image-img-20210524-wa0035backend

Regionun gələcək inkişafı ilə bağlı yeni perspektivlər açılır

image-reklam_sirab_01

Dünya ədəbiyyatına biri-birindən qiymətli incilər bəxş edən dahi Nizami Gəncəvinin söz xəzinəsini bəzəyən, humanist duyğuların təsirindən yaranan ədəbi-fəlsəfi görüşləri zəngin irsə malik bir dühanın həyata baxışının məhsuludur. Yaradıcılığının məna və mahiyyətini insanlara, cəmiyyətə məntiqi yanaşma təşkil edən, təkcə Şərq ədəbi-mədəni dəyərləri deyil, bəşəri ideyaları tərənnüm edən şairin əsərləri sözün ölməzliyinin təsdiqidir. Yaxın və Orta Şərq ədəbiyyatlarında epik ənənənin əsasını qoyan Nizaminin bütün dövrlər üçün böyük əhəmiyyətə malik irsinin öyrənilməsi bu ədəbi məktəbin əbədiliyi baxımından zəruridir. İnsanı ucaldan, adını əbədiləşdirən ülvi məhəbbəti bütün əsərlərində ön planda təsvir edən şairin qəhrəmanlarının obrazında təbiətə, bütün canlılara həyatın davamı kimi baxması bütünlükdə bəşəriyyətin varlığına sonsuz inamın ifadəsidir.
May ayının 20-də Prezident İlham Əliyevin iştirakı ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri»” adlı videoformatda keçirilən müzakirələrdə qeyd olunduğu kimi, dahi şairin adını daşıyan Mərkəzin yaradılmasında məqsəd qarışıq dünyamızda Nizami irsini təbliğ etmək, insanlara dəyər verrməyin daha vacib olduğunu göstərməkdir.
Səkkiz il öncə, Nizami Gəncəvi irsinin beynəlxalq səviyyədə tanıdılması üçün yaradılan Beynəlxalq Mərkəzin təşkilatçılığı ilə çox işlər görülüb. Dünyanın tanınmış şəxsiyyətlərinin təmsil olunduqları Mərkəzin təşəbbüsü ilə keçirilən tədbirlərin fəaliyyət coğrafiyasının genişlənməsi, dünya ictimaiyyətini maraqlandıran məsələlərin müzakirəsi bu təşkilata marağı artırıb. Nizami irsinin və zəngin mədəniyyətə malik Azərbaycanın geniş miqyasda təbliği beynəlxalq platformaya çevrilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzini dialoq və anlaşma ünvanı kimi tanıtmışdır.
Pandemiya dövründə belə qoyulan məhdudiyyətlərə baxmayaraq
yeni texnologiyalardan istifadə etməklə fəaliyyətini davam etdirən Mərkəz 28 konfransa, 90 sessiyaya ev sahibliyi etmiş, pandemiyaya və onun fəsadlarına qarşı mübarizədə həmrəylik təşəbbüsləri ilə də fərqlənmişdir.
Dahi şairin 880 illik yubileyinin qeyd olunduğu 2021-ci ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi konfrans xüsusilə əhəmiyyətlidir. Konfransda günümüzün, dünya siyasətinin qlobal problemlərinə həsr olunan «Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri» adlı müzakirənin keçirilməsi, regionda baş verən kəskin dəyişikliklərin diqqətə çatdırılması, yaranan yeni vəziyyət hadisələrə zamanın tələblərinə uyğun yanaşmalar tələb edir. Mərkəzin beynəlxalq təsisata çevrilməsini Nizami irsinə maraq adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyada sülh, əməkdaşlıq, təhlükəsizlik və sabitlik işinə xidmət edən məşhur siyasətçilərin, tanınmış xadimlərin Mərkəzin fəaliyyətində iştirakı nadir hadisə, maraq doğuran təcrübədir.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev 30 il davam edən işğal faktından, 44 gün davam edən müharibədə ölkəmizin siyasi, iqtisadi, hərbi üstünlüklərindən bəhs etməklə Ermənistanın regionda sabitliyin pozulmasına yönələn və illərdən bəri davam etdirdiyi separatçılıq siyasətindən söz açmış, Dağlıq Qarabağ münaqişəsinə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın əhəmiyyətini, regiona sabitlik gətirəcək yeni reallıqları diqqətə çatdırmışdır.
Cənubi Qafqazda sabitliyin yaranmasına mane olmağa çalışan maraqlı qüvvələrin, hadisələrin gərginləşməsinə yönələn emosiyaların, təxribatların qarşısının birgə səylərlə alınacağını da bildirən dövlət başçımız 44 gün davam edən İkinci Qarabağ müharibəsini haqqın, ədalətin təntənəsi adlandırdı. Ali Baş Komandan kimi Azərbaycana Zəfər qazandıran, hədəfə yönəlmiş məntiqli çıxışları, açıqlamaları, qərəzli sualları belə səbrlə dinləməklə informasiya müharibəsində də düşmən üzərində Qələbəmizi təmin edən Prezident İlham Əliyev siyasi hazırlığı, qətiyyəti, hadisələrə obyektiv baxışı ilə də diqqət cəlb etmişdir. Artıq müharibə Azərbaycanın Qələbəsi ilə başa çatdı. İndi regional sabitliyə ciddi şəkildə töhfə verəcək perspektivlər barədə danışmağın vaxtıdır. Qitələri birləşdirən enerji və nəqliyyat layihələrinin müəllifi olan Azərbaycanın regionda tamamilə yeni bir vəziyyətin yaranması üçün göstərdiyi səylər ölkəmizin çoxformatlı əməkdaşlıq prisipinə sadiqliyinin və dövlət başçımız İlham Əliyevin siyasi iradəsinin təcəssümüdür.
Müharibədən sonra yalnız quruculuq işlərinə diqqət yetiriləcəyini bildirən Prezident İlham Əliyev bildirmişdir ki, ölkəmizə olan inam və etimad xarici siyasətimizin uğuru, Azərbaycanın siyasi sabitlik baxımından nadir ölkələrdən olması ilə bağlıdır. İşğaldan azad olunan ərazilərimizdə aparlan quruculuq və abadlıq işlərində iştirak etmək üçün Azərbaycanla əməkdaşlığa hazır olduqlarını bildirən ölkələrin sayının artması da beynəlxalq aləmdə möhkəmlənən nüfuzumuzun siyasi müstəvidə təsdiqidir.
Ermənistan üzərindəki Zəfər beynəlxalq hüququn qələbəsi və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi idi. Əfsuslar olsun ki, Ermənistan siyasi dairələrində məğlubiyyətlərini etiraf etməkdən qorxan revanşist qüvvələr hələ də gərginiliyi artırmaqda maraqlıdırlar. Ermənistanda keçiriləcək parlament seçkiləri ərəfəsində işğalçı ölkədə vəziyyətin mürəkkəbləşməsi, azərbaycanofobiyanın güclənməsi, təhdidlərin səslənməsi göstərir ki, məğlubiyyətlərindən dərs almayan ermənilər faşizm mahiyyətlərindən əl çəkmirlər. Bölgə ölkələri arasında infrastrukturun yaranmasında mühüm əhəmiyyətə malik məsələ olan Zəngəzur dəhlizinin bərpasını istəməyən tərəflərin təxribatları gərginliyi artırır.
Ancaq torpaqlarını işğaldan azad edən Azərbaycanın nəyə qadir olduğunu ordusu tamamilə məhv edilən, iqtisadiyyatı çökən Ermənistan daha yaxşı bilir. Ona görə də imzalanan bəyanatlarda nəzərdə tutulan vəzifələrin vəd olunduğu vaxtda həlli ilk növbədə Ermənistan üçün zəruridir. Prezident İlham Əliyevin «Biz indi gələcəyə baxmalıyıq. 30 illik işğala, azad olunmuş ərazilərdə genişmiqyaslı dağıntılara və onların məhv etdiklərinə baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmaqla vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionun br hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır» sözləri yeni reallıqların bələdçisidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki