image-03backend

Prezidentin vəzifəli şəxslərə və Azərbaycan cəmiyyətinə ismarıcları

image-reklam_sirab_01

18 illik Prezidentlik müddətində Azərbaycan Prezidenti cənab İlham Əliyevin şəxsi reytinqi və fəaliyyəti xalqın nəzərində çox yüksək qiymətləndirilir. Cənab Prezident daim islahatların həyata keçirilməsinin tərəfdarı olduğunu dəfələrlə nümayiş etdirib. Keçən müddət ərzində ölkə başçısı həm də dövlət idarəetməsinin mahiyyətini müsbət istiqamətdə dəyişə bilmişdir. Öz vəzifəsinin öhdəsindən gələ bilməyən, etimadı döğrultmayan bir çox rəhbər şəxslər tutduqları vəzifələrdən azad edilib, hətta bəziləri barədə cinayət işi açılaraq həbs ediliblər. Bu da cəmiyyətə çox mühüm bir ismarıncdır.
25 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edib. Qəbulda Prezident bir çox maraqlı fikir söyləyib. Prezidentin tövsiyyə və tapşırıqları bütün vəzifəli şəxslərə, ismarıcları isə Azərbaycan cəmiyyətinə idi. Dövlət başçısı “bütün vəzifəli şəxslər xalqın xidmətçisidir” fikirini bir neçə dəfə səsləndirib. Təəssüflər olsun ki, hələ də elə insanlar da vardır ki, bu xəbərdarlıqlara məhəl qoymayaraq ölkədə aparılan islahatlara və yüksək inkişafa kölgə salmaqdadırlar. Halbüki təyin olunan hər bir məmura yüksək etimad göstərilir. Şəhər-rayon icra hakimiyyətlərinin rəhbərləri həmin bölgənin əhalisinin qayğılarını öz qayğıları hesab etməlidirlər. Onların vəzifələrini layiqincə yerinə yetirə bilməmələri isə yerlərdə sakinlərin narazılığına səbəb olur. Bu kimi şəxslər də tutduqları vəzifələrdən uzaqlaşdırılır. Əlbəttə, ümumiləşdirmək doğru olmazdı. İslahatlar nəticəsində öz uğurlu fəaliyyətləri ilə cəmiyyətimizin ehtimadını, sevgi və hörmətini qazanan yüksək vəzifəli şəxslər də az deyildir.
Ölkə başçısı görüş zamanı qeyd edib ki, İcra başçıları daim insanlarla təmasda olmalıdır. Onlar bütün kəndlərdə olmalı, kənd camaatının qayğıları ilə yaşamalı, onları narahat edən problemləri onların dilindən eşitməli və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaqdır. Bildirildi ki, İcra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür.
Görüşdə xüsusi verğulanan məqam şəhid ailələrinə, müharibə əlillərinə diqqətin göstərilməsi, onların problemlərinin həllinin nəzarətdə saxlanılması olmuşdur. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilir. Bu proses daim davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcəkdir. O cümlədən, şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdırlar.
Cənab Prezidentin qeyd etdiyi kimi “Heç kəs unutmamalıdır ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan bizim qəhrəman əsgər və zabitlərimiz olub. Onlar öz canlarını fəda edib, onlar sağlamlığını itirib, onlar heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər. Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun”. Müharibədən ötən iki ilə yaxın müddət ərzində cəmiyyətimiz dövlətimizlə hər bir məsələdə olduğu kimi bu məsələdə də həmfikirdir. Dəmir yumruq ətrafında birləşən milyonların daha sıx birlikdə olmasına xidmət etmək lazımdır.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki