image-37backend

Ölkənin gələcək rifahını təmin edən addımlar

image-reklam_sirab_01

İdarəçilik fəlsəfəsi fərqli və özünəməxsus cəhətlərlə zəngin olan Ümummilli Liderin sovet Azərbaycanına rəhbərliyi mərhələsi ölkəni sürətli inkişaf yoluna çıxarmaqla yanaşı, milli müstəqilliyə etibarlı zəmin formalaşdıran amillərlə də zəngin olmuşdur. Milli özünəqayıdış və özünüdərkin məhz bu dövrdə başlanğıcını qoyan, azərbaycançılığın keçən əsrdə yazılan ən parlaq səhifələrinin müəllifi olan Ulu Öndər Heydər Əliyevin Azərbaycana gətirdiyi ideyalar ölkə həyatını büsbütün müasirləşdirmişdir.
Tarixin axarını dəyişən ideya və prinsiplərin daşıyıcısı olan Heydər Əliyevin nadir idarəçilik keyfiyyətləri, xarizmatik liderlik məziyyətləri, böyük vətənpərvərliyi ötən əsrin 70-ci illərindən etibarən milli ruhun hədsiz yüksəlişinin təmin edilməsində misilsiz rol oynamışdır. Onun keçmiş sovet idarəçilik sisteminin forma və məzmununu, bütün incəliyini dəqiqliklə bilməsi bu prosesdə maneə yaradıcı amilləri uğurla neytrallaşdırmasına, eyni zamanda öz ideyalarını reallaşdırmaq istiqamətində mərkəzdən lazımi dəstək almasına imkan vermişdir. Bu kontekstdə Ümummilli Lider Heydər Əliyevin idarəçiliyinin digər önəmli xüsusiyyətləri Azərbaycanın bütün əsas sahələr üzrə inkişafının yeni mərhələsinə qədəm qoyması, sözün əsl mənasında, öz intibah dövrünü yaşaması olmuşdur. İqtisadi asılılığın aradan qaldırılmasının siyasi müstəqilliyin təməlində duran əsas amillərdən biri olduğunu aydın görən Ulu Öndər respublikanın istehsal potensialının mühüm hissəsinin ittifaq şəbəkəsindən ayrılaraq əsaslı şəkildə müstəqilləşdirilməsi, Azərbaycanın iqtisadi muxtariyyətinin təmin edilməsi, sənaye potensialının güclənməsi, təhsil sferasında yeni inkişaf mərhələsinin əsasının qoyulması, xalqın uzaq gələcəyini nəzərdə tutan milli kadr potensialının, o cümlədən nadir ixtisaslar üzrə mütəxəssis kontingentinin yaradılması kimi möhtəşəm nailiyyətlərə imza atmışdır.
Ulu Öndər həmin dövrdə azərbaycanlıların keçmiş SSRİ-nin nüfuzlu ali təhsil ocaqlarında təhsili üçün səylə çalışır, respublikamıza ayrılmış müsabiqədənkənar yerlərin sayının artırılmasını Moskvadan israrla tələb edir, əksər hallarda buna nail olurdu. 1970-ci ildə respublikadan kənara oxumağa göndərilən belə tələbələrin sayı əgər 60 nəfər idisə, 1975-ci ildə onların sayı 600 nəfərə, 1978-ci ildə 800-900 nəfərə çatmışdı. Beləliklə, SSRİ-nin müxtəlif ali təhsil müəssisələrinə göndərilənlərin sayı o zaman təxminən Azərbaycan Dövlət Universitetinə bir il ərzində qəbul olunanların sayına bərabər idi. Ümummilli Lider Heydər Əliyev çox sonralar – 1997-ci ildə keçmiş SSRİ-nin müxtəlif universitetlərində ali təhsil almış məzunlarla görüşündə bununla bağlı demişdir: “Azərbaycanda kadr hazırlığı məsələsi ilə şəxsən, bilavasitə ciddi məşğul olarkən və o cümlədən sizləri respublikamızdan kənarda ali məktəblərə göndərərkən mütləq və mütləq Azərbaycanın gələcəyini, müstəqilliyini düşünürdüm. O vaxt mən inanırdım: vaxt gələcək ki, bu kadrlar müstəqil Azərbaycana lazım olacaqdır. Vaxt gələcəkdir ki, nəhayət, Azərbaycan müstəqil olacaqdır və bu kadrlar Azərbaycanın müstəqilliyini təmin edəcəklər”.

Fəaliyyəti ilə zaman və məkanın fövqündə dayanan tarixin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biri kimi Ulu Öndər Azərbaycanın inkişafında qazandığı uğur və nailiyyətlərin davamlı olmasını təmin etmək üçün böyük fədakarlıqlar göstərmişdir. Bunun ən bariz göstəricilərindən biri də Ulu Öndərin özündən sonra ölkəmizə layiqincə rəhbərlik edərək qazanılan uğurların davamlılığını təmin edəcək, xalqın alternativsiz liderinə çevriləcək davamçı – siyasi varis yetişdirməsindədir.
XX əsrin sonlarına doğru müstəqil dövlətçiliyin bərpasına nail olmuş, onu möhkəmləndirərək yeni inkişaf magistralına çıxarmış müdrik xalqımız taleyini məhz qəlbən inandığı, etimad göstərdiyi siyasi liderə etibar etmişdir. “Əsl siyasət – konkret, real iş görməkdən ibarətdir” deyərək fəaliyyətə başlayan cənab İlham Əliyev hələ 2003-cü ildə verdiyi vədə sadiq qalaraq ötən 15 illik fəaliyyəti ilə hər bir Azərbaycan vətəndaşının layiqli Prezidenti olduğunu sübuta yetirmişdir. 2003-cü ildən etibarən Azərbaycanın iqtisadi sahədə həyata keçirdiyi siyasətin uğurlarını şərtləndirən əsas amillərdən biri də məhz inkişafın mərkəz və regionlar üzrə tarazlı xarakter daşıması, rentabelli istehsal sahələrinin ölkənin bütün regionlarını əhatə etməsi, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, infrastrukturun yeniləşdirilməsi tədbirləri ilə sıx şəkildə bağlıdır. Məhz bu iqtisadi strategiya regionlarda sahibkarlığın inkişafını sürətləndirməklə, oradakı əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsinə imkan yaratmışdır.

Cəmiyyətdə mütləq çoxluğun alternativsiz milli lider olaraq qəbul etdiyi cənab İlham Əliyev Azərbaycanın perspektiv inkişafı üçün qarşıda duran strateji hədəfləri inamla gerçəkləşdirmək, ölkəmizi yaxın illərdə ən müasir və inkişaf etmiş dövlətə çevirmək istiqamətində əzmlə, yorulmadan, qətiyyətlə çalışır.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Cənab Prezident İlham Əliyevin dövlət başçısı kimi nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, qətiyyətli və milli maraqlara söykənən daxili və xarici siyasəti ilk gündən ona böyük ictimai dəstək, xalqın sonsuz inam və etibarını qazandırmışdır. Prezident İlham Əliyev isə bu gücə söykənərək, xalqın inam və etimadını istinad nöqtəsi olaraq dəyərləndirmiş, qəbul etdiyi bütün taleyüklü qərarlarda yalnız xalqın mənafeyini rəhbər tutmuşdur.

Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə özünün dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır. Son 17 il sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə xarakterizə edilməklə Azərbaycan iqtisadiyyatı üçün olduqca uğurlu olmuşdur. Əldə olunan uğurları, ilk növbədə, ölkə rəhbərliyinin siyasi iradəsi və qətiyyətli addımları, ictimai-siyasi sabitliyin qorunub saxlanılması, dövlət idarəçiliyinin səmərəli təşkili, vahid dövlət siyasətinin həyata keçirilməsi, iqtisadi inkişafda əsas hədəflərin dəqiq müəyyən edilməsi, islahatların davamlı xarakter daşıması, cəmiyyətin real ehtiyaclarının ödənilməsinə yönəldilmiş dövlət proqramlarının reallaşdırılması təmin etmişdir. Bununla yanaşı, ölkənin artan imkanları hesabına insan kapitalının formalaşması, əhalinin sosial təminatının, xalqın rifahının daha da yüksəlməsinə yönəlmiş, Azərbaycan nümunəvi sosial siyasət həyata keçirən dövlətə çevrilmişdir.

Bu zaman keçidində iqtisadiyyatın dinamik inkişafı, uzunömürlü tərəqqi, dayanıqlı makroiqtisadi sabitlik təmin edilmiş, iqtisadiyyatın şaxələndirilməsinə nail olunmuş, həyata keçirilən dövlət proqramları bütün bölgələrin hərtərəfli və tarazlı sosial-iqtisadi tərəqqisinə və qeyri-neft sektorunun inkişafına yol açmışdır. Prezident İlham Əliyevin milli inkişaf doktrinasının başlıca hədəflərini təşkil edən modern və innovativ iqtisadiyyatın idarə olunması şəffaflığa və açıq cəmiyyətin təmin edilməsinə əsaslanmışdır. İqtisadiyyatın aqrar sektorunda islahatlar, kənd təsərrüfatı məhsulları istehsalçıları üçün güzəştlər və dövlət yardımı iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan vermişdir. Həmçinin, məqsədyönlü sosial tədbirlər nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, rifah halının yüksəlməsinə xidmət edən uğurlu sosial dövlət modeli formalaşdırılmış, işsizliyin və yoxsulluğun səviyyəsinin aşağı salınmasına nail olunmuş, əməkhaqları, pensiya və təqaüdlər əsaslı şəkildə artırılmışdır.

Bu gün möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən yeni nəsil və modern islahatlar strategiyası Azərbaycanın dinamik inkişafını təmin edən mühüm şərtlərdən biridir. Ötən dövr göstərdi ki, ölkədə vitse-prezidentlik təsisatının yaradılması və hörmətli Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi sonrakı mərhələdə vətəndaşlara dövlət diqqəti və qayğısının gücləndirilməsində, cəmiyyətin bütün təbəqələrini əhatə edən uğurlu sosial siyasətin davam etdirilməsində mühüm amil olmuşdur. Birinci vitse-prezident vəzifəsinə təyinatından sonra Mehriban xanım Əliyeva dövlətin sosial siyasətinin daha uğurla həyata keçirilməsinə öz töhfələrini verməkdədir.

Nəsimi rayon sakini

Abasov Orxan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki