image-img-20210524-wa0040backend

Regionun inkişafına xidmət edən əməkdaşlıq

image-reklam_sirab_01

Yaxın keçmişdə Cənubi Qafqaz regionunda kəskin dəyişikliklər baş verməsi səbəbilə Cənubi Qafqazda regional inkişaf və əməkdaşlıq perspektivləri qlobal gündəlikdə duran mühüm məsələlərdən birinə çevrilmişdir. Əlbəttəki, yeni vəziyyət yeni yanaşmaları tələb edir. Şübhəsiz ki, regionun inteqrasiyası ölkələrin inkişafına xidmət edəcəkdir. 44 günlük müharibədən yeni çıxmasına baxmayaraq, Azərbaycan gələcəyə nəzər salmağa, vahid inteqrasiya edilmiş Cənubi Qafqaz regionunun bir hissəsi olaraq öz gələcəyini planlaşdırmağa hazırdır və bu istiqamətdə Cənubi Qafqazda fəal əməkdaşlıq və inteqrasiya mühiti yaradılmasına səy göstərilir.
Ölkəmiz Avropanın enerji təhlükəsizliyində daha fəal şəkildə iştirak etmək əzmindədir və bu məqsədlə öz potensialına əsaslanaraq müxtəlif təşəbbüslərlə çıxış edir.
Son bir neçə ildə uğurla reallaşdırılan Cənub Qaz Dəhlizi layihəsini buna nümunə göstərə bilərik. Məlumdur ki, hazırda dünyada yaşanan məlum gərginliklər fonunda ölkələrin milli təhlükəsizliyinə yaranan təhdidlər enerji təhlükəsizliyinin aktuallığını daha da artırıb. Bu baxımdan Azərbaycanın şaxələndirilmiş neft-qaz boru kəmərləri şəbəkəsinin qurulmasına nail olması strateji əhəmiyyət daşıyır. Məhz şaxələndirilmiş infrastruktur qurması sayəsində Azərbaycan istehsalçı ölkə kimi müstəqil enerji siyasəti həyata keçirməyə və milli maraqlarını maksimum dərəcədə qorumağa nail olur.
Azərbaycan tarixi İpək Yolu üzərində yerləşdiyinə görə müasir infrastrukturun yaradılması dövlətin əsas hədəflərindəndir. Bu baxımdan Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü Azərbaycan fəal dəstəkləyir. Asiyanı Avropa ilə birləşdirmək kontekstində sözügedən layihə beynəlxalq gündəliyin mühüm hissəsidir. “Bir kəmər, bir yol” təşəbbüsü ölkələr və regionlar arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək, sabitlik və təhlükəsizliyin bərqərar olması istiqamətində atılmış növbəti mühüm addımlardandır.
Bazar münasibətlərinin inkişafına və iqtisadi tərəqqiyə təkan verən mühüm amillərdən biri Azərbaycanın qısa müddət ərzində beynəlxalq kapital hərəkətində fəal iştirak etməyə başlamasıdır.Məlum olduğu kimi müasir mərhələdə qlobal təsərrüfata qoşulmanın səmərəliliyi əhəmiyyətli dərəcədə ölkənin beynəlxalq rəqabət qabiliyyətinə nə dərəcədə malik olmasından asılıdır. Bunun nəticəsidir ki, Cənub Qaz Dəhlizi layihəsini həyata keçirəndə bütün əsas beynəlxalq maliyyə institutları (Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Çin tərəfindən təsis olunmuş İnfrastruktur və İnvestisiya Bankı) bizim tərəfdaşlarımız idi.
Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsi olan Trans-Adriatik boru xəttinin tamamlanmasından sonra Gürcüstan və Azərbaycana əlavə maliyyə ehtiyatları əldə etməyə imkan verib, ölkələrimizin beynəlxalq tərəfdaşlar qarşısında əhəmiyyətini artırmağa şərait yaradıb.
Vətən Müharibəsində əldə olunmuş qələbə Ermənistanın işğalçılıq siyasətinə son qoymaqla yanaşı, regionda və dünyada yeni əməkdaşlıq imkanları yaratdı. Şübhəsiz ki, yaranmış olan yeni reallıq beynəlxalq siyasi münasibətlər zəminində yeni əlaqələrin yaranmasını şərtləndirir. Azərbaycan dövləti ölkə başçısının rəhbərliyi altında bu istiqamətdə addımlar atıb və bunu həm Ermənistana, həm də beynəlxalq təşkilatlara, xarici ölkələrə bildirib. Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilmiş “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı tədbirdəki çıxışı ilə də bir daha bütün dünyaya bəyan etdi ki, Azərbaycan əməkdaşlığa hazırdır.

Aysel Mənsimova – YAP üzvü


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki