image-photo-2022-06-24-09-50-15backend

Ordumuz-Qürurumuz

image-reklam_sirab_01

Dövlətin qüdrətini şərtləndirən amillər arasında güclü ordu böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz ordu quruculuğu sahəsində böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.

Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata bildi. Hökumətin qərarı ilə 1918-ci il iyunun 26-da ilk nizami hərbi hissə – Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu kimi adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdur. Həmin il mayın 28-də qəbul edilmiş “İstiqlal bəyannaməsi”ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. Şəxsi heyəti 1919-cu ilin sonlarında 25 min nəfər olan Azərbaycan Ordusunun 1920-ci ildə 40 min nəfərə çatdırılması planlaşdırılırdı…Sovetlər imperiyası ADR-i ilhaq etdikdən sonra hərbi nazirlik ləğv olundu, ordu quruculuğunu başa çatdırmaq mümkün olmadı. Ancaq bu addım əslində sonralar öz küllərini Zümrüd quşutək yenidən səmaya üfürüb canlanacaq bir dövlətin Müzəffər Ordsunun möhkəm atılmış təməli idi.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Heydər Əliyev Mərkəzində təşkil edilən rəsmi qəbulda çıxış edən Prezident cənab İlham Əliyev qazanılan bu uğuru müstəqillik dövrünün ən böyük nailiyyətlərindən biri kimi səciyyələndirmişdir: “1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır. Azərbaycanda təhlükəsizlik tam təmin edilibdir. Azərbaycan bu gün müstəqil ölkə kimi dünya miqyasında ən sabit ölkələrdən biridir”.

“XX əsrin sonlarından başlayaraq istər Azərbaycanda, istərsə də bölgədə və dünyada cərəyan edən proseslər belə bir həqiqəti ortaya qoydu ki, ölkənin müstəqilliyinin qorunması, onun dünya birliyində layiqli yer tutması aparılan məqsədyönlü mübarizənin məntiqi nəticəsidir. Mübarizə deyiləndə heç də yalnız silahlı mübarizə nəzərdə tutulmur. Ölkənin müstəqilliyinin, azadlığının qorunması üçün düzgün siyasi strategiyanın müəyyənləşdirilməsi və onun səmərəli şəkildə həyata keçirilməsi, milli mənafeyə xidmət edən iqtisadi inkişafın təmin edilməsi, xalqda özünəinam yaradılması, ölkənin daxili siyasi, iqtisadi, ictimai, hərbi sabitliyinin bərqərar edilməsi, əsaslandırılmış xarici siyasətin həyata keçirilməsi, bütünlükdə milli maraqların qorunmasını və inkişafını nəzərdə tutan kompleks tədbirlər və bütün bunların həyata keçirilməsi üçün ardıcıllıq nümayiş etdirilməsi özü də mübarizənin bir formasıdır.”

“Hər daşından alov dilli ox olan” Azərbaycanın Ulu Öndəri Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Bu prosesin başlanması müstəqil Azərbaycanın yenidən ruh tapması demək idi. Heydər Əliyev 1971-ci ildə böyük zəhmətlər bahasına Azərbaycanda hərbi kadrlar hazırlayan məktəbin –görkəmli sərkərdə Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi liseyin yaradılmasına nail oldu. Bu məktəbin fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı.

1993-cü ilin yayında Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində daha mühüm addımlar atıldı. Heydər Əliyev Bakıya dəvət olunanda  Azərbaycan Ordusunda ağır böhran mövcud idi. Bu böhranın xarakterik tərəfləri aşağıdakılardan ibarət idi:

– orduya dövlət rəhbərliyi təmin edilməmişdi;

– ordu quruculuğu ilə bağlı dövlətin aydın proqramı yox idi;

– dövlət və ordu bir-birindən ayrı düşmüşdü;

– ordu siyasi işlərə cəlb edilmişdi;

– ordu daxilində siyasi mənsubiyyətə və məqsədlərə görə parçalanma yaranmışdı;

– ordu daxilində xaos, özbaşınalıq, qanunsuzluqlar baş alıb gedirdi;

– sovet ordusundan miras qalmış hərbi əmlakın böyük bir hissəsi məhv edilmişdi;

– orduya çağırış işi özbaşına buraxılmışdı;

– ordunun döyüş qabiliyyəti zəruri tələblərə cavab vermirdi;

– orduya vahid komandanlıq təmin edilməmişdi.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev məhz belə bir şəraitdə xilaskarlıq missiyasını öz üzərinə götürdü və respublikanı addım-addım bu dərin böhrandan çıxarmağa başladı və tarix üçün kifayət qədər qısa bir zamandan sonra Azərbaycanın hərbi təhlükəsizliyinin təmin edilməsi üçün real qüvvələri formalaşdıra bildi.

Onun səmərəli fəaliyyəti bir daha göstərdi ki, təşəbbüskarlıq, ardıcıllıq, qətiyyət, yorulmazlıq, prinsipiallıq ordu quruculuğuna rəhbərlik edən dövlət rəhbərinin ayrılmaz xüsusiyyətləri olmalıdır. Bu keyfiyyətlərin səmərəli uzlaşdırılmasının özü də mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə ilk ordu hissəsi “Əlahiddə Azərbaycan korpusu”nun təşkil olunduğunu əsas tutaraq müstəqil Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaranması gününü qeyd etmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin  22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edildi.

Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi ilə müşayiət olunması cənab Prezidentin Ordu quruculuğu ilə əlaqədar öz vədinə sadiq olduğunu təsdiq edir. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qayğısı sayəsində son illərdə ordunun döyüş qabiliyyəti daha da yüksəlmiş, maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılmışdır.

Bu gün Qafqazda ən müasir ordu hesab olunan Azərbaycan Milli Ordusu Hərbi Hava və Hava Hücumundan Müdafiə, Hərbi Dəniz və Quru qoşunlarından ibarətdir. Sözügedən qoşun növləri potensial rəqiblə qırıcı və bombardmançı təyyarələrlə effektiv mübarizə aparmaq iqtidarındadır. MDB çərçivəsində Azərbaycan hava hücumundan müdafiə qüvvələrinə malik ən güclü ölkələrdən sayılır. 44 günlük Vətən Müharibəsindən sonra ordumuzun taktikaları bir çox dünya ölkələrində müzakirələrə səbəb olmuş, hətta təlimlərdə istifadə olunmağa başlanmışdır.

 

 

Hacıyeva Elnarə

Nəsimi rayonu 16 nömrəli texniki-humanitar liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi

 

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki