image-photo-2021-11-18-08-38-32backend

Qafqazın Xirosiması – Ağdam

image-reklam_sirab_01

Erməni silahlılarının 1992-1993-cü illərdə xarici qüvvələrin dəstəyi ilə işğal etdiyi əzəli Azərbaycan torpaqlarının milli ordumuz tərəfindən 44 gün ərzində davam edən qızğın mübarizəsi nəticəsində azad olunmasından sonra bütün dünya ictimaiyyətinin diqqəti təqribən 30 il ərzində işğal altında qalan həmin ərazilərdə törədilən vəhşiliyə, vandalizmə, insanlığa sığmayan dağıntılara və bu torpaqlarda vaxtilə hökm sürən insan həyatının izlərinin silinməsinə yönəldi və nəticə olaraq, hazırda Ağdam dünyada “ruhlar şəhəri” adlanan 20 şəhərdən biridir. Tarixən bəşəriyyət misli görünməmiş dağıntılarla nəticələnmiş müharibələrin şahidi olmuşdur. Bu dağıntılar arasında təbii ki, Yaponiyanın dünyada ilk dəfə olaraq atom bombasının atıldığı Xirosima şəhəri və onun insanı dəhşətə gətirən görüntüləri xüsusi yer tutur. Bu mənada, böyük ürək ağrısı ilə deyə bilərik ki, Ağdam kimi əsrarəngiz torpağımız da məhz bu dağıdılmış şəhərlərin sırasındadır. Bu xüsusuda, 2001-ci ilin aprelində ABŞ-ın Kaliforniya ştatının Ki-Uest şəhərində Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilmiş danışıqlarından sonra işğal altında qalan ərazilərə səfər etmiş məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal da Ağdam rayonunu dağıdılmış məscidin minarəsindən ziyarət edərkən ağlına ilk olaraq məhz Xirosima gəlmişdi. Təsadüfi deyil ki, bu gün xarici jurnalistlər Ağdamı “Qafqazın Xirosiması” adlandırmışlar. Eyni zamanda, Amerikanın Azərbaycandakı sabiq səfiri Metyu Brayza ATƏT-in Minsk qrupunun həmsədri olduğu dövrdə Ağdamın işğalının 15-ci ildönümüdə işğal altında olan Ağdamı görərək dəhşətə gəldiyini deyir: “Ağdamda gördüklərim məni dəhşətə gətirdi. Böyük bir şəhər xarabazarlığa çevrilmişdi. Mən polyakam. Ağdamın işğalı mənə İkinci Dünya müharibəsində Varşavanın düşdüyü günü xatırlatdı. Faşistlər Varşavanı darmadağın etmişdilər”.

Bu gün – 30 illik işğaldan sonra  torpaqlarımıza səfərləri təşkil edilən xarici media nümayəndələri və jurnalistlərin də Ağdamla bağlı eyni fikirdə olmaları heç də təsadüfi deyil və erməni vandalları tərəfindən dağıdılan Ağdamı onlar da ilk görüşdə “Qafqazın Xirosiması” adlandırıblar.

Torpaqlarımızdakı və xüsusilə də, Ağdamdakı mövcud vəziyyətlə bağlı Prezident İlham Əliyevin fikirləri də bu xüsusuda diqqəti cəlb edir və düşmənin törətdiyi vandalizmə qarşı dünyanın haqlı reaksiyasını tələb edir: “Bütün bu dağıntılar Birinci Qarabağ müharibəsi başa çatandan sonra törədilib, məhz bu ərazilərdə Azərbaycanın mədəni irsinin izlərini məhv etmək üçün. Həm də ondan ötrü ki, azərbaycanlıların bu ərazilərə qayıtmalarına heç vaxt imkan verməmək üçün, eləcə də sırf oğurluq, qarət üçün. Vandallar və oğrular pəncərə çərçivələrini, qapıları, dam örtüklərini, aparılması mümkün olan nə varsa hamısını söküb aparıblar. Hər şeyin dağıdılmadığı ərazilərdə süni məskunlaşdırma siyasəti aparılırdı, bu, Cenevrə konvensiyalarının ən kobud şəkildə pozulmasıdır və hərbi cinayətdir.”

İndi Ağdamın yerində talan edilərək viranəyə çevrilmiş “Qafqazın Xirosiması”na çevrilmiş Ağdamın xarabalıqları qalıb. İşğal dövrü bitdikdən sonra dövlət və xalq olaraq əzəli torpaqlarımızda baş vermiş bütün erməni vəhşiliyini, vandalizmini bütün dünyaya yaymaqda və torpaqlarımızı əvvəlkindən də gözəl bir diyara çevirməkdə ən az səngərdəki əsgərimiz qədər qorxmaz və cəsarətli olmalıyıq.

 

Bakı Dövlət Universiteti – Babayeva Xalidə

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki