image-cavansir_feyziyevbackend

Qalib xalqın qalib sərkərdəsi

image-reklam_sirab_01

Dövlət müstəqilliyimizin 30-cu ilində Prezident İlham Əliyevin 60 yaşı tamam olur. Onun Prezident vəzifəsində 18 illik fəaliyyəti Azərbaycanın bütün sahələrdə dinamik inkişaf dövrü kimi tariximizə yazılmaqdadır. Bu inkişafın arxasında vətənpərvər bir insanın – Prezident İlham Əliyevin heç bir ölçü vahidi ilə hesablana bilməyən gərgin və fədakar əməyi, görünən və görünməyən tərəfləri olan geniş əhatəli fəaliyyəti dayanır.

Beynəlxalq siyasət sahəsində çoxvektorlu müstəqil siyasətin aparılması, bütün beynəlxalq platformalarda dövlət müstəqilliyimizin və suverenliyimizin qorunub saxlanması,

Ölkənin iqtisadi-sosial inkişafı, şaxələnmiş və rəqabətə davamlı iqtisadiyyatın yaradılması,

Azərbaycanın demək olar ki, bütün istehlak məhsullarını idxal edən ölkədən ixrac edən ölkəyə çevrilməsi,

Ölkəmizin Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində regional və qlobal əhəmiyyətli nəqliyyat-kommunikasiya marşrutlarının qovşağına çevrilməsi,

Cəmiyyət daxilində ictimai-sosial münasibətlərin innovativ əsaslarda yenidən qurulması,

Azərbaycan Ordusunun qısa bir müddət ərzində dünyanın ən güclü ordularından birinə çevrilməsi,

Azərbaycanın neft ölkəsindən təbii qaz ixracatçısına çevrilməsi və Avropanın enerji təminatında yeganə alternativ təchizatçı kimi xüsusi rola sahiblənməsi,

-Azərbaycanın Mədəniyyətlər arası Dialoq məkanı kimi tanınması, paytaxt Bakının dünyanın azsaylı multikulturalizm mərkəzlərindən birinə çevrilməsi, ölkəmizin çoxsaylı qlobal tədbirlərə ev sahibliyi etməsi,

-Davamlı olaraq yüz minlərlə yeni iş yerlərinin yaradılması, vətəndaşlara yeni sosial dəstək mexanizmlərinin tətbiqi,

-Nəhayət, Vətən torpaqlarının 30 illik işğalına son qoyulması və 1 milyona yaxın məcburi köçkünlərin öz doğma yurdlarına Böyük Qayıdışının başlanması.

-Bütün bunlar İlham Əliyevin prezidentlik fəaliyyətinin yalnız xalq tərəfindən açıq-aşkar görünən tərəfləri və ümumiləşdirilmiş nəticələridir. Sadalanan nəticələrə nail olmaq üçün hər bir bəndin altında nə qədər və hansı həcmdə işlərin hansı çətinliklər üzərindən görüldüyünü təsəvvür etməyə çalışsaq, bütün bunların cəmi 18 il ərzində baş verdiyinə inanmaq belə çətindir.  Amma bütün bunlar Azərbaycan xalqının gözləri qarşısında baş verən reallıqdır, çağdaş tariximizdir.

2003-cü ildə Azərbaycan dövlətinin müstəqilliyini və suverenliyini qoruyacağına and içmiş prezident İlham Əliyev öz andına hər zaman sadiq qaldı. 17 il ərzində Vətən torpaqlarının işğaldan azad olunacağına əminliyini qətiyyətlə bildirdi və bu müqəddəs vəzifənin öhdəsindən gəlmək üçün yorulmaq bilmədən çalışdı. 17 il ərzində işğalçıya, eləcə də aşkar və gizli şəkildə işğalçını dəstəkləyən qlobal güc sahiblərinə qarşı tək mübarizə apardı. 17 il ərzində savaş meydanında olduğu kimi beynəlxalq siyasət meydanında da təklənmiş Azərbaycanın milli maraqlarını cəsarətlə müdafiə etdi. Xarizmatik yanaşması və bənzərsiz siyasi məharəti ilə Azərbaycanın haqlı mövqeyini dünya birliyinə qəbul etdirdi. 17 il ərzində Vətənin hər bir qarışını düşmən tapdağından azad etmək üçün canını belə əsirgəməyəcək gənc vətənpərvər nəsil yetişdirdi. İstənilən şəraitdə istənilən yollarla Ali Baş Komandan tərəfindən qoyulan döyüş tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirməyə hazır olan yenilməz Ordu yaratdı. Bu ana qədər baş verənlər və bütün bunların necə bir əzmkarlıqla baş verdiyi heç də hamıya məlum deyildi. Bütün bunlar İlham Əliyevin prezidentlik fəaliyyətinin görünməyən və ya az görünən tərəfləri idi. Üzləşdiyimiz tarixi şərait bunu tələb edirdi. Nəhayət, bütün bu fəaliyyətlərin möhtəşəm nəticəsini keçən ilin payızında həm xalqımız, həm də bütün dünya gördü.

Prezidentin özünün də dediyi kimi, “həqiqət anı gəlib çatdı”. Ali Baş Komandanın bir əmri ilə Azərbaycan xalqının qəzəbindən bükülmüş Dəmir Yumruq müzəffər Ordumuzun timsalında düşmənin başına endirildi. Müstəqil Azərbaycan dövlətinin prezidenti və bütün Silahlı Qüvvələrimizin Ali Baş Komandanı kimi İlham Əliyev Azərbaycan xalqlının qarşısında duran ən böyük vəzifəni və ən müqəddəs missiyanı ləyaqətlə yerinə yetirdi. Doğma torpaqlarımız işğaldan azad olundu. Həm ölkə daxilində, həm də xaricdə çoxlarının mümkünsüz hesab etdiyi Möhtəşəm Zəfər Azərbaycanın son min illik tarixinin qızıl səhifəsinə yazıldı. Bu tarixi Zəfərin müəllifi də 50 milyonluq Azərbaycan xalqının vahid lideri İlham Əliyev oldu.

İlham Əliyev  son 18 illik fəaliyyəti ərzində öz xalqının xoşbəxtliyi naminə prezident vəzifəsində mümkün olan və hətta mümkün olmayan bütün işləri gördü – dövlət müstəqilliyimizi və suverenliyimizi əbədi etdi, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etdi və bununla da Azərbaycan xalqını daimi xoşbəxtliyə qovuşdurdu. Bütöv bir xalqın ləyaqətini və qürurunu özünə qaytaran, bütün dünya qarşısında öz xalqının başını ucaldan lider sonsuz rəğbətə və ümumxalq məhəbbətinə layiqdir.

Bu gün Azərbaycan xalqı onu zamanın ən çətin sınaqlarından uğurla və qələbə ilə çıxaran liderinin 60 illik yubiley yaşını sonsuz rəğbət və böyük məhəbbətlə qeyd edir. Bu gün Azərbaycan xalqının ən xoş arzuları və ən sıcaq duyğuları qalib xalqın qalib sərkərdəsi İlham Əliyevə ünvanlanır. Uğurlarla və Zəfərlə dolu 60 yaşınız mübarək olsun, Cənab Prezident! Doğma Azərbaycanımızı qoruduğunuz kimi Uca Tanrı da Sizi qorusun!

Cavanşir Feyziyev

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki