Qarabağ və Şərqi Zəngəzurda bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri – artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib. Ola bilsin ki, biz bu il yeni kəndlərin inşası, yaradılması ilə məşğul olacağıq. Həmçinin tarixi abidələrin bərpası. Yəni, burada hər şey plan üzrə gedir. Qeyd etdiyim kimi, bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyevin bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədəki çıxışında səsləndirdiyi bu sözlər bir tərəfdən ölkəmizin sülh siyasətinə sadiqliyindən, xalqımızın qurub-yaratmaq xarakterindən xəbər verirsə, digər tərəfdən, respublikamızın iqtisadi güc-qüdrətini göstərir. Qarabağ və Şərqi Zəngəzurda Vətən müharibəsindən ötən müddətdə sürətlə aparılan genişmiqyaslı bərpa layihələri də bunun bariz ifadəsidir.
Yeri gəlmişkən, Qarabağ və ətraf ərazilərdəki yaşayış sahələri və infrastruktur, maddi-mədəni nümunələr işğal dövründə tamamilə dağıdılıb, daş-daş üstdə belə saxlanılmayıb. Məsələn, həmin dövrdə Kəlbəcər və Laçında 32 su-elektrik stansiyası sıradan çıxarılıb. Azərbaycan dövləti tərəfindən qələbədən dərhal sonra bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib. Düşməndən təmizlənən torpaqlarda energetika sektorunun yüksək səviyyədə qurulması diqqət mərkəzində saxlanılıb.
Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı gələn ilin təkliflərinin də yaxın aylarda ölkə rəhbərinə təqdim ediləcəyi gözlənir. İnfrastruktur, yaşayış binaları, kəndlərin qurulması – bütün bu layihələrin maliyyə təminatının büdcədə ifadə ediləcəyi nəzərdə tutulur. Bununla əlaqədar dövlət başçısı deyib: “Biz bu il infrastruktur layihələri ilə daha çox məşğul idik. Buna baxmayaraq, Şuşa şəhərində dövlət vəsaiti xətti ilə yaşayış kompleksinin tikintisinə də artıq başlamışıq. Ağdam şəhərində isə özəl sektor xətti ilə yaşayış binalarının tikintisinə başlamışıq. Ona görə dövlət büdcəsində bu məsələlər nəzərə alınmalıdır. Burada da azad edilmiş torpaqlarda binaların inşasında, o cümlədən digər layihələrin icraatında özəl sektor və dövlət tərəfdaşlığı çox vacib ola bilər…”.
Hazırda Qarabağ və ətraf rayonlarda bərpa-quruculuq işləri plan üzrə aparılır. Artıq yaşayış binalarının inşası sürətlə icra edilir. Ağalı kəndi məskunlaşdırılır, yeni yaradılacaq yaşayış sahələrinin yerləri müəyyənləşdirilir. Həmçinin tarixi abidələrin bərpası hazırlanan cədvəl üzrə həyata keçirilir. Bir sözlə, qarşıya qoyulan əsas vəzifə Qarabağ və Şərqi Zəngəzuru dünyanın ən abad, ən gözəl bölgələrindən birinə çevirməkdir. Prezident İlham Əliyev müşavirədə bununla bağlı deyib: “Qeyd etdiyim kimi, bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik. Əlbəttə ki, tələsirik, amma, eyni zamanda, tələskənliyə yol vermirik. Bütün tender prosedurları keçməlidir, şəffaflıq tam təmin edilməlidir, orada heç bir inhisarçılıq olmamalıdır. Açıq tender prosedurları təmin edilir və ediləcək. İctimaiyyətə müntəzəm olaraq məlumat verilməlidir və veriləcək”.
Dövlətimizin başçısı çıxışında Qarabağ və Şərqi Zəngəzurla bağlı görülən işlər arasında ərzaq təhlükəsizliyi məsələlərinə də xüsusi önəm verildiyini bildirib. Ölkə rəhbəri artıq bütün dünyanın üzləşdiyi bu problemin həlli istiqamətində Azərbaycanın da ciddi tədbirlər həyata keçirdiyini, bunun respublikamızın taxılın idxalından böyük dərəcədə asılılığı ilə bağlı olduğunu söyləyib. Eyni zamanda, bu asılılığı aradan qaldırmaq üçün indi proqram hazırlandığını, həm azad edilmiş torpaqlarda, həm də ölkəmizin digər yerlərində vaxt itirmədən, tezliklə taxıl istehsalını artırmaq barədə müəyyən layihələrin reallaşdırıldığını diqqətə çatdırıb. Prezident İlham Əliyev daha sonra vurğulayıb: “Mənə verilən son məlumata görə, bu il heç vaxt istifadə olunmayan təqribən 100 min hektarda taxıl, yəni, buğda, arpa, dənli bitkilər əkiləcək. Bu da bizim ərzaq təhlükəsizliyimizi gücləndirəcəkdir”.
Düşməndən təmizlənən torpaqlarda sənayenin inkişafı da diqqətdə saxlanılır. Cəbrayıl və Ağdam rayonlarında artıq bu istiqamətdə işlər gedir. Bölgədə sənayeləşmə prosesinin mərhələli şəkildə aparılacağı nəzərdə tutulur. Abadlıq və quruculuq işlərinin həyata keçirilməsi üçün ilkin mərhələdə tikinti şirkətləri prosesə qoşulur. Nəzərə alsaq ki, əhali tezliklə işğaldan azad edilmiş ərazilərə qayıdacaq, belə olan halda, onların ərzağa olan tələbatının təmin edilməsi xüsusi diqqətdə saxlanılır. Bu baxımdan, növbəti mərhələdə kənd təsərrüfatı məhsullarının emalı, yüngül və qida sənayesinin formalaşdırılması prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Yeri gəlmişkən, indi ölkəmizdə 5 sənaye parkı – Sumqayıt Kimya, Pirallahı, Mingəçevir, Qaradağ, Balaxanı sənaye parkları fəaliyyət göstərir. İqtisadiyyatın inkişafına, ixrac potensialının artırılmasına, rəqabətqabiliyyətli məhsul istehsalına önəmli töhfə verən sənaye parklarının sırasına “Ağdam Sənaye Parkı” və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkı da qoşulur. Beləliklə, bu gün respublikada 7 sənaye parkı var.
“Ağdam Sənaye Parkı”nın təməli dövlətimizin başçısı tərəfindən ötən il mayın 28-də qoyulub. Xatırladaq ki, bu park Qarabağın yenidən qurulmasında mühüm rol oynayacaq. Burada sosial və texniki zonalar, TIR parkı və tikinti materiallarının satışı bazasının yaradılması bölgənin iqtisadi inkişafını sürətləndirmək baxımından mühüm önəm daşıyacaq. Bununla yanaşı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, həmçinin soyuducu kameraların təşkili isə regionun aqrar sektorunun dirçəldilməsinə əsaslı təsir göstərəcək.
Ağdamda sənaye parkının yaradılması geostrateji baxımdan da böyük əhəmiyyət daşıyır. Buradakı qida sektoru, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, inşaat materiallarının istehsalı nəzərdə tutulur. Bu isə makroiqtisadi göstəricidə qeyri-neft sektorunun çəkisinə xüsusi təsir edəcək.
“Ağdam Sənaye Parkı” investorların cəlb edilməsi, yeni iş yerlərinin açılması, bölgədə iqtisadi gücün yenidən bərqərar olması, müasir çağırışlar nəzərə alınmaqla sənayenin modernləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Parkın yaradılması ilə sənayenin innovasiyalar əsasında inkişafını təmin edəcək imkanlar formalaşır.
Azərbaycan Prezidenti müşavirədə Qarabağ və Şərqi Zəngəzurda gedən abadlıq-quruculuq layihələrinin icrası, məskunlaşmadan sonra həyata keçiriləcək tədbirlərlə bağlı da müvafiq struktur rəhbərlərinə zəruri tapşırıqlarını verib. Belə ki, dövlətimizin başçısı hər bir sahə üzrə yaradılan daimi iş yerlərində o rayonlardan olan insanların çalışmalarına xüsusi diqqət yetirilməsinin vacibliyini, keçmiş məcburi köçkünlər arasında ixtisaslar üzrə seçim aparılmasının önəmini vurğulayıb: “İndi Ağdam şəhərində sürətlə məktəb tikilir. Orada kim dərs deyəcək? Ağdamdan olan, orada yaşamış müəllimlər və yaxud onların uşaqları, onların nəvələri. Bax, buna xüsusilə fikir vermək lazımdır. Biz bu yolla keçmiş məcburi köçkünləri öz doğma torpaqlarına daha da tez qaytaracaq və eyni zamanda, onları iş yerləri ilə təmin edəcəyik. İndi Şuşa şəhərində xəstəxana, məktəb, bir neçə mədəniyyət obyekti tikilir. Orada çalışacaq insanların, əlbəttə ki, əksəriyyəti şuşalılar olmalıdır. Buna fikir verin. Çünki bu, çox vacib olan məsələdir”.
İskəndərli Zəhra
Azərbaycan Dövlət Pedaqoji Universiteti


























