image-64jpg-1676373886backend

Qarşıya qoyulan hər bir hədəfə çatırıq

image-reklam_sirab_01

“Hazırda hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır. Azərbaycanın reallığa çevirdiyi enerji layihələrini, Avropanın enerji təhlükəsizliyinə davamlı töhfələrini nəzərə alsaq, bu gün ölkəmizin dünya üçün önəmi, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyi özünü daha aydın şəkildə nümayiş etdirəcək. Azərbaycanın, ümumilikdə iştirakçı dövlətlərin hər birinin enerji siyasətinin uğurlarına işıq salan beynəlxalq əhəmiyyətli tədbirlərdə, enerji sammitlərində dövlət başçısı İlham Əliyev ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının Azərbaycanın qarşısında açdığı geniş imkanlardan bəhs edərək bu reallığı da diqqətə çatdırır ki, ölkəmiz neft və qazla yanaşı, elektrik enerjisi ixracatçısı kimi də tanınır, nüfuz qazanır. Fevralın 13-də “Gülüstan” sarayında müstəqillik dövrünün 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimi də bu kimi məqamların təqdimatında öz sözünü dedi. Belə ki, dövlət başçısı İlham Əliyev Azərbaycanın uğurlarından, tərəfdaş ölkələrlə əlaqələrinin inkişafından geniş bəhs edərək belə bir əminliyi ifadə etdi ki, Mingəçevir şəhərinin nəinki Azərbaycanın, bütün Qafqazın elektroenergetika mərkəzi kimi yeni dövrü başlayır. Təxminən 1300 meqavat gücündə olan stansiya ölkəmizin enerji potensialını daha da gücləndirəcək. Bu, Azərbaycanın enerji təhlükəsizliyinə verilən növbəti töhfə olacaq. Azərbaycan öz imkanlarından tam istifadə edərək həm daxili tələbatını ödəyəcək, həm də elektroenergetika, təbii qaz sahəsində daha böyük addımlar atacaq. Hazırda Avropa məkanında Azərbaycan qazına böyük tələbat olduğu üçün bu stansiya, eyni zamanda, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə olacaq.”

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənovun sözlərinə görə, son illər ölkəmizdə elektroenergetika sahəsi çox sürətlə inkişaf edir. Təkcə bu rəqəmi qeyd etmək kifayətdir ki, son 20 ildə Azərbaycanda 34 elektrik stansiyası inşa edilib ki, onların generasiya gücü təqribən 3400 meqavata bərabərdir. Yeni stansiyanın 2025-ci ildə açılışının hədəflənməsi də ölkəmizin bu sahədə imkanlarının təqdimatında əhəmiyyətli rol oynayır.

Millət vəkili bu mühüm məqama diqqəti yönəldib ki, işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri də məhz elektroenergetika sahəsindən başlandı: “Cənab İlham Əliyev yeni stansiyanın təməlqoyma mərasimində bu rəqəmləri açıqladı ki, tarixi Zəfərimizdən ötən iki ildən artıq dövrdə Şərqi Zəngəzur bölgəsində 50 meqavatdan çox generasiya gücü yaradılıb və bu rəqəm ilin sonuna qədər 200 meqavata çatdırılacaq. Şərqi Zəngəzurun və Qarabağın böyük hidroenergetika potensialı imkan verəcək ki, həmin bölgələrdə 500 meqavata qədər generasiya gücləri yaradılsın.”

Malik Həsənov İtaliya şirkətinin bu stansiyanın inşasında iştirakından da bəhs edib: “Azərbaycan və İtaliya strateji tərəfdaş olan dost ölkələrdir. İki ölkə arasında strateji tərəfdaşlığa dair iki sənəd imzalanıb. Qarşılıqlı səfərlər, səfər çərçivəsində imzalanan sənədlər əlaqələrin yeni istiqamətlər üzrə inkişafında əhəmiyyətli rol oynayır. Sözügedən mərasimdə İtaliyanın şirkətlər və “Made in Italy” naziri Adolfo Urson “Son illər ərzində İtaliya ilə Azərbaycan arasında güclü əlaqələri möhkəmləndirən çoxsaylı və mühüm görüşlər ənənəsini daha da inkişaf etdirmək məqsədilə bu gün burada olmaqdan son dərəcə məmnunam” söyləməklə iki ölkənin hazırkı münasibətlərinin aydın mənzərəsini təqdim etdi və bir daha bildirdi ki, İtaliya Azərbaycanın tarixi dostudur. Cari ilin ötən dövründə İtaliyanın üç nazirinin ölkəmizə səfəri İtaliya ilə Azərbaycan arasında möhkəm əlaqələrin olmasını göstərir. Ümumilikdə iki ölkə arasında energetika sahəsində əməkdaşlıq ənənəvidir. Bu mühüm məqamı qeyd etmək kifayətdir ki, iki il bundan əvvəl tam tərkibdə istifadəyə verilən Cənub Qaz Dəhlizinin başlanğıcı Azərbaycanın Xəzər dənizindəki sektorudursa, son məntəqəsi İtaliyadır. Dövlət başçısı İlham Əliyev Cənub Qaz Dəhlizinin əsas seqmentlərindən olan TAP layihəsini Azərbaycan və İtaliyanın birgə uğuru kimi dəyərləndirdi. İtaliya şirkətləri hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq işlərində də fəal iştirak edirlər. Prezident İlham Əliyev dost ölkələrin bu prosesdə fəal iştirakını yüksək dəyərləndirir.”

Millət vəkili deyib ki, Azərbaycan qarşıya qoyduğu hər bir hədəfə zamanında və yüksək səviyyədə nail olur. Ümummilli lider Heydər Əliyevin hər bir ölkənin iqtisadi tərəqqisində önə çəkdiyi səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması kimi amillər bu gün də enerji siyasətimizin əsasında dayanır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki