image-03-2backend

Prezidentin müşavirəsi postmüharibə dövrünün birillik hesabatı oldu

image-reklam_sirab_01

Aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və bu ilin birinci rübünün yekunlarına həsr olunan toplantı 3 ay ərzində görülən işlərin yekunlarına həsr edilmiş müşavirə olmaqla yanaşı, həmçinin postmüharibə dövrünün bir illik hesabatı oldu. Ölkə başçısı öz hesabatında postmüharibə dövrünün reallıqları ilə yanaşı ölkə daxilində həyata keçirilən sosial-iqtisadi layihələr, ümumi inkişaf, həm də xarici siyasət və regional münasibətlər barədə məlumat verib.
Müşavirədəki çıxışında dövlət başçısı beynəlxalq məsələlərə diqqət çəkərək işğaldan azad edilən ərazilərimizin bərpası və Böyük Qayıdışdan danışmış, Vətən müharibəsindəki qələbəsi ilə Azərbaycanın yaratdığı yeni reallıqların dünya tərəfindən qəbul edilməsini xüsisi qeyd etmişdir.
Prezident İlham Əliyev ilk növbədə dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT–nin Şuşada keçirdiyi tədbiri yüksək qiymətləndirdi. BMT-Azərbaycan münasibətlərinə, xüsusilə Şuşada təşkil edilən birgə tədbirə ermənilərin reaksiyasını “isterika” adlandıran dövlətimizin başçısı beynəlxalq təşkilatların postmüharibə reallıqlarını qəbul etdiklərini vurğuladı. Prezident həm də Qoşulmama Hərəkatının, İslam Əməkdaşlıq Təşkilatının, ATƏT-in və nəhayət Avropa İttifaqının münasibətini müsbət xarakterizə etdi.
Azərbaycanın xarici siyasəti postmüharibə dövründə də strateji uğurlar əldə edir. Azərbaycanın beynəlxalq nüfuzu və gücü sayəsində artıq yeni reallığın dünya tərəfindən qəbul edilməsi hadisəsi mühüm tarixi-strateji uğurdur. Beynəlxalq məsələlərə toxunan Prezident İlham Əliyev bir məsələni də xüsusi vurğuladı ki, ATƏT-in Minsk qrupu de-fakto etibarsızıdır. Bu qurum fəaliyyət göstərdiyi 28 il müddətində sıfır nəticə göstərdiyi kimi bu gün də faktiki olaraq fəaliyyətsizdir. Avropa İttifaqının mövqeyinə gəldikdə isə, Prezident İlham Əliyev bu mühüm qurumun aprel ayının 6-da təşkil etdiyi üçtərəfli görüşdə Ermənistanın Azərbaycanın irəli sürdüyü 5 baza prinsipini qəbul etdiyini bildirdi. Bu, olduqca mühüm hadisədir və regionda sülhlə bağlı proseslərin başlanğıcı kimi də qiymətləndirilə bilər.
Dövlətimizin başçısı ölkəmizdə ordu quruculuğu məsələlərinə toxunaraq Hadrutda yaradılan komando birliklərinə və xüsusi təyinatlıların formalaşdırılmasına diqqəti çəkdi, Azərbaycan Ordusunun daima güclü olmasının vacibliyi qeyd edildi. Çox müsbət haldır ki, ordumuz peşəkar hərbi kadrlardan komplektləşdirilərək Türkiyə ordusu modelində güclü bir ordu olacaqdır.
Müşavirədə regional kommunikasiyaların, xüsusilə, Zəngəzur dəhlizinin açılmasının vacibliyi vurğulandı və bununla bağlı Ermənistana sonuncu ciddi xəbərdarlıq edildi.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki