Böyük Britaniyadan göndərilən tank əleyhinə idarə olunan raketlərlə rəftar üzrə hərbçilərə təlim keçmək üçün Ukraynaya göndərilmiş britaniyalı hərbi təlimatçılar fevralın 12-13-də ölkəni tərk etməyə başlayacaqlar.
Veteninfo.az BBC-yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirinin müavini Ceyms Hippi danışıb.
“Onların hamısı çıxarılacaq. Ukraynada münaqişə halında heç bir britaniyalı hərbi qulluqçu qalmayacaq”, – C.Hippi vurğulayıb.
Qeyd edək ki, ötən gün “Politico” nəşri ABŞ Prezidenti Cozef Baydenin sözlərinə istinad edərək Ukraynada müharibənin fevralın 16-da başlaya biləcəyini bildirib. Eyni zamanda bir sıra beyin mərkəzləri Ukrayna və Rusiya arasında qarşıdurmanın hazırda davam edən Qış Olimpiya Oyunları zamanı baş verə biləcəyini qeyd ediblər.