image-ulvibackend

Ölülər dirilmir!

image-reklam_sirab_01

Dövlət səviyyəsində təşkil olunmuş Anım Gününün birinci ildönümünü yaşadıq. Vətən müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəmanlarımızın, itkin düşən hərbçilərimizin və Ermənistanın törətdiyi müharibə cinayətləri nəticəsində qətlə yetirilən mülki insanlarımızın xatirəsinə ehtiram əlaməti olaraq Bakıda yürüş keçirildi. Yürüş iştirakçıları fotolardan ibarət plakatları başları üzərinə qaldıraraq qürurla irəliləyirdilər. Çünki əllərində tutduqları şəkillər Şəhidlik Zirvəsinə ucalan, torpaqlarımızın düşmən tapdağından azad edilməsi və milli qürurumuzun xilası naminə həyatlarını qurban vermiş həmvətənlərimizə məxsus idi. Yürüşün önündə Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva addımlayırdılar. Prezidentimiz başı üzərinə Vətən müharibəsi qəhrəmanı Adil İbrahimlinin, Mehriban xanım isə heç bir yaşı tamam olmadan erməni vəhşilərinin Gəncəyə endirdiyi raket zərbəsi nəticəsində şəhid düşən Narın Xalıqovanın foto-plakatlarını qaldırmışdılar. Dərin ehtiramla milli ləyaqət hissini bir araya gətirən bu yürüş bütün dünyaya bir daha nümayiş etdirdi ki, Azərbaycan övladlarının məğrur və qürurlu duruşu səbəbsiz deyil. Burada torpaq və Vətən uğrunda canından keçməyə hazır olan qəhrəmanlar da var, onların xatirəsini əziz tutaraq əbədi yaşadacaq xalq və dövlət də var! Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa, uzun ömür versin, əsgər və zabitlərimizə hər zaman yar olsun!
Anım Günü ərəfəsində Prezident İlham Əliyev BMT Baş Assambleyasının 76-cı sessiyasının illik ümumi müzakirələrində çıxış etdi, Rusiyanın “Nasionalnaya oborona” jurnalına və qardaş Türkiyənin Anadolu Agentliyinə müsahibələr verdi. Prezidentin BMT-dəki çıxışı və son günlərdə verdiyi müsahibələr mühüm bəyanatlarla, ciddi mesajlarla zəngindir. Onların ümumi təhlili deməyə əsas verir ki, xaricdəki bəzi dairələrin ölkəmizə göstərdiyi təsir və təzyiqlərə baxmayaraq, Prezident İlham Əliyevin mövqeyi birmənalıdır və dəyişməz olaraq qalır, çünki ədalətə və beynəlxalq hüquqa söykənir. Nə qədər paradoksal olsa da, həm ölkəmizin ərazi bütövlüyünü rəsmən tanıyan, həm də Minsk qrupunun həmsədrlik institutunda təmsil olunan böyük dövlətlərdən bəziləri separtçı rejimin statusu ilə bağlı keçmiş gündəliyi yenidən diriltməyə çalışır. Dövlətimizin başçısı istər BMT-də çıxışı zamanı, istərsə də son müsahibələrində, eləcə də Anım Günündə xalqımıza ünvanladığı müraciətdə bu cəhdi edənlərə kəsərli cavab verdi. Prezident İlham Əliyev BMT-nin 76-cı sessiyasında dünya dövlətlərinə çağırış etdi:“Fürsətdən istifadə edərək, mən BMT-yə üzv dövlətləri və BMT Katibliyini ərazilərimizə istinad edərkən hüquqi cəhətdən mövcud olmayan, siyasi baxımdan qərəzli və manipulyasiya xarakterli adların istifadəsinə yol verməməyə çağırıram”. Prezident “Nasionalnaya oborona” jurnalına müsahibəsində də bu məsələni bir daha qabartdı: Təssüf ki, hələ də “Dağlıq Qarabağ”ın statusu barədə məsələlər qaldırılır, bu isə tamamilə perspektivsiz və mənim fikrimcə, Ermənistanın hazırkı faciəvi vəziyyətində onun üçün zərərli və təhlükəlidir… Əgər Ermənistan Azərbaycana qarşı ərazi iddialarını davam etdirsə, Azərbaycanın Ermənistana qarşı ərazi iddialarından çəkinməsi çətin olacaq”. Bəyanatın ikinci hissəsi xüsusilə diqqət çəkir, çünki bu bəyanat Ermənistanı özünün müttəfiqi hesab edən və onunla eyni hərbi blokda təmsil olunan Rusiyanın nüfuzlu, kifayət qədər ciddi oxucu auditoriyası olan jurnalına müsahibə zamanı bildirildi. Əslində, bu bəyanat həm də o deməkdir ki, əgər Ermənistan ağılsız davranışından və əsassız iddialarından imtina etməsə, onun arxasında hansı qüvvələrin dayanmasından asılı olmayaraq, Azərbaycan öz milli maraqlarıının və ərazi bütövlüyünün müdafiəsində bir an belə tərəddüd etməyəcək. Prezident Anadolu Agentliyinə müsahibəsində Azərbaycanın bu mövqeyini həm qardaş Türkiyənin, həm də dünya birliyinin diqqətinə bir daha çatdırdı: “Mən demişəm, bir daha demək istəyirəm ki, əgər kimsə “Dağlıq Qarabağ”a status vermək istəyirsə, öz ölkəsində bir ərazi versin, orada bir qurum yaratsın, ya cümhuriyyət yaratsın, onların müstəqilliyini tanısın, biz də tanıyaq. Amma Azərbaycan ərazisində yox!”. Dövlətimizin başçısı Anım Günü ilə bağlı xalqımıza etdiyi müraciətində də Ermənistandan oyuncaq kimi istifadə edənlərə bir daha xatırlatdı ki, onların statusla bağlı bütün cəhdləri əbəsdir, özlərini boş yerə yormasınlar: “Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi mövcud deyil və əgər kimsə “Dağlıq Qarabağ” adlı ölünü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində “Dağlıq Qarabağ” adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyaq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm-Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır”…

 

Prezidentin səsləndirdiyi bəyanatların və mesajların fonunda “Nasionalnaya oborona” jurnalına verdiyi müsahibə bir neçə incə məqamı ilə xüsusi diqqət çəkir. Dövlətimizin başçısı məhz Rusiyanın mətbu orqanına müsahibəsində İsrailin “ Orbiter”, “Harop”, “ Sky Striker” və qardaş Türkiyənin “ Bayraktar TB2” PUA-larına geniş yer ayırdı. Rusiya dünyanın aparıcı dövlətləri ilə hərbi sənaye sahəsində və silah bazarında rəqabət aparır. Belə bir vəziyyətdə, Azərbaycanın başqa ölkələrdə istehsal olunan ən müasir PUA-lara və digər silah növlərinə üstünlük verməsi, bu haqda açıq danışılması, heç şübhəsiz, hərbi ekspertlər və rəsmi dairələr üçün ciddi mesajdır. Prezident İlham Əliyev Zəfər Paradında nümayiş etdirilən və daha sonra bir qismi Hərbi Qənimətlər Parkında eksponat kimi sərgilənən düşmənin döyüş texnikasının Rusiya istehsalı olduğunu nəzərə alaraq, diplomatik nəzakət nümunəsi göstərdi və belə bir açıqlama verdi:“Bayraktar”lar artıq düşməni dəhşətə gətirirdi və qənimət kimi götürdüyümüz tankların çoxunu biz döyüşdə götürməmişik. Yəni erməni tanklarının heyəti müəyyən mövqeyə çıxır, sonra həmin tanklardan tullanıb hərə bir tərəfə qaçırdı, çünki tankın üstünə “Bayraktar”lar düşəcəyindən qorxurdular”.Yəqin ki, Bakıda Hərbi Qənimətlər Parkının açılışından sonra bu hadisənin bəzi Avropa dövlətləri ilə yanaşı, şimal qonşumuzda da qıcıqla qarşılandlğını unutmamışıq. Müsahibədə ən önəmli məqamlardan biri də Prezidentimizin səsləndirdiyi bu açıqlamadır: “Müharibə dövründə biz 366 tankı, böyük miqdarda zirehli texnikanı və artilleriya toplarını məhv etdik və qənimət kimi götürdük”. Dövlətimizin başçısı hələ bu müsahibəyə qədər həmin rəqəmi iki dəfə ictimailəşdirmişdi. Özü də düşmənin məhv edilən və qənimət kimi götürülən digər texnikası ilə bağlı konkret rəqəmləri səsləndirmədən, məhv edilən tankların məhz 366-ya bərabər olduğunu vurğulamışdı. Prezident İlham Əliyev “Nasionalnaya oborona” jurnalına müsahibədə bu məqamı bir daha eyni şəkildə qabartdı. Birinci Qarabağ müharibəsi ilə bağlı 366 rəqəminin cəmiyyətimizdə hansı hadisə ilə assosiasiya olunduğu bu gün heç kim üçün sirr deyil. Dövlətimizin başçısı statusunun yüksək səviyyəsinə uyğun tərzdə məhz o rəqəmi səsləndirməklə, əslində, hər kəsə çatdırdı ki, xalqımızın qan yaddaşı heç kimi və heç nəyi unutmayıb…

 

Prezidentimizin son bir neçə gündə statusla bağlı birmənalı mövqeyini davamlı şəkildə səsləndirməsi, heç şübhəsiz ki, səbəbsiz deyil. Görünür, ölünü diriltməyə çalışanların canfəşanlığı son vaxtlar diqqəti daha çox cəlb edir. Dövlətimizin başçısı bu cür avantürist cəhdi ölünü diriltmək “əməliyyatı” ilə eyniləşdirdikdən sonra, inanmaq istərdik ki, bunu edənlər, nəhayət, ayılacaqlar. Dərk edəcəklər ki, təbiət qanunlarının əleyhinə getmək mənasız işdir, çünki ölülər fani dünyada heç vaxt dirilmir!

 

Prezident İlham Əliyev Türkiyə və Rusiya Prezidentlərinin görüşü ərəfəsində Anadolu Agentliyinə verdiyi müsahibədə İranın səmimi qonşuluq münasibətlərinə sığmayan son davranışlarına haqlı etirazını bildirdi və qonşularımıza belə bir mesaj göndərdi: “Ümid edirik, bizim legitim addımlarımıza emosional reaksiya, yəqin ki, müvəqqəti xarakter daşıyır”. Əgər cənub qonşumuz işğal dövründə 67 məscidimizdən 65-ni dağıdaraq onları təhqir edən, məzarlarımızda goreşənliklə məşğul olan bir ölünün diriltmə “əməliyyatında” iştirakını davam etdirəcəksə, müsəlman qardaşlarının yanında yer almayacaqsa, deməli, bu ölkədə də siyasi maraqlar və mifik təhlükələr inancdan və dinimizdən üstün tutulur. Bu,müqəddəs kitabımız olan Quranda buyrulanlara ziddir, indiki İranda bunu daha yaxşı bilməliydilər. Ümid edək ki, Allahın buyurduğu kimi yaşadıqlarını bəyan edənlər buyrulana əməl edəcəklər…

 

Ülvi Quliyev

Milli Məclisin deputatı

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki