image-222backend

Perspektivli əməkdaşlıq

image-reklam_sirab_01

 

Məlum olduğu kimi, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev 24 avqust 2022-ci il tarixində Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Azərbaycanda rəsmi səfərdə olmuşdur. Səfər zamanı Prezident İlham Əliyev Qazaxıstan Respublikasının “Altın kıran” – “Qızıl qartal” ali ordeni ilə təltif edilmiş və həmin ali orden təqdim olunmuşdur. Bu təltif xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymət və dəyərdir.
İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaş və müttəfiqlərik.
Xarici siyasətdə iştirak etdiyimiz aparıcı beynəlxalq təşkilatlarda geniş əhatəli məsələlər üzrə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu əməkdaşlıq gələcəkdə də davam edəcəkdir.
Işğaldan azad olunmuş Qarabağın yenidən qurulmasında Qazaxıstanın iştirakı dostluğumuzun bariz təzahürüdür. Belə ki, Qazaxıstanın Azərbaycana hədiyyəsinin-işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü və humanitar əməkdaşlığın daha bir elementidir. Bu əməkdaşlıq da uğurla inkişaf edir. Mərkəzin Füzuli şəhərində tikilməsi nəzərdə tutulumuşdur. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənmiş və artıq yaşayış fondunun ilk tikililəri başlamışdır.
Ölkəmizin nəqliyyat-logistika infrastrukturunun inkişafı ilə bağlı böyük planları vardır. Bu infrastrukturun yaradılması üçün vaxtında həm Qazaxıstanda, həm də Azərbaycanda lazımi tədbirlər görülmüşdür. İndi ölkələrimiz arasında yük axınının birləşdirilməsi və onun həcminin artırılması, tranzit potensialının yüksəldilməsi barədə söhbət gedir. Orta Dəhliz layihəsi həyata keçirilir. Orta Dəhliz çox böyük perspektivə malikdir və əlbəttə, bu layihənin həyata keçirilməsində Qazaxıstanın və Azərbaycanın çox mühüm rolu vardır.
Qazaxstanla Azərbaycan arasında iqtisadi-ticari münasibətlərin inkişafı xüsusi diqqət mərkəzindədir. Cari ilin birinci rübündə ölkələr arasında ticarət dövriyyəsi keçən ilki göstərici ilə müqayisədə 3 dəfə artmışdır. Əmtəə dövriyyəsinin artırılması üçün hələ böyük ehtiyatlar vardır. Gələcək iqtisadi-ticari əməkdaşlığın bəzi istiqamətləri barədə fikir mübadiləsi aparılmış, qarşılıqlı tədarüklərin artırılması məsələsi müzakirə olunmuşdur. Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti vardır. İki ölkə arasında 1 milyard dollar dəyərində əmtəə dövriyyəsinin planlaşdırılması tamamilə realdır və həyata keçiriləcəkdir.
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri zamanı tərəflər arasında 20-dən artıq sənəd imzalanmışdır. Bunların ən önəmlilərini qeyd etsək yaxşı olardı:
1. “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında 2022-2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”;
2. “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”;
3. “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”;
4. “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında 2023-2024-cü illər üzrə Əməkdaşlıq Planı”;
5. “Azərbaycan Respublikasının Hökuməti ilə Qazaxıstan Respublikasının Hökuməti arasında ticarət-iqtisadi əməkdaşlıq haqqında Saziş”;
6. “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə Qazaxıstan Respublikası İnformasiya və İctimai İnkişaf Nazirliyi arasında Anlaşma Memorandumu”;
7. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
8. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyi arasında tranzit yükdaşımaları sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”;
9. “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qazaxıstan Respublikasının Rəqəmsal İnkişaf, İnnovasiya və Aerokosmik Sənaye Nazirliyi arasında informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu”.
Imzalanmış bu sənədlər iki ölkə arasındakı iqtisadi, ticarət, siyasi, mədəni, nəqliyyat, kommunikasiya, elm, təhsil, xarici siyasət və digər sahələrdəki əlaqələri daha da inkişaf etdirəcəkdir.
Ölkələrimiz arasında imzalanmış “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” xüsusi əhəmiyyətə malikdir. Birgə Bəyannamədə Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapmışdır. Həmçinin, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilmişdir. Bu da Orta Dəhlizin tərkib hissəsi kimi nəzərdə tutulmuşdur.

 

Rüstəmova Aybəniz Vilayət qızı, Avrasiya Universitetinin Humanitar fənlər və regionşünaslıq kafedrasının müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki