image-photo-2022-05-10-00-05-59-2backend

Ordu quruculuğuna diqqət

image-reklam_sirab_01

Ümummilli liderimiz Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra dövləti və dövlətçiliyi inkişaf etdirən islahatlara başladı. Qısa müddət ərzində həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizin həyatının bütün sahələrində, o cümlədən ordu quruculuğu istiqamətində dönüş yarandı.
Son illər ölkəmizdə sosial-iqtisadi sahələrdə görülən işlərlə paralel olaraq, hərbi quruculuq məsələləri də inkişaf etdirilir. Türkiyə, Rusiya, Pakistan, İsrail kimi ölkələrdən müasir və ən yüksək standartlara cavab verən silahlar alınaraq, ordumuzun texniki bazası gücləndirilir. Həmçinin daha hazırlıqlı qoşun növləri olan komando birliklərinin sayı artırılır. Artıq bir neçə komando hərbi hissəsi yaradılıb ki, bunlar da dağ-meşə relyefində döyüşə və düşmənin istənilən təxribatlarına adekvat cavab verə bilən hazırlıqlı qoşun növlərindən ən optimalıdır. Komando qüvvələrinin tərkibində xidmət keçən hərbçilərimiz həm Türkiyədə, həm də ölkəmizdə intensiv hazırlıqlar və təlimlər kursların­da olur, bilik və bacarıqlarını daha da artırırlar. Orduda islahatların intensivliyi göstərir ki, Azərbaycanda yeni, müasir, hazırlıqlı ordu korpusları yaradılır və hərbi qüvvələrimiz getdikcə daha mobilləşdirilir.
Prezident İlham Əliyevin ötən ilin dekabr ayında Hadrutda yeni hərbi hissənin açılışını etməsi də göstərdi ki, strateji əhəmiyyət daşıyan bu bölgədə Silahlı Qüvvələrimizin daha da gücləndirilməsi, ordumuzun təchizatı üçün ən müasir silah-sursatın, hərbi texnikaların gətirilməsi vacib şərtdir. Bu hərbi hissənin açılması və burada yeni hərbi birləşmənin – komando briqadasının yaradılması bizim üçün yenilik olmaqla yanaşı, həm də hərbi gücümüzün artırılmasının göstəricisidir. Bu briqadalar lokal və irimiqyaslı hərbi əməliyyatların icra edilməsində mütəşəkilliyi ilə fərqlənə bilən qoşun növüdür.
Artıq ölkəmizdə sayca 3-cü olan Xocavənd rayonunun Hadrut qəsəbəsində komando hərbi hissəsi istifadəyə verilib.
Tanınmış hərbi ekspert Ədalət Verdiyev hesab edir ki, açılışı olan 3 ko­mando hərbi hissəsinin gücü komando korpusu gücü ilə müqayisə edilməlidir. Belə bir ciddi imkan və potensiala malik birləşmənin məhz işğaldan azad olunmuş ərazilərdə yaradılması Ermənistana da bir mesaj ola bilər.
Türkiyədə təlim keçmiş bu koman­dolar Xüsusi Təyinatlı Qüvvələrdən sonra Azərbaycan Ordusunun mo­toatıcı və kəşfiyyat bölmələrindən üstün imkanlara malikdirlər. Bu ba­xımdan, komandoların yaradılması həm də Xüsusi Təyinatlı Qüvvələrin daha da güclənməsinə səbəb olacaq. Azərbaycan Ordusunda peşəkarlığın ar­tırılması, həmçinin digər bölmələrlə qar­şılıqlı tapşırıqların daha effektiv yerinə yetirilməsi məqsədilə yaradılan koman­do hərbi hissələri hərbi birləşmələrin fəaliyyətinə də kömək edəcək.
Qeyd edək ki, Türkiyədə “Komando hazırlığı kursu” keçmiş hərbçilər xüsusi kurslarda əlbəyaxa döyüş növlərinə yiyələnməklə yanaşı, paraşütlə atıl­maq, dağ xizəkçiliyi, snayper və digər fiziki hazırlıq kurslarından keçirlər. Kursu uğurla bitirən heyət koman­do bölmələrinə daxil edilir və onlara beretlər təqdim olunur.
Öz ənənəsinə sadiq qalaraq ad gününü – 60 illik yubileyini əsgərlərlə birlikdə keçirən Prezident İlham Əliyev hərbçilər qarşısında çıxış edərək, Hadrut döyüşlərini, qəsəbənin strateji əhəmiyyətini vurğulayaraq bildirdi ki, əgər Ermənistan yenidən Azərbaycan üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onun axırı İkinci Qarabağ müharibəsindəki kimi olacaq, xalqımı­za, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaradılmasına imkan verilməyəcək: “Hadrutda yeni hərbi hissənin açılması çox əlamətdar hadisədir. Ona görə ki, bu bölgə strateji əhəmiyyət daşıyır. Hadrutda bizim güc­lü silahlı birləşməmiz təhlükəsizliyimizi qoruyacaq. Digər tərəfdən, Hadrut azad edilmiş keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmuş yerdə yerləşir. Eyni zamanda, bu hərbi hissənin ən böyük əhəmiyyəti ondan ibarətdir ki, biz müharibədən sonra ordu quruculuğu prosesini dayandırmamışıq və orduya ayrılan xərcləri azaltmamışıq, əksinə, artırmışıq. Müharibədən sonra imza­lanmış yeni kontraktlar icra edilir. Yeni kontraktlar əsasında artıq Azərbaycana ordumuzun təchizatı üçün ən müa­sir silahlar, texnikalar gətirilir. Hərbi texnikanın alınması, hərbi xərclərin, eyni zamanda, hərbçilərin maaşlarının artırılması onu göstərir ki, müharibə başa çatsa da, ordu quruculuğu prosesi dayanmayacaq”.
Ordu quruculuğu istiqamətində görülən işlərə Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində bir daha toxunuldu. Dövlətimizin başçısının Ermənistanla münasibətlər yaxşılaşsa da, hərbi arsenalımızı gücləndirəcəyimizlə bağlı fikirləri də bunun əyani sübutu idi. Bunu müharibədən ötən bir il ərzində artıq bir neçə dəfə Ermənistan ordusundakı revanşist qüvvələrin imkan düşdükcə təxribatlar törətməsi cəhdinə cavab kimi də qeyd etmək olar. Əlbəttə, qarşı tərəfin işğalçı, revanşist dav­ranışlarına rəğmən, Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla sülh və normal qonşuluq əlaqələrinin başlana biləcəyini bəyan etdi. La­kin bu fikirlərdən sonra deyilənlər ermənilərin ölkəmizin sülhsevər dövlət olduğundan maksimum ya­rarlanmaq arzularının da üzərindən xətt çəkir. Belə ki, dövlətimizin başçısı Ermənistan hakimiyyətinə, cəmiyyətinə ciddi xəbərdarlıq edərək, Azərbaycanın sülh çağırışlarına cavab verməyəcəkləri təqdirdə, bu təklifin uzun müddət masada qalmayacağını vurğuladı. Bu qətiyyətli xəbərdarlığın arxasında iqtisadi amillərlə yanaşı, bütün təxribatlara adekvat cavab verə biləcək hərbi amillərin də ol­ması istisna deyil. Azərbaycan Or­dusunun qalib olduğu müharibədən sonra daha da güclənməsi faktoru bu barədə Ermənistan tərəfini ciddi düşündürməlidir.
Dünyanın hər bir xalqının öz xilaskar ordusu ilə öyünməyə, qürur duymağa haqqı var. Qəhrəman Azərbaycan xalqı da öz qüdrətli ordusu ilə öyünür, fəxr edir. Əminlik hissi ilə qeyd etmək olar ki, zabit və əsgərlərimiz döyüş meydanlarında böyük hünər və rəşadət göstərərək, adlarını xalqımızın qəhrəmanlıq tarixinə böyük hərflərlə yazacaqlar.
Xalqımızın tarixində layiqli yer tutan dahilər, bacarıqlı sərkərdələr və dövlət xadimləri çox olub. Onların xalqımıza olan misilsiz və əvəzsiz xidmətləri həmişə dönə-dönə xatırlanır, heç vaxt yaddan çıxmır. Xalq belə böyük və rəşadətli oğullarını zaman-zaman xatırlayıb hörmətlə yad edir. XX yüzillikdə xalqımızın böyük və nəhəng tarixi şəxsiyyətlərindən biri də ümummilli liderimiz, dahi şəxsiyyət Heydər Əliyevdir. Nə qədər ki, Azərbaycan xalqı var, Heydər Əliyev də yaşayacaq. Azərbaycan xalqı isə həmişə var olacaq, tarix durduqca yaşayacaq. Xalqımız daim ulu öndər Heydər Əliyevin irsini öyrənir və bundan sonra da öyrənməkdə davam edəcək. Çünki Ulu Öndərin irsi xalqımıza xoşbəxtlik gətirib.

Hüseynli Billurə
Nəsimi rayon sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki