkdaşlıq şəbəkəsinin yaradılması ilə artıq qlobal aktor rolunda çıxış edir, digər dövlətlərlə münasibətlərinə üçüncü güclərin müdaxiləsinə imkan verməyəcək qədər qətiyyətli davranış sərgiləyə bilir. ABŞ Prezidenti Cozef Baydenin Bakıya həftə ərzində artıq ikinci məktubunu yollaması bu reallığı bir daha təsdiq edir. Bu isə o deməkdir ki, Azərbaycan-ABŞ münasibətləri pozulmayıb və bu münasibətləri kölgələməyə çalışan erməni lobbi dairələri heç nəyə nail olmadılar. Əgər ABŞ sonrakı dövrdə beynəlxalq hüquqa hörmətini qorusa, Azərbaycan-Ermənistan münasibətlərində neytral davransa, Bakı-Vaşinqtion əlaqələri yeni səviyyəyə yüksələ bilər. Bunun üçün heç bir obyektiv maneə yoxdur. O cümlədən enerji təhlükəsizliyi, habelə yaşıl enerji gündəliyi də əslində bizi ABŞ və bütövlükdə dünya ilə birləşdirən növbəti etibarlı körpüyə çevrilə bilər. Bu prosesdə Azərbaycana inam da kifayət qədər yüksəkdir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki