image-photo-2021-10-20-15-53-48backend

Qubadlı torpağında ZƏFƏR gülləri…

image-reklam_sirab_01

Müharibənin insan həyatına, cəmiyyətə vurduğu zərərlərdən nə qədər danışsaq da , yenə də qəlb yanğısı və yaşanmış acı xatirələr bitməz. Deyirlər ki, zaman yaraları sağaldır. Amma elə yaralar var ki, onları ancaq intiqam , qisas və Zəfər duyğuları sağalda bilər.Müharibənin bəxş etdiyi acılar kimi…

Tarixin keşməkeşli süzgəcindən keçmiş Azərbaycan xalqı illər boyu müharibə acısını yaşamış və bu acı onun qəlbində intiqam hissinə çevrilmişdir. Gözəlliyi dillərə dastan olan bu xalqın başı çox bəlalar çəkmişdir. Azərbaycan ifadəsi belə bir gözəllik nümunəsi olmuşdur. Əsrlər boyu təbii sərvətlərimiz, gözəl diyarlarımız, əsl sənətkarlarımız , ziyalılarımız və ən əsası qəhrəman oğullarımız dillərdə dastan olmuşdur.

 

Azərbaycan-mayası nur, qayəsi nur ki, Hər daşında alov dilli ox ola bilər.

Azərbaycan deyiləndə ayağa dur ki, Ana yurdun ürəyinə toxuna bilər.

 

Azərbaycanın dilbər guşələrindən biri olan Qubadlı rayonu da öz xüsusi gözəlliyi və iqlim şəraiti ilə daim diqqət mərkəzində olmuşdur. Qubadlı rayonu , həmçinin təbii sərvətləri ilə də seçilmişdir. Belə ki , Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur. Həm bu cür zəngin təbii sərvətləri, həmçinin olduqca qeyri-adi relyefi və dillərə düşəcək əsrarəngiz gözəlliyi bir çox bəlaları da bərabərində gətirmişdir

Qubadlı rayonu 31 avqust 1993-cü il tarixində Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.Bu işğal təkcə Qubadlının deyil, bütün Azərbaycanın qəlbində sağalmaz bir yara açmışdır. Elə bir yara ki, intiqam hissi ilə coşub daşan, “Qələbə” deyərək hayqıran… Səssizlik qədər uğultulu bir yara…Bu yaranın yanğısını ancaq intiqam hissi söndürə bilərdi. Həm bizim igid , qəhrəman oğulları mütləq  bu qısası almalıydılar. Çünki bizim Vətənimiz, bizim üçün hər şeydən və hər kəsdən əzizdir. Bizim millətin qəlbində Vətən sevgisi var. Bu sevgi hər zaman, hər şeyə qalib gəlməyə qadirdir. Bu torpaq Ruhumuza Can, Cismimizə isə Vətəndir! Böyük səbr, uzaqgörən siyasət və ölməz şücaət… Bu üç ifadəni birləşdirən Azərbaycan!

Azərbaycan artıq 28 ildən sonra bu yaranın alovunu sonsuzadək söndürməli idi. Bunun üçün bütün xalq yurd uğrunda sipər oldu. İgid oğullarımız bu torpaq yolunda can verdi. “Qarabağ Azərbaycandır!” cümləsi əbədi olaraq yaddaşlara həkk olundu.

 

Qubadlı rayonu da Ali Baş Komandanımız İlham Əliyevin uzaqgörən siyasəti və igid oğullarımızın şücaəti öz Anasına- Azərbaycana qovuşdu. Qubadlı əməliyyatı-Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər. Qələbə xalqımıza çox yaraşır və xalq bu qələbədə payı olanları əsla unutmur.

Ali Baş Komandanımız İlham Əliyev qəhrəmanlarımızı təltif etməyi də unutmamışdır. Dövlət təltifləri. 2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi.Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Bütün bunlara baxmayaraq ermənilər yenə də öz saxtakarlıqlarını nümayiş etdirməkdən əl çəkməmiş və hərbi cinayətlər törətmişlər. Ermənistanın hərbi cinayətləri- Qubadlı rayonun Xanlıq kəndində hərbi istehkam, hərbi baza qurulmuşdu. Xanlıq kəndində qanunsuz məskunlaşma aparılmışdı. Xaricdən gətirilən ermənilər burada qanunsuz yollarla yerləşdirilmişdilər. Bu da hərbi cinayət sayılır. Cenevrə konvensiyalarına görə işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparan ölkə cinayət törətmiş olur. Xaricdən gələn ermənilər üçün xaricdə yaşayan ermənilərin pulu ilə Xanlıqda qəsəbə salınıb.Amma bunların hər biri geridə qaldı. Artıq Qubadlı Azaddır! Haqq qələbə qazandı.

2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı. Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidin adını çəkmək olar. Bu xalq igid oğullarımıza minnətdardır. Bizlər Qubadlıda Zəfər gülləri əkdik. Heç vaxt solmayacaq olan Zəfər gülləri… O gülləri, şəhidlərimizin al qanı ilə suvarmışıq. O gülləri mütləq, mütləq qoruyacağıq!

 

Sən bizimsən, bizimsən durduqca bədəndə can

Yaşa, yaşa çox yaşa, ey şanlı Azərbaycan!

 

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

Məmmədova Ruqiyyə


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki