image-photo-2021-10-20-15-53-49backend

Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir.

image-reklam_sirab_01

Şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Xocavənd və Cəbrayıl rayonları, qərbdən Ermənistanla həmsərhəd olan, ərazisindən Bazarçay və Həkəri çaylar axan, tarixdə Bərgüşad mahalı kimi tanınan hazırkı Qubadlı rayonu XVIII əsrin ortalarına qədər Zəngəzur mahalının tərkibində Cənubi Azərbaycan dövlətinin Qaradağ xanlığının inzibati ərazi vahidi kimi tabe olmuşdur.  1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunmuş, 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olmuşdur.

Zəngəzur ərazisində ən qədim yaşayış məskəni Qubadlı rayonunun Balahəsənli kəndində aşkar edilmişdir. Xatırladaq ki, IV əsrə aid edilən “Sığınacaq” tipli bu yaşayış yeri Daranlar deyilən ərazidə yerləşir. Qubadlının Muradxanlı kəndindəki V əsrə aid Qalalı, Əliquluuşağı kəndindəki Göy Qala abidələri, XIV əsrə aid Yazı Düzündəki Cavanşir türbəsi, Dəmirçilər kəndindəki iki türbə, XVII əsrə aid Gürcülü kəndində olan türbə, XVIII əsrə aid Aşağı Xocamusaxlı kəndində olan türbə ondan xəbər verir ki, Qubadlıda qədim dövrlərdən elm mədəniyyət mərkəzləri və ibadət edənlər olub.

Qubadlı rayon Tarix-diyarşünaslıq 5 mindən çox nadir eksponat toplanmışdı. Qubadlının işğalı zamanı ermənilər 5 mindən çox nadir eksponat saxlanılan Qubadlı tarix-diyarşünaslıq muzeyini də talan ediblər. 4-cü əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrə aid “Qalalı” və “Göyqala” abidələri, 14-cü əsrdə tikilmiş “Dəmirçilər” türbəsi, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağac, Aşağı Xocamusaxlı kəndlərindəki digər tarixi abidələr hazırda işğal altındadır.

Qubadlı rayonunun da işğal aqibəti digər rayonlardan fərqlənmirdi. Qoynunda maddi, mənəvi sərvət yatan bu torpaq 31 avqust 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfində vandalcasına işğal edilmişdir. İşğal nəticəsində rayondan 29997 nəfər məcburi köçkün respublikanın müxtəlif yaşayış məntəqələrində müvəqqəti yerləşdirilmişdir. 94 yaşayış məntəqəsi, 7278 fərdi yaşayış evi, 64 inzibati bina, 148 sosial obyekti, 161 mədəniyyət obyekti, 7 məscid, 16 körpü dağıdılmış və yararsız vəziyyətə salınmışdır. 1080 ədəd kənd təsərrüfatı obyekti, 650 km avtomobil yolu, 2 su anbarı, 150 km magistral su xətləri, 4830 km elektrik xətləri, 165 km magistral qaz boru xətti, 9 tikinti idarəsi, 4 yol idarəsi, 18 ədəd dəyirman, 4 ədəd su nasos stansiyası, 120 ədəd elektrik yarımstansiyası və transformatorlar tamamilə dağıdılmışdır.

Qubadlı rayonunun Hacılı kəndində mişar daşı yatağı, Bərgüşad çayının sol sahilində yəşəm yatağı, Əliquluuşağı, Qundanlı, Muradxanlı və Başarat kəndlərində mərmərləşmiş əhəng daşı yataqları, o cümlədən Mollabürhan kəndinin cənubunda tuf daş yatağı, Xanlıq kəndində qum-gil yatağı, Eyvazlı kəndində əqiq yatağı mövcuddur.

Qubadlı rayonunun azad edilməsi əməliyyatı bir neçə gün çəkdi. Zəngilan şəhəri oktyabrın 20-də azad olunandan sonra təbii ki, növbəti istiqamət Qubadlı rayonu idi. Şəhərdə ermənilər güclü istehkamlar qurmuşdular. Yüksəkliklərdə düşmənin hərbi birləşmələri yerləşmişdi. Qubadlını azad etmək üçün, ilk növbədə, yüksəkliklər  götürülməli idi. Çünki düşmən bu yüksəkliklərdən müntəzəm olaraq hərbçilərimizə atəş açırdı. Ona görə Qubadlı əməliyyatı xüsusi peşəkarlıq və fədakarlıq tələb edirdi. Azərbaycan Ordusu bu peşəkarlığı, fədakarlığı göstərib. İlk növbədə, şəhərə hakim olan yüksəkliklər götürüldü, ətrafda yerləşən kəndlər, o cümlədən Xanlıq qəsəbəsi, Padar, Sarıyataq, Mahmudlu kəndləri götürüldü və strateji yüksəkliklər ələ keçirildi. Ondan sonra oktyabrın 25-də Azərbaycan Silahlı Qüvvələri şəhəri düşməndən təmizləyiblər.

2020-ci il noyabrın 26-da “ Qubadlının azad olunmasına görə” medalı təsis edildi. Azərbaycan Respublikasının Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 15189 hərbi qulluqçusu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

2020-ci il 23 dekabr tarixində Prezident İlham Əliyev Qubadlıda Azərbaycan bayrağını ucaltdı:” Qubadlının işğaldan azad edilməsi tarixi hadisədir. Qubadlı şəhərinin azad edilməsi böyük Qələbəni yaxınlaşdırdı. Qubadlı uğrunda şiddətli döyüşlər gedib, Azərbaycan şəhidlər verib. Onların arasında Qubadlı rayonundan olan Milli Qəhrəman Şükür Həmidov kimi öz doğma diyarı uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş igidin adını çəkmək olar”.

Bu gün hər birimiz Azərbaycan Ordusunun qəhrəman Ali Baş Komandanı, Əsgər və Zabitləri ilə qürur duyaraq :”Qubadlı bizimdir! Qarabağ Azərbaycandır! “ deyirik.

 

Bakı Slavyan Universiteti

Aypara Babayeva


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki