image-16253201903698619543_1000x669backend

Rəşad Mahmudov: Azərbaycanın həyata keçirdiyi layihələr ölkəmizin regionda mövqelərini daha da gücləndirir

image-reklam_sirab_01

Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə müstəqil dövlətçilik ənənələrimiz sağlam əsaslar üzərində formalaşdırılıb, respublikamızın gələcək uğurlarına əsaslı təminat yaradılıb. Eyni zamanda, həyata keçirilən qlobal əhəmiyyətli layihələr Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini getdikcə gücləndirib, beynəlxalq aləmdə nüfuzunu artırıb.

Azərbaycan hazırda regionda reallaşdırılan qlobal enerji və kommunikasiya layihələrinin təminatçısına çevrilib, ümumi daxili məhsulun artım tempinə görə dünyanın lider dövlətləri sırasına yüksəlib, respublikada sosial problemlərin həlli – işsizliyin aradan qaldırılması, yoxsulluğun azaldılması, infrastrukturun bütün sahələrdə yeniləşdirilməsi istiqamətlərində önəmli addımlar atılıb, vətəndaşların firavan, azad yaşayışı, insan hüquq və azadlıqlarının təmini, habelə demokratikləşmə yolunda önəmli tədbirlər gerçəkləşdirilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Rəşad Mahmudov deyib.

Rəşad Mahmudov bildirib: “Bütün dünyanın hələ də cəngindən xilas ola bilmədiyi koronavirus pandemiyasına qarşı ilk vaxtlardan ölkəmizdə ciddi mübarizə aparılıb və bu, hazırda da davam etdirilir. Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edən Azərbaycan bu sahədə qlobal müstəvidə də fəal rol oynayır.

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı İnkişafa Yardım Komitəsinin (OECD DAC) rəsmi internet səhifəsində Azərbaycanın xarici ölkələr və beynəlxalq təşkilatlara göstərdiyi yardımları barədə hesabatı da bunu aydın göstərir. Belə ki, həmin hesabatda Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində ölkəmizin yardım alan dövlətdən yardım edən donora çevrildiyi, beynəlxalq yardımların operativ və əlaqələndirilmiş şəkildə gerçəkləşdirildiyi bildirilir. Eyni zamanda, dünyada yayılmış yeni növ koronavirus pandemiyasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası tərəfindən 30-dan çox ölkəyə və 3 beynəlxalq təşkilata yardım edildiyi diqqətə çatdırılır.

Ölkəmizdə humanizm prinsiplərinə əsaslanaraq reallaşdırılan yardım siyasətinə beynəlxalq ictimaiyyət tərəfindən yüksək qiymət verilməsi, Azərbaycanın regionun aparıcı dövləti kimi qəbul olunması məhz Prezident İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin məntiqi nəticəsidir”.

Rəşad Mahmudov açıqlamasında ölkə rəhbərinin gördüyü tədbirlərin respublikamızda yeni növ virusun törətdiyi xəstəliyə qarşı mübarizəni ən yüksək səviyyədə təşkil etməyə, eyni zamanda, iqtisadi böhranın qarşısını almağa, iqtisadi sabitliyi qoruyub saxlamağa imkan yaratdığını vurğulayıb. Bildirib ki, bunun nəticəsində pandemiya şəraitində iqtisadi sahədə bir sıra əlamətdar hadisələr qeyd edilib. Məsələn, Cənub Qaz Dəhlizinin əsas komponentlərindən biri olan, Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik qaz boru kəmərinin (TAP) tikintisi tamamlanıb və ötən il noyabrın 15-də TAP kommersiya əməliyyatlarına başlanılıb.

Keçən il taleyüklü bir hadisə isə tarixə qızıl hərflərlə yazıldı. Sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin bütün cəbhəboyu genişmiqyaslı təxribatlarına cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. Vətən müharibəsinin 44 günü ərzində Silahlı Qüvvələrimizin qarşısında duruş gətirə bilməyəcəyini, iflasa məhkum olacağını anlayan düşmən məğlubiyyətini etiraf etmək məcburiyyətində qaldı, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş naziri tərəfindən üçtərəfli Bəyanat imzalandı. Bununla da 30 ildən artıq davam edən münaqişəyə, torpaqlarımızın işğalına son qoyuldu, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatı şərtləndirildi. Bəyanatın müddəalarına uyğun olaraq, Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların dayandırılması elan edildi. Ötən il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları mərhələ-mərhələ Azərbaycana qaytarıldı.

Deputat sonda qeyd edib ki, artıq tarixi Zəfərdən ötən müddətdə Azərbaycana qovuşan Qarabağımızın bərpası, dirçəldilməsi istiqamətində Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırıq, göstəriş və tövsiyələri ilə mühüm addımlar atılır, işğaldan azad edilmiş ərazilərin bərpası vahid konsepsiya əsasında həyata keçirilir. Eyni zamanda, ölkənin iqtisadi həyatı ilə bağlı qarşıda duran vəzifələrin gerçəkləşdirilməsi uğurla davam etdirilir. Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Ələt Azad İqtisadi Zonasının yaradılması da bunun bariz ifadəsidir. Yeri gəlmişkən, bu iqtisadi zonanın yaradılmasında əsas məqsəd ölkəmizdə həyata keçirilən qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək, yüksək əlavə dəyərli və ixracyönümlü istehsalın coğrafiyasını genişləndirmək, biznes və investisiya mühiti daha da yaxşılaşdırmaqdır. Şübhəsiz ki, bu zaman iqtisadiyyatın dayanıqlılığını qoruyub saxlamaq, həmçinin minlərlə yeni iş yeri yaratmaq da qarşıda duran əsas vəzifələrdən biridir.

Bu layihənin icrası ilə Azərbaycanın daha böyük iqtisadi dividendlər qazanacağı, ölkəmizin regionda mövqelərinin daha da güclənəcəyi, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətinin daha da artacağı gözlənilir. Bu, eyni zamanda, dövlətimizin başçısının apardığı siyasətin müdrikliyindən, Prezident İlham Əliyevin söz və əməl vəhdətinin davamlılığından xəbər verir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki