image-reklam-veteninfo
image-be8daa516b57b8f6backend

Sanki beynəlxalq hüququ qəsdən gözdən salırlar…

image-reklam-veteninfo

 İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 18 iyun tarixli qərarı bir daha göstərdi ki, beynəlxalq hüquq qəsdən gözdən salınır. Ən acınacaqlısı odur ki, bunu beynəlxalq hüququn fundamental prinsiplərini hər şeydən üstün tutmalı olan təşkilatlar edir. Sanki ictimai şüura bilərəkdən bu fikir yeridilir ki, siyasi motiv və maraqların olduğu yerdə ədalətə ümid etmək sadəlövhlükdən başqa bir şey deyil.

Əgər belə olmasaydı, həmin qərarda “Azərbaycan ilə “DQR” arasında təmas xətti”, qondarma rejimin ordusu, hakimiyyət orqanları, baş prokuroru və ombudsmanı kimi qeyri-hüquqi ifadələrə yer verilməzdi. Halbuki, onların hər biri beynəlxalq hüququn ölkələrin ərazi bütövlüyünüvə suverenliyini təşviq edən fundamental prinsipləri iləziddiyyət təşkil edir və açıq-aşkar separatçılığın körüklənməsinə xidmət göstərir. Bu qərarla Azərbaycana o mesaj verilir ki, “sizdən və məkrli planlarımızdan əl çəkən deyilik”.

Heç şübhəsiz ki, bu, insan haqları və demokratiya pərdəsi altında ölkəmizə qarşı cılız siyasi təzyiq cəhdidir.Son günlər Azərbaycanı yenidən qərəzli şəkildə hədəf seçən qərar və bəyanatları təhlil etdikdə asanlıqla görmək olur ki, bu addımlar təşkil olunmuş siyasi prosesin tərkib hissəsidir. İyunun 23-də Fransanın Avropa və Xarici İşlər Nazirliyi tərəfindən Milli Assambleya üzvlərinin suallarına verilən cavablar da elə bu qəbildəndir.

 

Rəsmi qurumun cavabında “Dağlıq Qarabağdan köçürülmüş” ermənilərə dəstək, “erməni məhbuslarının taleyi və onların azad edilməsi”, “erməni dini və mədəni irsi”, “Azərbaycan-Ermənistan sülh prosesində insan hüquqları” kimi heç bir hüquqi əsası olmayan ifadə vəiddiaların yer alması göstərir ki, anti-Azərbaycan dairələrinin ünvanı dəyişməyib. Bu, həm də ona dəlalət edir ki, 1987-ci ildə “Humanite” qəzetində Mixail Qorbaçovun müşaviri Aqanbekyanın dili ilə təşviq olunan “Qarabağın Ermənistana birləşdirilməsi” tezisi bir çox fransız siyasətçiləri üçün hələ də doğmadır. Əks təqdirdə, Fransa prezidenti 44 günlük Vətən müharibəsinin ilk günlərindən etibarən “Azərbaycan Dağlıq Qarabağı fəth etmək istəyir və biz buna icazə vermərik” kimi beynəlxalq hüquqa zidd olan cəfəng bəyanatı verməzdi.

 

Bu cür ədalətsiz qərar və rəsmi cavabların ardınca AŞPA-nın ölkəmizə qarşı qəbul etdiyi növbəti qərəzli qətnamə də göstərir ki, bütün bunlar düşünülmüş və idarə olunan prosesin tərkib hissəsidir. Çünki Avropa Məhkəməsinin, Fransa Xarici İşlər Nazirliyinin və AŞPA-nın beynəlxalq hüququ heçə sayan ifadə və terminləri arasında heç bir fərq yoxdur. Konkret olaraq AŞPA-nın son qətnaməsinə və tarixi Zəfərimizdən sonra Avropa Parlamentinin ölkəmizə qarşı qəbul etdiyi digər 14 qətnaməsinə gəldikdə isə, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu, sanki bir “asılılıqdır”. Əgər belə olmasydı, özlərini insan haqlarının və demokratiyanın əvəzedilməz “carçısı” kimi qələmə verməyə çalışan bəzi avropalı deputatlar həmin qətnamələrin müzakirəsi zamanı “xristian erməni qardaşlarımızı qorumalıyıq” kimi cahil və bölücü fikirləri dillərinə gətirməzdilər.

Bəs, bu cahillik və qərəz nədən qaynaqlanır? Həmin sualın cavabı cəmiyyətimizə artıq məlum olsa da,düşünürəm ki, təkrarlamaqda fayda var. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev iki il əvvəl Milli Məclisdə keçirilən andiçmə mərasimində həmin qərəzin səbəbini açıq mətnlə bu cür ifadə etmişdi: “Biz elə bir bölgədə yerləşirik, bizə qarşı elə bir qüvvələr birləşib ki, bizə ziyan vurmaq üçün fürsət axtarırlar. Biz,- İkinci Qarabağ müharibəsi zamanı və antiterror əməliyyatı zamanı mən bunu artıq demişdim, -sarsılmaz hesab olunan elə bir daşları tərpətdik ki, bunu bizə bağışlamayacaqlar, biz bunu bilməliyik”.

Ətrafımızda baş verən proseslər, qərəzli qərar və qətnamələr cənab Prezidentin nə qədər haqlı olduğunu bir daha sübut edir. Avropadakı bəzi siyasətçilər onu da bilməlidirlər ki, dini və etnik zəmində bölücülüyü təşviq edən cahil təşəbbüslər olduqca təhlükəlidir. Çünki uydurma və saxta fobiyalar cahələt asılılığını yalnız gücləndirir, təkcə başqalarına yox, həm də öz cəmiyyətlərinə dərin yaralar vurur. İnanmaq istərdim ki, bunu edənlər, Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının iştirakçılarına ünvanladığı təbrik məktubunda ifadə etdiyi bu bəyanatından ədalətli nəticə çıxara bilmək üçün özlərində siyasi cəsarət tapacaqlar: “İslamofobiya yalnız müsəlmanlara qarşı dözümsüzlük halı deyil, qarşılıqlı anlaşmaya və dinc birgəyaşayışa təhdid yaradan təhlükəli tendensiyadır. Məyusedici haldır ki, Qərbdə bəzi siyasi dairələr, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası kimi beynəlxalq təsisatlar anti-İslam əhvali-ruhiyyəsini təlqin edərək, İslamı ekstremizm və terrorizm ilə eyniləşdirməyə, dinimizə qarşı qərəzli təsəvvür yaratmağa və onu təhlükə mənbəyi kimi qələmə verməyə cəhdlər göstərir”.

Geosiyasi proseslər, həqiqətən, elə təhlükəli həddə gəlib çatıb ki, dünya sivilizasiyası uydurma fobiyalardan, siyasi motivlərə söykənən saxta “damğalardan” və utancverici ikili standartlardan tezliklə azad olmasa, bəşəriyyət indikindən daha böyük və daha təhlükəli çağırışlarla üzləşməli olacaq.

Ülvi Quliyev, Milli Məclisin deputatı




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki