image-02-2backend

Qlobal sülh, ədalət və həmrəylik naminə

image-reklam_sirab_01

 

2021-ci il oktyabrın 11-12-də Serbiyanın paytaxtı Belqradda Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantı, eyni zamanda, Hərəkatın sədri kimi Azərbaycanın səmərəli fəaliyyətini və üzv dövlətlər arasında artan nüfuzunu nümayiş etdirdi. Ölkəmizin sədrliyi dövründə bu təşkilatın qlobal çağırışlarla mübarizəyə verdiyi töhfə beynəlxalq miqyasda yüksək qiymətləndirilir.

Azərbaycan da daxil olmaqla, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platformaya çevrilmiş Qoşulmama Hərəkatı beynəlxalq aləmdə öz prinsiplərinə bağlılıq nümayiş etdirən mühüm təşkilatdır. 2011-ci ildə tamhüquqlu üzv qəbul olunmağımızdan cəmi altı il sonra BMT-nin Baş Assambleyasından sonra ikinci ən böyük beynəlxalq təsisat olan Hərəkata üzv ölkələrin 2016-cı ildə Venesuelada keçirilmiş Zirvə görüşündə 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi,  daha sonra bu il ölkəmizin sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə yekdil qərarları üzv dövlətlərin Azərbaycana olan etimadının və ölkəmizin beynəlxalq nüfuzunun artmasının, eləcə də Azərbaycanın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsidir.

Altmış illik yubiley tədbirinin rəsmi açılış hissəsinə sədrlik edən Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyev çıxışında bir sıra vacib məqamlara toxunaraq, Hərəkatın qlobal sülh, ədalət və həmrəylik naminə həyata keçirdiyi səylər vasitəsilə beynəlxalq arenada mühüm rol oynadığını qeyd etdi. Suverenlik və ərazi bütövlüyünə hörmət, təcavüz aktlarından çəkinmə, başqalarının daxili işlərinə qarışmama kimi prinsipləri özündə ehtiva edən tarixi Bandunq prinsiplərinin Qoşulmama Hərəkatının təməlində dayandığını bildirən dövlətimizin başçısı bu prinsiplərin müasir beynəlxalq münasibətlərdə də aktual və vacib olaraq qaldığını söylədi.

Sədrlik dövründə qeyd olunan təməl prinsiplərə sadiqlik nümayiş etdirən Azərbaycan özü də beynəlxalq hüququn normaları və beynəlxalq təşkilatların qərarları ilə bağlı ikili standartlar və selektiv yanaşmanın tətbiqindən əziyyət çəkən ölkə olmuşdur. Odur ki, 44 günlük Vətən müharibəsi nəticəsində işğal altında qalmış torpaqlarımızın azad olunması, ağır məğlubiyyətə uğramış Ermənistanın kapitulyasiya aktını imzalamağa məcbur edilməsi, Azərbaycanın təkbaşına BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum qətnamələrinin icrasını təmin edərək 30 illik münaqişəyə son qoyması və tarixi ədaləti bərpa etməsi, eyni zamanda, beynəlxalq hüququn normaların təmini, Qoşulmama Hərəkatının əsas Bandunq prinsiplərinin reallaşdırılması oldu. Bu, həm də Azərbaycanın, Prezident İlham Əliyevin üzv dövlətlər arasında, eləcə də beynəlxalq miqyasda nüfuzunun daha da artmasına gətirib çıxardı.

 

İsrafil Kərimov – AJB-nin üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki