image-photo-2022-08-26-12-13-28backend

Qazaxıstan-Azərbaycan münasibətləri.

image-reklam_sirab_01

Bu gün Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərdən başqa, son onilliklərin siyasi münasibətlər sistemini müəyyənləşdirən əhəmiyyətli faktorlar – geostrateji mövqe, zəngin enerji resursları, Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşmələri kimi mühüm məqamlar yaxınlaşdırır. Azərbaycan və Qazaxıstanın materikin əsas geosiyasi bölgəsi olmalarına imkan verən bu üstünlüklər, düşünülmüş və balanslaşdırılmış siyasət sayəsində hər hansı bir dövlətin maraqlarına qarşı yönəlməyən, regionun inkişafına təkan verən layihələrin həyata keçirilməsini təmin edib. Əsasən, Qərb şirkətlərinin iştirakı ilə reallaşdırılan bu transmilli layihələrdə, üstəlik Rusiya kimi böyük region dövlətlərinin də maraqları nəzərə alınıb.

Azərbaycan da, Qazaxıstan da bu gün həm enerji daşıyıcılarının hasilatına xarici kapitalın cəlb edilməsi və bu daşıyıcıların dünya bazarlarına çıxarılması məsələsində, həm də Xəzərin hüquqi statusu kimi mövzularda oxşar mövqedən çıxış edərək, dünyada enerji təhlükəsizliyinin təminatında etibarlı alternativ tərəfdaş kimi çıxış edir. Ona görə də böyük bir coğrafiyanın gələcək müqəddəratının müəyyənləşdiricisi kimi Azərbaycanla Qazaxıstanın adının birgə çəkilməsi heç də təsadüfi deyildir. Tarixi, geosiyasi, iqtisadi bənzərlikləri və maraqları bu qədər üst-üstə düşən Azərbaycanla Qazaxıstanın ikitərəfli münasibətlərinin möhkəmləndirilməsi, strateji müttəfiqlik əsasında daha da inkişaf etdirilməsi olduqca mühüm əhəmiyyət daşıyır. Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Bakıya sayca bu 6-cı səfəri də ölkələrimiz arasında sıx əməkdaşlıq əlaqələrinin göstəricisi olmaqla bərabər, məhz belə bir məqsədə xidmət edir.Ümumiyyətlə, son illər iki ölkə arasında siyasi münasibətlərin və iqtisadi əlaqələrin sürətlə inkişafında hər iki ölkə prezidentlərinin qarşılıqlı səfərləri, müxtəlif sahələri əhatə edən çoxsaylı dövlətlərarası və hökumətlərarası sazişləri mühüm rol oynamışdır. 16-17 sentyabr 1996-cı il tarixindən Nursultan Nazarbayevin müstəqil Azərbaycana, 10 iyun 1997-ci ildən isə ulu öndər Heydər Əliyevin müstəqil Qazaxıstana başlayan səfərləri sonrakı illərdə ardıcıl xarakter almış, Prezident İlham Əliyevin hakimiyyəti dövründə daha da intensivləşərək, iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərinin müəyyənləşməsində baza rolunu oynamışdır. İndiyə qədər dövlət başçılarının 10-a qədər qarşılıqlı səfərləri olmuş, ölkələrimiz arasında 100-dən çox sənəd imzalanmışdır. Həm bu səfərlər, həm də beynəlxalq tədbirlər çərçivəsində keçirilən görüşlər ikitərəfli, regional və beynəlxalq məsələlərin müzakirəsi, siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsi üçün platforma rolunu oynamışdır. Bu səmərəli siyasi dialoqun töhfəsi olaraq, hazırda Azərbaycan-Qazaxıstan münasibətləri bir çox sahələrdə dinamik şəkildə inkişaf etməkdədir. İki ölkənin enerji əməkdaşlığında yeni bir istiqamət kimi Qazaxıstan tərəfindən Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) “Avrasiya” – Xəzəryanı çökəklikdə regional geologiya və geofizika araşdırmaları beynəlxalq layihəsində iştirak təklif edilib. Bu layihə çərçivəsində Xəzəryanı çökəklikdə, təxminən 7-9 kilometr dərinlikdə karbohidrogen yataqlarının kəşf edilməsi məqsədilə 15 kilometr dərinliyə malik quyuların qazılması nəzərdə tutulub. Rusiyanın “Lukoil”, “Rosneft”, Böyük Britaniyanın “Shell”, ABŞ-ın “Chevron”, Çinin isə “CNPC” neft-qaz şirkətləri ilə yanaşı, Azərbaycan şirkətinin də bu layihədə iştirakına maraq göstərilməsi Azərbaycan neftçilərinin geoloji kəşfiyyat, qazma sahəsində zəngin tarixi təcrübəsinə əsaslanaraq, Azərbaycana neft sənayesindəki bilgilərini bölüşmək üçün daha bir imkan yaradır. Beləliklə, böyük türk tarixində bütünləşən Azərbaycan və Qazaxıstanı bu şərəfli tarixin zəngin maddi-mənəvi irsindən əlavə, artıq onillərdir ki, həm də bu qeydlərdə təsvir olunmuş yeni siyasi, iqtisadi, sosial, mədəni reallıqlar birləşdirir.

Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfəri bu reallıqlardan hər iki dövlətin məqsədyönlü şəkildə istifadə etməsinə, Azərbaycan-Qazaxıstan münasibətlərinin bütün sahələr üzrə daha da inkişafına, regional sabitliyə, sülhə və ölkələrimizin rifahına yeni bir töhfə olacaqdır

HÜMBƏTLİ FİRUZƏ—Nəsimi rayon sakini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki