image-1618235013040_x0lymrdsbackend

Prezident: “Bütün təzyiqlərə, bütün cəhdlərə baxmayaraq, Qarabağ məsələsində bir faiz güzəştə getmədim”

image-reklam_sirab_01

“Mən 2003-cü ildə hakimiyyətə gələrək, Prezident vəzifəsinə başlayaraq söz vermişdim ki, ərazi bütövlüyünü qoruyacağam və bu sözə əməl etdim. Azərbaycanın ərazi bütövlüyü 17 il ərzində qorundu”.

Veteninfo.az  xəbərinə görə, bunu Prezident, Ali Baş Komandan İlham Əliyev Hərbi Qənimətlər Parkı ilə tanışlıqdan sonra təltif olunan hərbi qulluqçularla görüşündə deyib.

Prezident bildirib ki, düşmənin bütün cəhdlərinə baxmayaraq, hər hansı bir güzəşt edilmədi: “Halbuki təzyiqlər də olmuşdur, təhdidlər də olmuşdur. Mənə qarşı çevriliş cəhdləri olmuşdur. 2003-cü ildə Azadlıq meydanında AXC-Müsavat cütlüyünün tör-töküntüləri hərbi çevriliş etmək istəmişdilər, alınmadı, xalq dəstəkləmədi. 2005-ci ildə Azərbaycanda “narıncı inqilab” təşkil etmək istəmişdilər. Artıq başlarına narıncı bantlar bağlamışdılar. Narıncı çadırlar gətirilmişdi. Nə idi məqsəd? Məqsəd satqınları hakimiyyətə gətirmək, onların əli ilə Qarabağı ermənilərə vermək və Azərbaycana rəhbərlik etmək. Mən bunu qoymurdum. Ona görə bəzi xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik. O vaxt da “narıncı inqilab” dəbi var idi. Orada-burada inqilablar baş verirdi. Bu inqilabların axırı nə oldu, indi hər kəs görür. Ölkələr bərbad vəziyyətdədir, böhrandan çıxa bilmirlər, artıq 15-17 ildir böhran hökm sürür. O ölkələrin böhrandan çıxma ehtimalı çox aşağıdır. Yenə də xalq arxamda durdu. Yenə də xalq müstəqil siyasəti dəstəklədi. Bütün təzyiqlərə, bütün cəhdlərə, – ondan sonra da cəhdlər olmuşdu, – baxmayaraq, Qarabağ məsələsində bir faiz güzəştə getmədim. Bunun əksinə, 2003-cü ildə Prezident seçiləndən sonra demişdim ki, artıq nə danışılıb, qalsın kənarda. Mən bunu tanımıram. Sıfırdan başlamalıyıq danışıqlara, sıfırdan. Bütün təzyiqlərə baxmayaraq, buna nail oldum. Məhz bunun nəticəsində Madrid prinsipləri ortalığa çıxdı. Bəli, Madrid prinsipləri bizi tam qane etmirdi. Mən bunu gizlətmirəm. Ancaq Madrid prinsiplərinin əsasında bizim torpaqlarımızın azad edilməsi nəzərdə tutulurdu. Mən dəfələrlə demişdim ki, heç vaxt ölkəmizin ərazi bütövlüyü danışıqlar mövzusu olmayıb, olmayacaq və həyat bunu təsdiqlədi. Mənim o vaxt danışıqların uğurla başa çatmasına inamım var idi. Çünki mən bu vəzifəyə təzə seçilmişdim, hələ böyük siyasətin, riyakarlığın nə dərəcədə geniş vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, kim, hansı tərəfmüqabil nəyi deyirsə, o da həqiqətdir. Sonra anladım ki, bütün bu illər ərzində bizi aldatmağa çalışmışlar. Məsələni həll etmək yox, dondurmaq istəmişdilər. Bu məsələ ilə bilavasitə məşğul olan beynəlxalq qurumlar bu torpaqları erməni tapdağının altında daim saxlamaq istəmişdilər. Onu sonra anladım”.

Ali Baş Komandan deyib ki, ancaq bununla paralel olaraq danışıqlar apararaq, eyni zamanda, hazırlıq işləri də gedirdi: “Mən bunu gizlətmirdim. Dəfələrlə demişdim ki, əgər məsələ sülh yolu ilə həll olunmasa, biz bunu hərbi yolla həll edəcəyik. Nəticədə də belə oldu. Nə demişəmsə, onu da etmişik. Bütün bu illər ərzində demişdim ki, bizim torpağımızda heç vaxt ikinci erməni dövləti yaradıla bilməz. Demişdim ki, birinci erməni dövləti bizim tarixi torpağımızda yaradılıbdır. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin ilk qərarlarından biri də İrəvanı Ermənistana vermək, paytaxt düzəltmək idi. Mən bunu qınamışam. Demişəm ki, bu xəyanət idi, satqınlıq idi, bağışlanmazdır. Azərbaycan Xalq Cümhuriyyətinin Azərbaycan xalqı qarşısında böyük xidmətləri var. Ancaq biz tarixi malalamamalıyıq, bilməliyik tarixi. Bilməliyik, 1918-1920-ci illərdə ki, Azərbaycan Xalq Cümhuriyyəti fəaliyyət göstərirdi, müstəqilliyimiz yarımçıq idi. İrəvanı verdik Ermənistana. Halbuki buna o vaxt İrəvandan olan nümayəndələr etiraz edirdilər. Onların səsinə fikir verən olmamışdı. Azərbaycan Xalq Cümhuriyyəti tam hakimiyyəti təmin edə bilmirdi. İngilis generallar burada meydan sulayırdılar. Hətta bizim bayrağımızı təsdiq etmək üçün ingilis generalı gərək əmr verəydi. Hər şey necə olub, elə də deməliyik. Saxta tarix uydurmamalıyıq. Həm sovet dövründə, həm də müstəqilliyin ilk illərində bizim üçün o qədər saxta tarix uydurmuşlar. Biz elə saxta tarixin girovuna çevrilmişik. Hər şeyi bilməliyik – kimin tarixdə hansı rolu var və nəticə nədən ibarətdir”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki