image-1jpgbackend

Səhiyyə Nazirliyi Füzuli şəhərində səyyar müayinələr təşkil edib

image-reklam_sirab_01

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə iyulun 12-də nazirliyin Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun həkim heyəti tərəfindən Füzuli şəhərində əhali üçün səyyar müayinələr keçirilib.

Nazirliyin mətbuat xidmətindən Vətəninfo.az-a bildirilib ki, işğaldan azad olunan ərazilərə “Böyük Qayıdış” Proqramı çərçivəsində Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq təşkil edilən tədbirlər çərçivəsində Füzuli sakinləri arasında nevroloji, artroloji, qastroenteroloji, fizioterapevtik reabilitasiya istiqamətlərində müayinələr keçirilib. Aksiya zamanı Tibbi Bərpa İnstitutunun artroloq, nevroloq, qastroenteroloq, fizioterapevt-reabilitoloq, tibb bacısından ibarət heyət tərəfindən əhaliyə tibbi baxış keçirilib, EMQ müayinələri aparılıb. Bundan əlavə, müayinələr zamanı səhhətində problem aşkarlanan sakinlərə peşəkar tibbi məsləhətlər verilib və müvafiq müalicələr təyin olunub.

Orta yaşlı əhalidə onurğa, sinir, dayaq-hərəkət, mədə-bağırsaq, həmçinin ümumi serebrovaskulyar xəstəliklərin aşkar edilməsi, 3-16, 16- 65 yaş əhali arasında skolioz və digər vertebrogen problemlərin diaqnostika və bərpası üzrə müayinələr aparılıb. Aksiya iştirakçılarına İnstitutun fizioterapevt və reabilitoloqlar tərəfindən medikamentoz terapiya ilə yanaşı, həm təbii, həm də süni fiziki faktorları fərdi olaraq təyin etməklə, sağlamlığın erkən əldə olunmasına kömək edən profilaktik tövsiyələr verilib.

Aksiya zamanı 150-dən çox vətəndaş müayinələrdən keçirilib.

İşğaldan azad edilən digər ərazilərdə də Səhiyyə Nazirliyi tərəfindən davamlı olaraq maarifləndirici tədbirlərin və müayinə aksiyalarının keçirilməsi nəzərdə tutulub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image