image-img-20220719-wa0004backend

Ölkəmizin xaricdəki nüfuzu durmadan artıq

image-reklam_sirab_01

İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə bu ilin altı ayının yekunlarına həsr olunan müşavirə keçirilib. Dövlətimizin başçısı müşavirədə geniş nitq söyləyərək cari ilin əvvəlindən ölkədə qazanılan uğurlar, əldə edilən müsbət nəticələr, Azərbaycanın dünyada nüfuzunun daha da artması və digər məsələlər barədə danışmışdır.
Qeyd edilib ki, ölkəmiz uğurla inkişaf edir və bütün istiqamətlər üzrə qarşıya qoyduğumuz vəzifələr icra edilir. Müşavirədə Azərbaycanın xarici siyasətinin uğurları xüsusi olaraq qeyd edilib. Müstəqil xarici siyasət yürüdən, tərəfdaşları ilə səmimi anlaşma siyasətinə üstünlük verən, dünyada, regional problemlər və qlobal məsələlərlə bağlı öz mövqeyini ədalət prinsipləri əsasında bildirən, beynəlxalq hüququn pozulmasına, milli münaqişələrə, irqi ayrı-seçkiliyə qarşı mübarizədə fəal iştirak edən Azərbaycan dünyanın siyasi, iqtisadi, humanitar platforması adını əməli fəaliyyəti ilə doğruldur. Dövlət başçımızın həmin platformalardan səsləndirdiyi məntiqli təkliflərinin və təşəbbüslərinin hər biri sabitliyin təminatına töhfə, sülhə, ədalətə, bərabərliyə çağırışdır. Cari ilin altı ayında da Azərbaycanın xarici siyasətinin mənzərəsi zəngin olmaqla bütün səviyyələrdə dəstəklənmişdir. Cənubi Qafqazda siyasi, hərbi, iqtisadi qüdrəti ilə liderliyini qoruyan Azərbaycan bölgədə sabitliyin təminatına yönələn təşəbbüslərin müəllifi və iştirakçısıdır. Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdəki açıqlamaları, platformalardakı çıxışları dəstəklənirsə, bu etimad diplomatik uğurlarımızın təntənəsidir.
Son vaxtlarda keçirilən və Azərbaycanın fəal iştirakçısı olduğu beynəlxalq əhəmiyyətli tədbirlər barədə cari ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bəhs edən Prezident İlham Əliyevin vurğuladığı kimi, müvafiq dövrdə respublikamızda keçirilən beynəlxalq tədbirlər xarici siyasətimizin mənzərəsi olmaqla ölkəmizin nüfuzunu da artırıb. Azərbaycanın Qoşulmama Hərəkatındakı sədrliyinin 2023-cü ilə qədər uzadılması ilə bağlı quruma daxil olan dövlətlərin yekdil rəyi o deməkdir ki, dünyanın 120 ölkəsi arasında böyük nüfuz qazanmış ölkəmizə inam və etimad daha da artmışdır.
Beynəlxalq təşkilatlarla əməkdaşlığa böyük önəm verən Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə möhkəmlənən əlaqələrinin nümunəsi qurumun yeni Baş katibinin bu günlərdə Azərbaycana etdiyi səfər, qarşıdakı illər üçün nəzərdə tutulan hədəflərlə bağlı geniş müzakirələrin aparılmasıdır.
Müşavirədə Azərbaycanla Avropa İttifaqı arasındakı əməkdaşlığın yeni keyfiyyət üzrə inkişaf etdirilməsi ilə bağlı prioritetlərdən bəhs edən Prezident İlham Əliyevin bildirdiyi kimi yeni saziş üzərində birgə fəaliyyət daha geniş mənada iş birliyinin məntiqi nəticəsi olacaqdır. Xarici siyasətində əsas amil olan Türk Dövlətləri Təşkilatı ilə əməkdaşlıq çərçivəsində hər zaman fəallıq göstərən Azərbaycanın təşkilat çərçivəsində, həm də üzv ölkələrlə təmasları genişlənir. Prezident İlham Əliyevin vurğuladığ kimi, Azərbaycan beynəlxalq aləmdə aparıcı güc mərkəzi olmaqla diplomatik uğurları ilə seçilən, dünyanın enerji təhlükəsizliyinin təminatında böyük nüfuza malik ölkədir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki