image-huseynova-ferehbackend

Qubadlı şəhərinin 25 oktyabr 2020-ci il tarixində işğaldan azad olunması

image-reklam_sirab_01

Zəfər həyəcanlı bu ilimizdə “Qubadlısız 28 il keçdi“ ağrılı cümləsini deyil “Qubadlımız azaddır, Qarabağ Azərbaycandır!” nidasını səsləndirərkən tarix boyu qılınc və qələmi qoşa dayanmış Vətənimin bir parçasına qovuşduğumuza görə çox xoşbəxtəm! Əsarətə boyun əyməyən Qaçaq Nəbini, ədəbiyyatımızda incə ruhu ilə seçilən Süleyman Rəhimovu, ermənilərə 3 gün matəm yaşadan Milli Qəhrəman Əliyar Əliyevi, doğulduğu torpağın azad edilməsində şəhid olan Milli Qəhrəman Şükür Həmidovu və yüzlərlə görkəmli şəxsiyyətlər yetişdirən Qubadlımız azaddır!

Var olsun bu hissi bizə yaşadan dönməz Ali Baş Komandan və müzəffər Ordumuz!

Qonşularımızı seçmək hüququna malik olmadığımız üçün mənfur erməni hərbi birləşmələri 1993-cü il avqustun 31-də Qubadlı rayonunu işğal etmişdir. 5 illik Birinci Qarabağ müharibəsində Qubadlı rayonu 238 nəfər şəhid vermiş, 146 nəfər əlil olmuşdu. Vandalizmi ilə tanınan düşmən 94 kənd və qəsəbəni, o cümlədən 205 mədəni –məişət obyektini, 12 tarixi abidəni məhv edib. 826 kv.km əraziyə malik Qubadlıdan 31 mindən çox əhali didərgin düşmüşdür.

Məlum faktdır ki, işğalçılıq əsasən sərvət əldə etmək məqsədi güdür. Azərbaycanın cənub-qərbində həm strateji, həm fiziki- coğrafi mövqeyi əlverişli olan Qubadlı torpağı min illərin keşməkeşini görərək yaşlanmış, zənginləşmiş Kiçik Qafqaz dağlarının əhatəsində yerləşir. Həkəri və Bərgüşad kimi bolsulu çaylara, erməni işğalına qədər sıx meşələrə malik Qubadlının torpağının altı da zəngin xəzinədir. Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda Tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

27 illik işğal tarixində düşmən bu torpağı ancaq sümürdü, heç bir quruculuq işi aparmadı çünki əsl sahiblərinin gələcəyini bilirdi.

2020-ci ilin 27 sentyabrında başlanmış müqəddəs müharibə nəticəsində Vətənimizin bu parçasını Vətən oğulları canları bahasına düşməndən azad etdi. Qubadlının şərqində yerləşən Cəbrayıl rayonunda düşmən qüvvələrinə sarsıdıcı zərbə vurulması və cənubda yerləşən Zəngilan rayonunda qısa müddətdə aparılan uğurlu əməliyyatlar, Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaratdı və 25 oktyabr Cənab Prezident, Ali baş Komandan İlham Əliyev xalqa Qubadlının işğaldan azad olunmasını xəbərini verdi.

2020-ci il noyabrın 26-da “Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Prezident İlham Əliyev 5867 hərbi qulluqçunu “Qubadlının azad olunmasına görə” medalı ilə təltif etdi. Təltif edilənlərin 4-ü general-mayor, 39-u polkovnik, 1 nəfəri isə 1-ci dərəcəli kapitandır.

Məkrli düşmən azad edilmiş digər torpaqlarımızda olduğu kimi Qubadlıdan da qovularkən əraziləri minalamış, işğal dövründə güclü hərbi qurğular və hərbi baza qurmuşdu. Xanlıq kəndi işğal müddətində xüsusi diqqət ayrılmış məkan olmuşdur. Hərbi cinayətlərini reallaşdırmaq üçün mədəni-quruculuq işləri əvəzinə hərbi-müdafiə istehkamları təşkil edən düşmən anladı ki, nə qarşısındakı ordu, nə də ki, qeyrətli ordunun önündə gedən yenilməz lider 30 il öncəki vəziyyətdə deyil. 27 il öncə bizə yaşadılan ağrılı günlərin əvəzini qaytardıq həm də artıqlaması ilə.

2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir.

Bundan sonra Azərbaycanımız üçün tarix acı xatirələr buraxacaq qədər təkrarlanmayacaq, çünki bu gün bu xalqın, millətin arxasında rəşadətli ordusu və güclü lideri, Ali Baş Komandanı var!

 

Suraxanı rayonu, R.Ənnağıyev adına

141 nömrəli tam orta məktəbin direktoru Hüseynova Fərəh


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki