image-8b7e5d35-985c-4645-9a10-194dd1760cd1backend

Ordumuz düşmənə layiqli cavab verdi

image-reklam_sirab_01

 Sentyabrın 12-dən 13-nə keçən gecə Müzəffər Azərbaycan Ordusu cəmi 7 saat davam edən “Qətiyyətli cavab” əməliyyatını həyata keçirməklə Ermənistanın uzun müddətdir qurduğu planları alt-üst etdi. Qısa vaxt ərzində düşmənin dövlət sərhədimizin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın edildi.

Həmin gecə Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən dövlət sərhədimizin müxtəlif istiqamətlərində atəşkəsin növbəti dəfə kobudcasına pozulması düşmənin avantürist planlarının bir hissəsi idi. Belə ki, hadisələrin ardıcıllığı Ermənistanın siyasi-hərbi rəhbərliyinin açıq şəkildə təxribatların baş verməsində maraqlı olduğunu göstərirdi. Son bir ay ərzində demək olar ki, hər gün Azərbaycanın Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən və Gədəbəy rayonları istiqamətlərində ordumuzun mövqeləri intensiv şəkildə atəşə tutulurdu. Bununla da ermənistan hakimiyyəti açıq şəkildə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatların müddəalarını, həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Belçikanın paytaxtı Brüsseldə keçirilmiş görüşlər zamanı əldə edilmiş razılaşmalara əhəmiyyət vermədiklərini nümayiş etdirirdilər. Məqsəd – Sülh danışıqlarını ləngitmək və pozmaq, üçtərəfli bəyanatlarla üzərinə götürmüş olduğu öhdəliklərdən yayınmaq, kommunikasiyaların açılması, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj etmək, Azərbaycan sərhədləri yaxınlığında gərginlik mühitini saxlamaq, işğaldan azad edilmiş sərhədyanı rayonlarımızda həyata keçirilən genişmiqyaslı mülki infrastruktur layihələrinin icrasına hər vasitə ilə mane olmaq.

Bütün hadisələr göstərirdi ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradır. Görünür, Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə olduğundan Paşinyan çıxış yolu olaraq daxil təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün yeni hərbi-siyasi avantüraya başlamağa qərar verdi. Sentyabrın 12-dən 13-ə keçən gecə ermənilərin növbəti avantürasının nəticələri bir daha göstərdi ki, regionda formalaşmış yeni reallığın dəyişdirilməsi isitqamətində atılan istənilən addım Ermənistanın özü üçün yeni faciələrə səbəb olacaq.

Müzəffər Azərbaycan Ordusu cəmi 7 saat davam edən “Qətiyyətli cavab” əməliyyatını həyata keçirməklə Ermənistanın qurduğu planları alt-üst etdi. Qısa vaxt ərzində düşmənin dövlət sərhədimizin Laçın, Kəlbəcər və Zəngilan istiqamətində qurduğu və Azərbaycanın təhlükəsizliyinə təhdid yaradan bütün hərbi təyinatlı obyektləri darmadağın edildi. Çoxlu sayda hərbi texnika, ümumi dəyəri yarım milyard ABŞ dollarından artıq olan iki S-300 zenit-raket kompleksi, 400 nəfərdən artıq canlı qüvvə, müxtəlif hərbi obyektlər və onlarla post məhv edildi. Hazırda erməni hərbi hospitallarında və mülki xəstəxanalarında yüzlərlə yaralı var. Darmadağın edilmiş həmin hərbi obyektləri bərpa etmək üçün Ermənistana ən azı 4-5 il vaxt lazımdır. Ən əsası isə əks-hücum əməliyyatı zamanı Silahlı Qüvvələrimizin bölmələri həmin bölgədə bütün nəqliyyat-kommunikasiya sistemini, çox mühüm yüksəklikləri vizual və atəş nəzarətinə götürüb. Bununla da düşmənin ölkəmizə qarşı hər hansı real təhlükə imkanları yox edilib.

“Qətiyyətli cavab” əks-hücum əməliyyatı Ermənistanın ölkəmizə və hərbi bölmələrimizə qarşı ardıcıl həyata keçirdiyi təxribatların hansı acı nəticələrə gətirib çıxaracağını bir daha göstərmiş oldu. Odur ki, düşmən nəhayət başa düşməlidir ki, hər belə hərbi təxribat yalnız onun özünə ziyan vuracaq və heç bir zaman kiməsə, hansı qüvvələrəsə arxalanıb ölkəmizi şantaj edə bilməz. Düşmən anlamalıdır ki, bu gün Azərbaycanın təkcə Cənubi Qafqazda deyil, bütün dünyada öz qüdrəti ilə seçilən güclü ordusu, layiqli dost və tərəfdaşları var.

Təəssüf ki, Ermənistanın son təxribatı nəticəsində həyata keçirilən “Qətiyyətli cavab” əməliyyatı itkisiz ötüşmədi. Vətən sevgisini öz canından artıq bilən onlarla qəhrəman əsgər və zabitimiz doğma torpağımızın müdafiəsi zamanı müqəddəs şəhidlik zirvəsinə ucaldılar.

Allah şəhidlərimizə rəhmət eləsin.

 

 

 Bəhrən Ağakişiyev – ehtiyatda olan polkovnik

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki