image-img-20210422-wa0008backend

Qeyri-neft sektorunun inkişafı üçün ölkəmizdə yeni imkanlar yaradılır

image-reklam_sirab_01

Azərbaycan Respublikası regionlarının inkişafı ölkədə uğurla həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu istiqamətdə qəbul edilən və yüksək səviyyədə gerçəkləşdirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin icrası respublikada qeyri-neft sektorunun davamlı inkişafına, kommunal xidmətlərin, sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, yeni müəssisələrin, iş yerlərinin açılmasına və nəticədə əhalinin məşğulluğunun artırılmasına, yoxsulluq səviyyəsinin azaldılmasına güclü təkan verib.
Məhz aprelin 20-də Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfərini rayonun yeni uğurların təməlinin qoyulması kimi dəyərləndirilməlidir. Qeyd edək ki, Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı səfər təəssüratları haqqında məlumat verərək bildirib ki, təəssüratlar çox müsbətdir.
Prezident İlham Əliyevin Hacıqabul rayonuna səfəri çərçivəsində Hacıqabul Sənaye Məhəlləsinin açılışını etməsi Azərbaycanda hətta pandemiya dövründə də sənayeləşmə siyasətinin davam etməsinin göstəricisidir.
Sənaye məhəlləsində yerləşən “Azərmaş” zavodu ildə 1500 ədəd yük və xüsusi təyinatlı avtomobil istehsal etmək imkanına malikdir. Qiymətləri 17-130 min manat arasında dəyişən avtomobillərin yaxın vaxtlarda istehsalına başlanılacaq. 100 nəfərdən çox insan üçün iş yeri olacaq zavodda Özbəkistan və Rusiya ilə birgə layihələr icra ediləcək.
Hacıqabul Sənaye Məhəlləsində yaradılan müəssisələrdən biri də tikinti materialları üçün avadanlıqlar istehsal edən “Elberg” zavodudur. Sənaye məhəlləsinin digər rezidenti “Uyusal Ambalaj” plastik su qabları istehsalı müəssisəsi və ildə 600-900 ton yüngül tara istehsal etmək gücünə malik “Plasstech” zavodudur. Ölkədə yüngün taraya illik tələbatın 500 ton olması və daha bir tara istehsalçısının mövcudluğunu nəzərə alanda yeni müəssisə bu sahədə rəqabət yaratmış olacaq.
Göründüyü kimi, Hacıqabul Sənaye Məhəlləsini seçərkən sahibkarların ən çox diqqət yetirdiyi məsələ məkanın coğrafi və infrastruktur baxımından əlverişli olmasıdır. 2017-ci ildə yaradılmış Hacıqabul Sənaye Məhəlləsində ümumilikdə müxtəlif istehsal sahələri üzrə 10 müəssisə qurulub və sahibkarlar tərəfindən bu layihələrin icrasına 45,44 milyon manat investisiya cəlb olunub ki, bu da ölkə üzrə mövcud olan 5 sənaye məhəllərinə qoyulmuş ümumi sərmayələrin 62 faizidir.
Qeyd edilməlidir ki, yaradılma tarixinə görə 5 sənaye məhəlləsi arasında 3-cü olmasına baxmayaraq Hacıqabul Sənaye Məhəlləsi ərazisində müəssisələrin sayına görə də birincidir.
Sənaye məhəlləsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastruktura malik olan, kiçik və orta sahibkarlar tərəfindən məhsul istehsalı və xidmət göstərilməsi üçün istifadə edilən ərazidir. Sənaye məhəlləsinin yaradılmasında məqsəd sənaye və xidmət sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarların inkişafı üçün əlverişli şəraitin təmin edilməsi və əhalinin istehsal və xidmət sahəsində məşğulluğunun artırılmasıdır.
Azərbaycan Prezidenti Azərbaycan Televiziyasına verdiyi müsahibəsində «Aqro Dairy» və “Azərsun” aqroparkların son 4-5 il ərzində yaradıldığını deyərək bildirib ki, bütün ölkə üzrə aqroparklarda çalışanların sayı yeddi mini ötüb. Bunlar kəndlərdə yaşayan insanlar üçün iş yerləridir: “Biz daxili istehsalı və qeyri-neft sektorunu stimullaşdırırıq. Mən həm “Aqro Dairy”da, həm də burada – “Azərsun” aqroparkında onları idarə edən şəxslərə tövsiyə etmişəm ki, azad olunmuş torpaqlarda, Qarabağda buna oxşar təsərrüfatlar yaradılsın və bu istiqamətdə ilkin addımlar atılmaqdadır”.
Beləliklə, dövlət başçısının regionlara hər səfəri sosial rifahın daha da inkişafına doğru atılan uğurlu addım olmaqla, ölkəmizin daha da inkişaf etməsinə, sosial rifahın yüksək səviyyəyə çatdırılmasına və iqtisadiyyatımızın güclənməsinə geniş imkanlar yaradır.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki