image-05backend

Prezidentin toxunduğu mühüm məqamlar

image-reklam_sirab_01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 15-də Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının video-konfrans formatında keçirilən iclasında çıxışı bir çox məqamlarla yadda qaldı. Çıxışında 30 illik işğal dövründə Ermənistan cinayətləri və qalibiyyətimizdən sonra yaranmış vəziyyətlə bağlı məsələlərə toxunmuşdur.

Artıq Qarabağ münaqişəsi keçmişdə qalıb. Azərbaycan öz ərazi bütövlüyünü hərbi-siyasi yolla bərpa edib. Şanlı zəfərimizdən sonra Azərbaycanın nüfuzu daha da artdı. Bütün dünya Azərbaycan liderinin timsalında güclü, cəsarətli, iradəli bir rəhbər, Ali Baş Komandan gördü. Eyni zamanda, həmin rəhbərin ətrafında birləşən, onunla həmrəy olan xalqımızı, güclü, qüvvətli ordumuzu bütün dünyaya tanıtdı. Bu gün Azərbaycan, Cənubi Qafqazın söz sahibi ölkəsi olaraq dövlətimizin nəinki regionda bütün dünyada nüfuzu artmışdır.

Cənab Prezident İlham Əliyev iclasdakı çıxışında 2020-ci il 10 noyabr tarixində Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistanın baş nazirinin  birgə imzaladığı üçtərəfli bəyanat ilə bu münaqişəyə son qoyulduğunu bildirmişdir. Məhz bu bəyanatın imzalanması ilə Azərbaycan Ağdam, Laçın, Kəlbəcər rayonlarını döyüşsüz işğaldan azad etdi.

Həmçinin, Ölkə başçısı çıxışında 30 illik işğal dövründə Ermənistanın tarixi torpaqlarımızda mədəni və dini abidələrimizi darmadağın etməsi, eləcə də maddi sərvətlərimizi talan etməsi kimi mühüm mövzuya da toxunaraq bildirmişdir: “Azad edilmiş ərazilərdəki 67 məsciddən 65-i tamamilə dağıdılıb. Qismən dağıdılmış qalan iki məsciddə işğalçılar donuz və inək saxlayır, müsəlmanların heysiyyətini qəsdən təhqir edirdilər. Füzuli şəhərində və Füzuli rayonunun bütün kəndlərində binalar və evlər 100 faiz dağıdılıb. Ağdam şəhərində və Ağdam rayonunda da eyni vəziyyətdir. Ağdam şəhəri “Qafqazın Hirosiması” adlandırılır.”

Sözsüz ki, müharibədə qazanılmış qələbədən sonra dövlətimizin qarşısında duran ən mühüm məsələlərdən biri də işğaldan azad edilmiş torpaqların minalardan təmizlənməsidir. Çünki  müharibədən sonra 150-dən çox vətəndaş minaya düşərək həlak olub, yaxud ciddi xəsarətlər alıb. Azərbaycana verilmiş az sayda xəritələrin dəqiqliyi təqribən 25 faizdir.

Dövlət başçımızın çıxışında ən diqqət çəkən məqam isə İrandan Avropaya uzanan narkotrafik marşrutunun bağlanması ilə bağlı idi. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan 30 il Ermənistanın nəzarəti altında olmuş İranla dövlət sərhədinin 130 kilometrlik hissəsində nəzarəti bərpa edəndən sonra keçən bir il ərzində Azərbaycanın Cəbrayıl rayonundan keçməklə İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb.

Cənab Prezidentin çıxışından bir daha aydın olur ki, Azərbaycan bu qələbəni qazanmaqla sadəcə öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı regionda sülh və əminəmanlıq yaratmış, məkrli planların qarşısını almışdır.

 

Aysel Mənsimova – YAP üzvü

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki