image-9730b363-51f7-42f5-8a2c-b1ff4b2b7ae6backend

Şanlı Zəfərə aparan yol

image-reklam_sirab_01

 

 

 

Sentyabrın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna səfərləri çərçivəsində rayonun Qaraxanbəyli kəndində 27 Sentyabr – Anım Gününə həsr olunmuş xatirə lövhəsinin önünə gül dəstələri qoyublar. Anım Günü ilə əlaqədar saat 12.00-da Vətən müharibəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra ölkə başçısı çıxışında bildirib ki, biz xoşbəxt nəsilik ki, bu şərəfli missiya bizim üzərimizə düşüb: “Xoşbəxt nəsilik ki, biz bu tarixi hadisənin həm şahidləriyik, həm də iştirakçılarıyıq. Bizdən sonra gələn nəsillər həmişə bu şanlı tarixlə fəxr edəcəklər. Biz fəxr edirik ki, bu torpağın övladlarıyıq. Fəxr edirik ki, döyüş meydanında öz haqqımızı bərpa etdik, düşməni məğlub etdik və bundan sonra biz müzəffər xalq kimi, qalib ölkə kimi əbədi yaşayacağıq”.

2016-cı ilin Aprel döyüşlərində qazandığımız qələbə ordumuzun qüdrətini bütün dünyaya nümayiş etdirdi. Belə ki, aprelin 2-nə keçən gecə işğalçı Ermənistanın silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşən rayonlarımız Qazax, Tovuz, Gədəbəyin rayonlarının kəndləri və adsız yüksəkliklər, o cümlədən Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl rayonlarının kəndləri və bir sıra adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutuldu. Ermənistanın təcavüzkar əməllərinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verildi. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirildi.  Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarəti altına keçdi. Döyüş zamanı ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, o cümlədən düşmənin yüzdən çox hərbi qulluqçusu məhv oldu və yaralandı.

Bundan sonra ordumuz 2018-ci ilin mayında Günnüt Zəfəri ilə yeni bir tarix yazdı. Belə ki, uğurlu əməliyyat nəticəsində Naxçıvan Muxtar Respublikasının 11 min hektardan artıq ərazisi və Şərur rayonunun Günnüt kəndi düşməndən azad edilərək dövlət sərhədi boyunca əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Beləliklə, Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi əməliyyatı uğurla nəticələndi, qarşıya qoyulan məqsədə nail olundu.

Nəhayət, 2020-ci il sentyabrın 27-də təcavüzkar Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı. Qırx dörd gün davam edən Vətən müharibəsi təxminən otuz illik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

Bəli, Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı səhifəsini təşkil edən qırx dörd günlük Vətən müharibəsi milli iradə, milli ruh, milli ləyaqət təntənəsi, milli dövlətçiliyimizin qızıl tarixi, qürur və şərəf rəmzidir. Çünki ordumuzun şücaəti, əsgər və zabitlərimizin canı, qanı bahasına düşmən biabırçı məğlubiyyətə uğradı, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, haqq-ədalət öz yerini tapdı.

Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev sentyabrın 27-də Anım Günü ilə bağlı Füzuli rayonunun Qaraxanbəyli kəndində çıxışında bildirib ki, hər birimiz müstəqilliyimizin, ərazi bütövlüyümüzün keşiyində əbədi duracağımıza and içməliyik: “Bu gün şəhidlərimizin əziz xatirəsini yad edərək, bir daha hər birimiz özünə söz verməlidir, vəd verməlidir, and içməlidir ki, biz müstəqilliyimizin keşiyində əbədi duracağıq, biz ərazi bütövlüyümüzün keşiyində əbədi duracağıq. Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın, qoymayacağıq ki, bir daha bizim üçün təhdid yaratsın. Əgər bunu görsək, dərhal hərəkətə keçəcəyik. Əminəm ki, buna ehtiyac olmayacaq. Çünki ölkəmizin artan gücü, o cümlədən hərbi gücü müstəqilliyimizin, rahat həyatımızın təminatçısıdır, onun qarantıdır”.

 

 

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant,

Vətən müharibəsi iştirakçısı

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki