image-_azpressaz_eee0ea3d6a175e0c00f971977_obackend

Qozbeli qəbir düzəldər

image-reklam_sirab_01

 

Siyasət ciddi fəaliyyət növü, milli maraqları qorumaq və strateji hədəflərə nail olmaq vasitəsidir. Ona görə də, ilk növbədə, fərdi ağıl – sağlam məntiq, siyasi şüur və mədəniyyət, ictimai əxlaq, bütöv əqidə və milli təəssübkeşlik tələb edir. Bütün bu xüsusiyyətləri – müsbət keyfiyyətləri özündə cəmləşdirən ictimai-siyasi personalar həm də uğurlu və nümunəvi siyasətçi obrazı yaratmağa müvəffəq olurlar. Lakin siyasət həm də açıq – kütləvi fəaliyyət növü olduğuna görə uğursuzluq simvoluna çevrilən natamam fiqurların siyasi arenaya daxil olmasına və bədnam fəaliyyətinə də rast gəlmək olur. Eynilə, Rusiya siyasi mühitinin arzuolunmaz personajı rolunda çıxış edən Vladimir Jirinovski kimi…

Jirinovski XX əsrin 90-cı illərində ortaya atılan, qısa müddətdə ifşa olunan, neqativ əməlləri, ictimai-siyasi münasibətlərə, hətta vətəndaşı olduğu Rusiyanın milli maraqlarına zərər vuran fəaliyyəti ilə seçilən uğursuz siyasi proyektdir. Bu antipatik obrazın siyasi portret cizgiləri fərdi və ictimai xarakterli eybəcərliklərlə zəngindir. Onu Rusiya daxili ictimai-siyasi həyatında siyasi mədəniyyət və əxlaqa, insani münasibətlərə, üzvü olduğu Rusiya Dövlət Dumasının fəaliyyətinə və statusuna zidd hərəkət edən, ölkəsinin qanunlarına, beynəlxalq qanunvericliyə etinasız yanaşan – məhəl qoymayan siyasi təlxək kimi tanıyırlar. O, eyni zamanda, rus siyasi şüurunda öz ölkəsinin beynəlxalq platformada milli maraqlarına zidd açıqlamalarla və davranışlarla çıxış edən zərərverici siyasi orqanizm kimi səciyyələndirilir. Jirinovskinin son olaraq Rusiyanın etibarlı strateji tərəfdaşı, yaxın dostu və nümunəvi qonşusu olan Azərbaycan haqqında səsləndirdiyi absurd iddialar – sərsəm fikirlər bəhs olunan reallıqları bir daha təsdiqləyir.

Əlbəttə, bu, yeni hadisə deyil və təsadüfi xarakter daşımır. Jirinovski hər zaman anti-Azərbaycan əhvalında olan və Rusiya-Azərbaycan münasibətlərinin mahiyyətinə – ruhuna uyğun olmayan mövqe(sizlik) ortaya qoyan xidmətçi – fiqurdur. Belə demək mümkünsə, o, daim Azərbaycana qarşı düşmən mövqeyində olan və ölkəmizin tarixi-strateji nailiyyətlərindən dolayı siyasi həzmsizlik sindromu yaşayan ermənipərəstlərdən biri olub və indi də elədir. Bu gün siyasi səviyyəsizlik sindromu yaşayan Jirinovskinin Azərbaycana qarşı və Rusiya-Azərbaycan münasibətlərini hədəf seçən sərsəmləmələri, ilk növbədə, onun öz ölkəsinin maraqlarına ziddir.

Jirinovskini “intellektual siyasətçi” obrazında görənlər və göstərənlər, elə onun özü də anlamalıdır ki, Cənubi Qafqazın lider dövləti olan – beynəlxalq münasibətlər sistemində daimi yüksəlişə malik Azərbaycanla əməkdaşlığı qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq əsasında davam və inkişaf etdirmək Rusiya üçün böyük strateji əhəmiyyət daşıyır. Bu gün Azərbaycanın geostrateji fəaliyyəti Rusiya və onun milli mənafeyi üçün təhlükə deyil, əksinə, müsbət töhfə və əlavə impulsdur. Çünki Azərbaycan Ermənistan kimi daim yeni geosiyasi havadar axtarışında olan, fürsət düşdükcə “dost” adlandırdığı ölkələrə, o cümlədən Rusiyaya zərbə vurmağa çalışan dövlət deyil. Jirinovski əgər regionda Rusiyanın maraqlarına zidd addımlar atan və bu ölkə üçün təhdidlər yaradan dövlət axtarırsa, bu, Qərbin bir sıra aparıcı ölkələrinin hərbi qüvvələrini bölgəyə, öz sərhədlərini qorumağa dəvət edən, eləcə də daimi şəkildə anti-Rusiya ovqatını açıq-aşkar ortaya qoyan Paşinyan Ermənistanıdır.

Digər tərəfdən, “rus əsgərinə çəp baxmaq” məsələsinə gəlincə, Jirinovski burada da böyük siyasi yanlışlıq edərək səhv ünvanda axtarışa çıxır. Rus əsgəri bu gün Azərbaycan ərazisində 10 noyabr 2020-ci il tarixli  üçtərəfli Bəyanata uyğun olaraq müvəqqəti şəkildə sülhməramlı missiyasını yerinə yetirir. Bu məsələdə Azərbaycanın mövqeyi və yanaşması qəti, birmənalı və konkretdir. Azərbaycan ictimaiyyəti də dəfələrlə bildiirib ki, Rusiya sülhməramlıları öz fəaliyyətini beynəlxalq hüquq normalarına və Azərbaycanın suverenliyinə müvafiq olaraq həyata keçirməlidir. Göründüyü kimi, burada yalnız haqlı tələb, ictimai-siyasi iradə var, hər hansı “çəpbaxma” yoxdur. Rus əsgərinə “çəp baxış” məhz üçtərəfli Bəyanatla öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyən, hərbi-siyasi diversiya aktları və təxribatlar törətməklə elə Rusiya sülhməramlılarını – rus əsgərlərini də hədəfə alan Ermənistan tərəfindən gəlir. Məgər özünü kifayət qədər bilgili və məlumatlı sayan Jirinovskinin bu məsələlərdən xəbəri yoxdur?!

Bu siyasi şoumenin Azərbaycanın daxili məsələlərini özünəxas şəkildə “şərh etməsi”nə gəlincə, Jirinovski yaxşı bilir ki, Azərbaycanın qüdrətli dövlət olmasını və böyük strateji uğurların altına imza atmasını şərtləndirən əsas amil xalq-iqtidar birliyi və milli həmrəylikdir. Azərbaycan Prezidentinin adı sabitlik və inkişafla assosiasiya olunur. Yəni hər hansı bir kənar qüvvə Azərbaycanda xalqın iradəsinə zidd olaraq dövlət çevrilişi etmək, sabitliyi pozmaq iqtidarında deyil. Ayrıca, Azərbaycanın 30 ilə yaxın mövcud olmuş işğal faktını aradan qaldırması – erməni faşizminin başını əzməsi, belini qırması ölkəmizin hərbi-siyasi, iqtisadi, demoqrafik gücünün göstəricisidir və respublikamızın qarşısında yeni perspektivlər açıb. Ona görə də Jirinovskinin quru gurultu və təhdid xarakteri daşıyan fikirlərinin heç bir mənası – məzmunu və əhəmiyyəti yoxdur.

Yaxşı olar ki, Jirinovski “siyasi ahıl yaşı”nda ağıla gələrək bu cür təxribatçı, öz ölkəsinin milli maraqlarına zidd hərəkətlərdən imtina etsin. Çünki mövcud reallıqlar ikrah hissi yaradan, gülüş doğuran absurd fikirlərlə gündəmə gələrək çirkin niyyətlərin gerçəkləşməsinə nail olmaq kimi cılız hədəfi istisna edir. Utancverici siyasi keçmişindən dərs çıxarmalı olan bu uğursuz fiqurun gələcəyə sağlam baxmaqdan başqa yolu – çarəsi yoxdur. Lakin ataların müdrik kəlamında əks olunduğu kimi, qozbeli qəbir düzəldər. Buna baxmayaraq, Jirinovski üzərindən oyun oynayanlar Rusiyanın maraqlarına necə böyük zərbə vurduqlarını gec olmadan anlamalıdırlar.

Adil Əliyev

Milli Məclisin sədr müavini


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki