Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi oldu. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar. Sonra dövlət başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər. Dövlətimizin başçısı Ağalı kəndinin sakinləri ilə görüşdəki çıxışında mühüm mesajlar verdi.
Prezident İlham Əliyev çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və Müstəqillik Günü ilə bağlı fikirlərini bildirib, mövcud reallıqlara toxunub. Dövlət başçısı bəyan etdi ki, əsil müstəqillik odur ki, məhz müstəqil siyasət apara biləsən. Azərbaycan isə özünün əsl müstəqilliyinə yalnız xalqın istəyi ilə böyük dövlət xadimi Heydər Əliyev hakimiyyətə gəldikdən sonra qovuşub. Doğrudan da əldə etdiyimiz tarixi Zəfərin qiymətləndirilməsi zamanı keçdiyimiz yola baxarkən bir daha qəti əmin olmaq olur ki, bu tarixi Zəfərə yalnız müstəqil siyasət həyata keçirməklə nail olmaq mümkün ola bilərdi. Tarixi təcrübə və siyasi keçmişimizdə elə acı nümunələr var ki, məhz müstəqil milli siyasi iradənin nümayiş etdirilə bilməməsi səbəbindən başımıza gəlib. 1918-ci ildə tarixi torpaqlarımız olan Qərbi Azərbaycanın, İrəvanın, 1920-ci ildə Qərbi Zəngəzurun Ermənistana verilməsi hər nə qədər tarixi proseslərlə bağlı idisə, bir o qədər də həmin şərtlər içərisində müstəqil siyasətin olmaması ilə bağlı idi.
Ağalı kəndində bir il bundan əvvəl inşaat işləri başlamışdır. İndi 200 evdən ibarət gözəl kənd salınıb – “Ağıllı kənd”. Ağalı kəndində yaşayan ailələrin sayı 200-dən çoxdur. Ona görə yeni layihə təqdim edilib. Kəndin genişləndirilməsi və əlavə 150 evin inşa edilməsi, o cümlədən ikimərtəbəli, üçmərtəbəli mənzil tipli evlərin inşa edilməsi nəzərdə tutulur.
Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış oldular. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kənddə yaradılmış yeni fəvvarəni işə saldılar.
Sonra dövlətimizin başçısı və birinci xanım kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış oldular. Bundan sonra Ağalı kənddə “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək. Bunlardan məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir. “Smart DOST” sistemi ilə vətəndaşlar əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahəsində onlayn formada 100-dən çox xidmətdən şəffaf, rahat və əlçatan şəkildə faydalana biləcəklər. Məntəqəyə yaxınlaşan vətəndaşa xidmət onlayn qəbul sistemi vasitəsilə virtual olaraq, DOST agentləri tərəfindən həyata keçiriləcək. Ehtiyac yarandıqda məntəqədə vətəndaşa texniki dəstək göstərəcək əməkdaşın fəaliyyəti də nəzərdə tutulub.
Dövlətimizin başçısı və birinci xanım Ağalı kənd meydanında “Kapital Bank”ın Zəngilan filialı, “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi, uşaq bağçası və kənd orta məktəbi, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai obyektlər ilə də tanış oldular.
Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın tərkib hissələridir.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Salam Doktor” platforması üzərindən əhaliyə xidmət göstərən azərbaycanlı həkimlərlə videobağlantı vasitəsilə söhbət etdilər.
Dövlətimizin başçısına və birinci xanıma “Ağıllı kənd” layihəsinə dair stendin təqdimatında “Ernst & Young” şirkəti ilə birgə hazırlanmış “İqtisadi səmərəliliyin təhlili”nin əsas məqamları, kəndin perspektiv inkişaf planı və kənd bazarının planı, həmçinin şəhər evi tipli üç nəfərədək ailələrin məskunlaşması üçün evlərin planı barədə məlumat verildi. Ağıllı kənd” təsərrüfatı idarəetmə sistemində ən müasir texnoloji yeniliklər tətbiq olunacaq. Burada yaradılacaq iqlim stansiyaları bitki xəstəlikləri ilə bağlı erkən xəbərdarlıq əldə etməyə, suvarmanı planlı şəkildə aparmağa və hava məlumatını almağa imkan verəcək.
Zəngilan pivot suvarma sistemləri də ən müasir texnoloji yeniliklərlə təchiz olunacaq. Burada 5 pivot sistemi quraşdırılacaq ki, bu da 157 hektar ərazinin suvarılmasına imkan verəcək. Dövlətimizin başçısı və birinci xanım “Arximed” tipli hidroelektrik stansiya, alternativ enerjinin istehsalı üçün süni göl və 62 nömrədən ibarət otel kompleksində aparılan işlərlə də tanış oldular.
Hazırda Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, azad edilmiş torpaqlarımıza Böyük Qayıdış başlayıb. 10 min kvadrat kilometrdən çox ərazi nəhəng tikinti, yol-nəqliyyat və enerji kommunikasiyası meydançasına çevrilib. Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi əsasında regionumuzun sülh gündəmi müəyyən edilib, Qərbi Zəngəzur dəhlizinin açılması ilə bağlı razılıq əldə olunub, Şuşa regionun və Türk dünyasının mədəniyyət mərkəzlərindən birinə çevrilməkdədir. Ermənistan mövcud olduğu tarixdən bu günə qədər heç vaxt yaşamadığı məğlubiyyətə məhkum edilib, Azərbaycana qarşı ən müxtəlif iddialardan geri çəkilməyə məcbur edilib. Bütün bunların isə hərbi-siyasi və diplomatik memarı müzəffər Ali Baş Komandanımız İlham Əliyevdir. Zəngilandan mesajlar da məhz yaradılmış bu reallığın verdiyi imkanlara söykənərək verilirdi. Bu mesajlar tarixi həqiqətə, beynəlxalq hüquqa və nəhayət, ədalətə istinad edilərək verilirdi.
Nəsimi rayon təhsil işçisi
Nəbiyeva İradə


























