image-zengezurbackend

Qarabağlı, Şərqi Zəngəzurlu Azərbaycan

image-reklam_sirab_01

“Azərbaycan- mayası nur, qayəsi nur ki…” Elə bir nur ki, hər daim yadellilərin diqqət və nəzərini öz üzərinə çəkib və zaman-zaman ölkəyə başçılıq etmiş laqeyd insanların günahları ucbatından parçalanıb,talanıb.Bunun sübutu üçün çox da uzaq keçmişə getməyə ehtiyac yoxdur, sadəcə 100 il geriyə baxaq. 1920-ci ildə sovet hakimiyyətinin qədim Azərbaycan torpağı olan Zəngəzuru Ermənistana birləşdirməsi vətənimizin yeni tarixinin qaranlıq səhifələrinin hələ başlanğıcı idi. Çox keçmədən, 1923-cü ildə Dağlıq Qarabağ Muxtar vilayətinin yaradılması, 1940-1950-ci illərdə indiki Ermənistan ərazisi olan qədim Azərbaycan torpaqlarından soydaşlarımızın deportasiyası baş verəcək fəlakətlərin ilk sədalarından idi. Bir tərəfdə baş qaldıran erməni separatizmi, bir tərəfdə öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlılar, bir tərəfdə də hər şeyə göz yuman, hətta baş verənlərin birəbir səbəbkarı olan, lakin özünü “Böyük Vətən” adlandıran Sovet hakimiyəti.
Xoşbəxtlikdən Uca Yaradan başsız, əlacsız qalmış Azərbaycan xalqının ah-naləsini eşitdi, Ulu Öndər kimi dahi bir şəxsiyyəti bizə göndərdi. Təkcə Heydər Əliyevi deyil, onun yolunu davam etdirəcək, xalqı dəmir yumruğa çevirə biləcək Ali Baş Komandan da göndərdi. Elə bir Ali Baş Komandan ki, son 100 ilin bütün qəm-kədərini xalqın köksündən çıxardıb atdı. Elə bir Ali Baş Komandan ki, son 100 ilin bütün qisasını düşməndən aldı. Ata vəsiyyətini özünə rəhbər tutub xalqı zirvələrə qaldırdı. Barıt qoxulu 2020-ci il Azərbaycanımızın qələbə soraqlı tarixinin başlanğıcı oldu. Əlbəttə, bu qələbəni bizə yaşadanları nə xalqımız, nə də dövlətimiz heç vaxt unutmayacaq. Bu səbəbdəndir ki, onlara göstərilən diqqət və qayğı hər bir Azərbaycan vətəndaşına aşikardır. Qazilərimizin, şəhid ailələrinin, müharibə iştirakçılarının sosial müdafisənin möhkəmləndirilməsi, onların mənzil, fərdi ev, avtomobillərlə təmin edilməsi bariz nümunədir. Bütün bu layihələrdə Cənab Prezidentin şəxsən özünün iştirakı isə həm qələbəni borclu olduğumuz insanlar üçün, həm də xalqımız üçün ayrı bir stimuldur.
2021-ci il 26 avqust tarixində bu qəbildən olan görüşlərdən daha biri həyata keçirildi. Cənab Prezident və xanımı Mehriban Əliyeva məhz doğum günündə qazi və şəhid ailələrinə mənzil və avtomobillərin təqdim edilməsində iştirak etidlər. 300 mənzil və 50 avtomobil təqdim edilən görüşdə Ali Baş Komandan bir çox məsələlərə aydınlıq gətirdi. “1980-ci illərin sonlarında erməni separatizminin baş qaldırması və buna sovet hakimiyyəti tərəfindən reaksiyanın verilməməsi. Əksinə, separatçıları təhrik edirdilər, onların havadarları bizə meydan oxuyurdular. Ulu Öndər Heydər Əliyev hakimiyyətdən gedəndən iki həftə sonra bu, ortalığa atıldı. Görünür ki, çoxdan belə planlar var idi. Amma Heydər Əliyev amili, onun qətiyyəti və gücü imkan vermirdi ki, baş qaldırsınlar. O vaxtkı Azərbaycan rəhbərliyi, sadəcə olaraq, buna ya hazır deyildi, ya da ki, öz vəzifə borcunu yerinə yetirə bilmədi.” Cənab Prezidentin də bildirdiyi kimi o vaxtkı hakimiyyət öz borcunu yerinə yetirə bilmədi, bununla bərabər indi qazandığımız qələbəyə kölgə salmağa çalışanlardan bir qismi də məhz həmin hakimiyyətin nümayəndələridir. Məhz həmin şəxslərə bir daha xatırlatmaq istərdim Heydər Əliyev məktəbinin xalqımıza, o cümlədən qələbəni borclu olduğumuz vətən oğullarına diqqət və qayğısını. 1997-2021-ci illərdə şəhid ailələrinə ümumilikdə 10min 500 mənzil və fərdi ev təqdim olunub. İlham Əliyevin imzaladığı sərəncamla isə 2021-2025-ci illərdə şəhid ailələrinə 11 min mənzil və fərdi ev veriləcək. Son 7 ayda 52 min şəhid ailəsi üzvü, müharibə veteranları işlə təmin olunub. “Qələbəni yaşadanları YAŞAT!” şüarı ilə çıxdığımız yolda qazilərimizin sağlamlığı, əmək qabiliyyətlərinin təmin olunması dövlətin əsas hədəflərindən biridir. Cənab Prezidentin də çıxışında qeyd etdiyi kimi yaralı və sağlamlığını itirmiş hərbçilərimiz son nəsil protezlərlə təmin edilmişdir. Hal-hazırda 180 nəfər protezə ehtiyacı olan hərbçilərdən 140-ı artıq öz normal həyatlarına qaytarılıb, hərəkət məhdudiyyətləri aradan qaldırılıb. Ordumuz ilə vuruşmaqdan qorxan düşmənin dinc sakinlərin yaşadığı əraziləri bombalaması nəticəsində evləri dağıdılmış vətəndaşlar da Prezidentin diqqətindən kənarda qalmırlar. Bu istiqamətdə də dayanmadan işlər görülür, evlər inşa etdirilir.
“Mən hər bir vətəndaşın ayrılıqda Prezidentiyəm” deyə dəfələrlə çıxışlarında vurğulayan Ali Baş Komandan hər bir vətəndaşının qəlbindəki Qarabağ arzusunu gerçəkləşdirməklə Vətənin əmin əllərdə olduğunu göstərdi. Bəli, biz artıq rahatlıqla Azərbaycanımızın hər bir guşəsinin, Qarabağ da daxil olmaqla çiçəkləndiyini söyləyə bilərik. Çünki artıq nə əvvəlki laqeyd başçılar var, nə də qara bəxti ilə barışmış miskin xalq. İndi polad iradəli Ali Baş Komandan, onun dəmir yumruğuna çevrilmiş qalib xalq və Qarabağlı, Şərqi Zəngəzurlu Azərbaycan var!
Günəş Əliyeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki