image-photo-2021-10-20-15-53-49-1backend

Qubadlı rayonunun işğalı nəticəsində rayon əhalisinə və dövlətə vurulmuş maddi və mənəvi zərər

image-reklam_sirab_01

Azərbaycan bəşər sivilizasiyasının meydana gəldiyi ərazilərdən biridir. Arxeoloji qazıntıların nəticələri də göstərib ki, bu yerlərdə yaşamış insanlar tarix boyu çoxsaylı abidələr yaradıb. Dünya və Şərq memarlığının ən gözəl incilərindən olan bu abidələrin  əksəriyyəti bu günə kimi qorunub saxlanılır.  Azərbaycan dövləti öz daxili siyasətində bütün abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində ən yüksək səviyyədə tədbirlər həyata keçirir. Təəssüf ki, bu işləri ölkəmizin bütün ərazilərində aparmaq mümkün deyil. Ermənistanın işğalı nəticəsində Azərbaycana vurulmuş maddi və mənəvi zərər çox böyükdür. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən hərbi işğalı ölkədə ağır humanitar böhran vəziyyətinin yaranması, çoxsaylı sosial-iqtisadi obyektlərin məhv edilməsi və ölkə iqtisadiyyatına ciddi ziyanların vurulması ilə yanaşı, Azərbaycan xalqının tarixi, maddi mədəniyyət abidələrinə də ağır zərər vurulmuşdur. Əfsuslar olsun ki, bu abidələrin dağıdılaraq məhv edilməsi nəticəsində Azərbaycan xalqına dəymiş mənəvi zərərin miqyasını təyin etmək praktiki olaraq mümkün deyildir. Belə ki, talan olunmuş və məhv edilmiş mədəni-tarixi abidələr təkcə Azərbaycanın yox, həm də dünya sivilizasiyasının çox dəyərli mədəniyyət nümunələri idi.

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdi. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır;

Bütün bu  qeyd edilən rəqəmlər nə qədər dəhşətli və üzücü olsada  bəlkədə  insanlara  o qədər də təsir etməyə bilər.Çünki bizlər müxtəlif statistikaları,rəqəmləri  izləməyə öyrəşmişik.Bu rəqəmlər  müxtəlif  hadisələrlə  bağlı ola bilər.Məsələn,ən yaxşı halda müxtəlif maliyyə məsələləri,dövlətlərin gəlirləri,pis hallarda isə təbii  fəlakətlər,müharibələr və s. bağlı rəqəmlərlə qarşılaşa bilərik.Düzdür bu rəqəmlər həqiqəti  əks etdirmək,məlumatlandırmaq baxımından çox əhəmiyyətlidir.Amma  bir  rayonun işğalı ilə bağlı  verilmiş bu rəqəmlər öz doğma yurd-yuvasından didərgin düşmüş,ev-eşiyini tərk etmək məcburiyyətində qalmış  insanların illər  boyu çəkdikləri əzab-əziyyəti,qəlblərində daşıdıqları vətən həsrətini əks etdirməkdə acizdi.

Bu rəqəmlərdə qeyd olunur ki, 29997 nəfər məcburi köçkün respublikamızın müxtəlif yaşayış məntəqələrində müvəqqəti  yerləşdirilmişdi.Minlərlə insanın evsiz-eşiksiz qalması dildə asanlıqla bir cümləyə yerləşir,amma bu insanların çəkdiyi əziyyətlər bir ömürə belə   yerləşməz.Bu insanların bir çoxu öz doğma yerlərinə qayıtmaq,ata-analarının,əzizlərinin məzarlarını ziyarət etmək ümüdü ilə yaşaya-yaşaya gözlərini bu dünyaya yumdular.Onlara Qubadlıda dalğalanan üç rəngli Azərbaycan bayrağını görmək nəsib olmadı.Bir çoxları isə Qubadlını son dəfə gördükləri kimi tapmayacaqlar.Onlar öz yandırılmış,dağıdılmış  evləri  ilə qarşılaşacaq,xarabalığa çevrilmiş kəndlərdə öz evlərini tapmağa çalışacaqlar.Məgər, bu zaman bu insanların keçirdikləri  hislər,yaşadığları duyğular  bu rəqəmlərdə əks oluna  bilərmi?Əlbbəttə ki,yox.Elə buna görə də bu rəqəmlər insanlarda heç bir duyğu oyatmır,onlara təsir etmir.Çünki 7278  dağıdılmış fərdi yaşayış evi dedikdə bizim gözümüzün önünə bu evdə yaşayan azyaşlı  uşaqlar,onlara yemək hazırlayan ana,hər gün işdən evinə  tələsən ata və onların  bu evlə birlikdə dağıdılmış səadəti  gəlmir. Biz sadəcə  7278 rəqəmini  görürük.Bəli, çox təəssüf ki, biz sadəcə rəqəmləri görürük. Biz bu rəqəmlərin arxasında ki, taleyləri görmürük.Bu insanlara dəyən  mənəvi zərər bu rəqəmlərdə görünmür.Lakin bu rəqəmlərdə  dövlətimizə və bu insanlara dəyən maddi zərər öz əksini tapmışdır.Ermənistan bütün bu vurduğu maddi və mənəvi ziyana görə təzminat ödəməlidi.Lakin hər zaman olduğu kimi bu məsələdə də mənfur düşmən öz əqidəsinə  yaraşacaq bir şəkildə hərəkət edir.Əlbəttə ki,bu dağıdılan yerlər Ermənistan təzminat ödəməsə belə  əvvəlkindən daha gözəl bir şəkildə bərpa olunacaq.Yenə də Qubadlıda yaşayış evləri,məktəblər,məscidlər,mədəniyyət obyektləri,yollar,körpülər tikiləcək.Hər şey yenidən bərpa olunacaq.Bütün bunlar Qubadlıdan olan  məcburi köçkünlərə dəymiş mənəvi zərərin qarşısında aciz olsada,əminəm ki, dövlətimiz onların öz doğma rayonlarında rahat yaşaya bilməsi üçün  hər şey edəcək.Bundan sonra Qubadlı rayonu haqqında  tez-tez yenə rəqəmlər görəcəyik.Bu rəqəmlər burda tikilən  binalar,yeni yaşayış məntəqələri və böyük qayıdışla bağlı rəqəmlər olacaq.

 

Bakı Qızlar Universiteti

 

Əliyeva Fidan


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki