image-img-20210527-wa0019backend

Qarabağı yer üzündə ən gözəl guşələrdən birinə çevirmək yolunda Azərbaycanı heç bir maneə dayandıra bilməz

image-reklam_sirab_01

Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” mövzusunda onlayn müzakirələrdə Vətən müharibəsindən sonra bölgədə yeni reallığın yarandığını diqqətə çatdırdı. Dövlətimizin başçısı regionda yeni perspektivlər və yanaşmaların meydana çıxdığını vurğuladı və bütün bunların Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaratdığını nəzərə çatdırdı.

 

Azərbaycanın sülhə, inkişafa və tərəqqiyə yönələn təşəbbüsləri və bu istiqamətdə atdığı addımlarla yanaşı, Ermənistanın mövcud vəziyyətə sağlam düşüncə ilə yanaşması regionun yeni inkişaf mərhələsinə daxil olmasına əlverişli zəmin yaradar. Əks təqdirdə, 30 il dağıdıcılıqla məşğul olan Ermənistanın hazırda üzləşdiyi böhran daha da dərinləşə, bu ölkə də bundan sonra da illərlə sivilizasiyadan, inkişafdan kənarda qala bilər. Ümumiyyətlə, belə bir fürsəti əldən qaçırmaqla Ermənistanın növbəti faciələrlə üzləşməsi labüddür.
Bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Rəşad Mahmudov AZƏRTAC-a açıqlamasında deyib.
Deputat qeyd edib ki, Ermənistanın işğalçılıq siyasətinə son qoyması, dinc qonşuluq yolunu seçməsi onun indiki tənəzzüldən xilası üçün əsas amildir. Çünki düşmən ölkənin son 30 il ərzində Azərbaycana qarşı faşist mövqeyi tutması onu bir sıra beynəlxalq layihələrdən təcrid edib. Son nəticədə Ermənistan dövlət müstəqilliyini itirmək, vətəndaş müharibəsi təhlükəsi ilə üzləşib. “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə də qeyd edildiyi kimi, Azərbaycan isə ötən illərdə özünün müdrik rəhbərinin yürütdüyü uzaqgörən siyasəti ilə beynəlxalq aləmdə nüfuzunu getdikcə gücləndirib, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında fəal iştirakçıya çevrilib.
Rəşad Mahmudov deyib: “Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin müzakirələrində haqlı olaraq bildirildi ki, Azərbaycan tərəfindən enerjinin Avropaya çatdırılması, tarixi layihə olan Cənub Qaz Dəhlizinin tamamlanması respublikamızın yeni inkişaf mərhələsinə daxil olmasını şərtləndirməklə bərabər, həm də ölkəmizin maliyyə, siyasi və texniki baxımdan nəyə qadir olduğunu bütün dünyaya göstərdi. Müzakirələrdə maraq doğuran digər bir məqam isə Çinin “Bir kəmər, bir yol” təşəbbüsünün Azərbaycan tərəfindən fəal dəstəklənməsi ilə bağlı fikirlərin Nizami Gəncəvi Beynəlxalq platformasından səsləndirilməsi oldu. Bildirildi ki, Asiyanı Avropa ilə birləşdirmək kontekstində sözügedən layihə beynəlxalq gündəliyin mühüm hissəsidir. Azərbaycan öz ərazisində bütün zəruri nəqliyyat layihələrini tamamlayıb və təşəbbüs çərçivəsində Asiya və Avropadakı tərəfdaşlarla mühüm bağlantılar yaradıb”.
Deputat əlavə edib ki, Azərbaycan-Çin münasibətlərində konstruktiv əməkdaşlıq hər zaman diqqət mərkəzində olub. İki dövlət arasında siyasət, ticarət, sərmayə qoyuluşu sahələrində çoxsaylı sənədlər imzalanıb. “İpək yolu” layihəsində Azərbaycan üzərinə düşən vəzifələri yüksək səviyyədə reallaşdırıb. Türkiyə və Gürcüstan kimi etibarlı tərəfdaşlarla birlikdə dəmir yolu şəbəkələri birləşdirilib və mövcud əlaqələri daha da gücləndirmək üçün Xəzər dənizində müasir liman inşa edilib. Xatırlatmaq yerinə düşər ki, yükaşırma qabiliyyəti artırıldığı təqdirdə sözügedən liman 25 milyon ton yük qəbul edə bilər. Ölkəmiz, eyni zamanda, Xəzər dənizində ən böyük donanmaya malikdir. Bütün bunlar isə “İpək yolu” layihəsinin səmərəliliyinə müsbət təsir göstərir.
Rəşad Mahmudov açıqlamasında, həmçinin bildirib ki, bu gün işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə Çin şirkəti də qoşularaq, enerji sektorunda səmərəli fəaliyyət göstərir.
“Azərbaycan son 18 il ərzində beynəlxalq maliyyə institutları ilə fəal əməkdaşlığa mühüm önəm verib. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Cənub Qaz Dəhlizi layihəsini gerçəkləşdirən dövrdə bütün əsas beynəlxalq maliyyə institutları tərəfindən ölkəmizin tərəfdaşlıq münasibətinə üstünlük verilib. Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı bu məsələni xüsusi diqqətdə saxlayıblar. Bütün aparıcı beynəlxalq maliyyə institutlarının layihədə iştirakı reallaşdırılıb.
Azad olunmuş ərazilərimizdə aparılan yenidənqurma işləri ilə bağlı isə vurğulamaq istərdim ki, hazırda bu torpaqlarda infrastruktur layihələri sürətlə reallaşır. Düşməndən təmizlənən ərazilər cari ilin sonunadək 100 faiz elektrik enerjisi ilə təmin ediləcək. Magistral yolların inşası yüksək səviyyədə gerçəkləşdirilir. Azad olunmuş bütün ərazilər “yaşıl enerji” zonası elan edilib və o torpaqlarda əsasən bərpaolunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə nəzərdə tutulub. Bir milyondan çox insan üçün evlərin tikilməsi və infrastrukturun yaradılması da diqqətdə saxlanılır. Müzakirələrdə Prezident İlham Əliyevin bildirdiyi kimi, Livan boyda ərazilərdə işlər görülməlidir, bunların böyük hissəsi dağlıq ərazilərdir ki, bu da layihələrin icrasını müəyyən qədər çətinləşdirir. Əlbəttə, bütün bu işlər böyük zəhmət, vaxt və maliyyə tələb edir. Lakin dövlətimiz gücü, qüdrəti ilə qarşıya qoyulan bütün bərpa-quruculuq layihələri yüksək səviyyədə reallaşdıracaq. Bununla bağlı aydın və dəqiq planlaşdırılmış konsepsiya da mövcuddur.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vurğuladığı kimi, hazırda bərpa proqramları sürətlə reallaşdırılır, Qarabağ torpaqlarına yeni nəfəs verilir, yeni ruh gətirilir. Bir sözlə, Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirmək yolunda Azərbaycanı heç bir maneə dayandıra bilməz”, – deyə deputat Rəşad Mahmudov bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki