image-img-20220727-wa0042backend

Şəhid ailələri daim diqqət mərkəzindədir

image-reklam_sirab_01

Şəhid ailələri daim diqqət mərkəzindədir

 

Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Şəhid ailələrinin və müharibə əlillərinin məişət problemləri dövlət xətti ilə həll olunur. Şəhid ailələrinə dövlət tərəfindən mənzillər, fərdi evlər verilmişdir, minlərlə minik maşınları verilmişdir. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayonlarda da dövlət xətti ilə bu iş görüləcək. O cümlədən şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Rayon icra orqanlarının nümayəndələri bu kateqoriyadan olan insanlara biganə qalmamalı, əksinə, daim onların yaşayışı ilə maraqlanmalıdır.

Hərbçilər, qazilər və şəhid ailələri Azərbaycan dövlətinin hər zaman xüsusi diqqət və qayğısı altındadır. Çünki xalqın azadlığı uğrunda canlarını fəda edərək şəhidlik zirvəsinə ucalanlar, sağlamlıqlarından keçərək əlil olanlar onlardır.Şəhid  ailələrini  ovunduran və onlara səbir verən amillərdən biri də elə şəhidlərimizə olan güclü və sonsuz ehtiramdır.

Dövlət tərəfindən şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitləri yaxşılaşdırılır. Şəhid ailələri və əlillərə mütəmadi olaraq  yeni mənzillər, avtomobillər verilir. Onların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və lazım gələndə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır.Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli Liderin bu həssas təbəqəyə göstərdiyi qayğı, bu istiqamətdə yürütdüyü dövlət siyasəti onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2021-2025-ci illər ərzində şəhid ailələri, müharibə əlilləri və digər həssas qrupa aid olan insanların mənzillə tam təminatının həyata keçirilməsi üçün dövlət proqramı təsdiqlənib. Nəticədə bu günə kimi bu kateqoriyaya aid olan 13 mindən çox şəxs mənzil və ya fərdi evlərlə təmin edilib. Bunun təxminən 3 500-ü postmüharibə dövründə verilib. Eyni zamanda qazilərin sağlamlığının qorunması, onların müasir protezlərlə təminatı, reabilitasiya kurslarını keçməsi üçün də çox mühüm addımlar atılır. Bu da onların öz sağlamlıqlarını bərpa etməsinə töhfə verir. Sosial-psixoloji xidmətlərin göstərilməsini də bu işlərə əlavə etmək olar.Prezident İlham Əliyev tərəfindən son iki il ərzində  imzalanan  sərəncamlara əsasən  şəhid ailələrinə, qazilərə və digər həssas qrupa aid insanlara verilən təqaüdlərin həcmi artırılıb. Həmçinin ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu kateqoriyadan olan insanlarla bağlı müxtəlif layihələr həyata keçirilir.

Müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtı-vaxtında təmin edilir.

Dekabrın 8-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun (“YAŞAT” Fondu) yaradılması haqqında imzaladığı fərman  da bu humanist addımlardan biridir.Fond yaralıların və həlak olanların sosial müdafiəsi sahəsində dövlətin apardığı tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platforma rolunu oynayır. Bu Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.

Bütün bunlar onu deməyə əsas verir ki, şəhid ailələri, qazilər və digər həssas qrupa aid insanlara diqqət və qayğının göstərilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması kimi məsələlər dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biridir.

 

Azərbaycan Dövlət Pedaqoji Universiteti

 

Gülpəri Məmmədli

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki