“Qrip hər il oktyabr ayından başlayaraq dekabr ayına qədər artır və aprel-may ayları da daxil olanda geniş yayılır. Ona görə də qrip peyvəndi hər il oktyabr ayında vurulmalıdır”.
Vətəninfo.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Zakir Quliyev deyib.
O bildirib ki, risk qrupunda olan şəxslərə daha əvvəl peyvənd vurulmayıbsa, fevral ayına qədər peyvənd vurula bilər: “Peyvənd bütün dünyada 60 ildən artıqdır ki, istifadə olunur. Peyvənd qripdən 70 %-dən çox qoruyur və riskli insanlarda yarana biləcək fəsadların (məsələn, ağır ağciyər infeksiyaları) qarşısı alına bilər. Xəstəliyin qarşısının alınmasında peyvəndlə yanaşı, əl gigiyenasının təmin edilməsi və ümumi sağlamlıq tədbirlərinə (qidalanma, fiziki fəaliyyət və yuxu rejimi) diqqət yetirilməsi, insanların sıx olduğu mühitlərdən və xəstə insanlardan uzaq durmaq da mühüm əhəmiyyət kəsb edir”.
Z.Quliyev qeyd edib ki, qrip (tibbi adı influenza) hər il dünyada təxminən 2-5 milyon insana yoluxan, 250 mindən çox insanın isə ölümünə səbəb olan influenza virusunun törətdiyi bir infeksion xəstəlikdir: “Xəstəliyə səbəb olan influenza virusunun (H3N2) quruluşu asanlıqla dəyişir. Virusun asanlıqla tərkibinin dəyişməsi xəstəliyə hər il yoluxmamızın səbəbidir. Qrip ani başlayan hərarət, öskürək, boğaz və baş ağrısı, burun axıntısı, əzələ və oynaq ağrıları ilə müşahidə olunur. İnfluenza virusu yuxarı və aşağı tənəffüs yollarında artıb çoxalır və hüceyrələrin nekrozuna səbəb olur. Qısa bir inkubasiya dövründən sonra temperatur yüksəlir, baş ağrısı, halsızlıq, iştahsızlıq ilə özünü göstərir. Ağrı daha çox alın, gicgah nahiyəsində, qaşların üstündə, göz almalarında və bəzən beldə müşahidə olunur. Oynaq, əzələ ağrıları xəstəni olduqca halsız edir”.
“Temperatur 38 və daha yüksək ola bilər və bir neçə gün davam edir. Xəstədə boğaz ağrısı, burun axıntısı, əvvəlcə quru, sonra selikli öskürək, səsin qalınlaşması, gözlərdə konyuktivaların qızarması, müayinə zamanı yumşaq damaqda və udlaqda səpgilər müşahidə olunur. Öskürək hətta hərarət endikdən sonra belə davam edir. Öskürək zamanı döş nahiyyəsində ağrı nəzərə çarpır. Bəzən hətta qarın ağrısı və ishala da rast gəlinir. Qrip hava-damcı yolu ilə yoluxur. Öskürən və ya asqıran xəstə insan hava-damcı yolu ilə çox sayda virusu ətrafa yayır. Ətrafa yayılan virus damcıları ağız, burun, ya da gözlərə təmas etdiyindən yoluxma qeydə alınır. Bu səbəblə qripli xəstə virusu ətrafa yaymamaq üçün asqıran, yaxud öskürən zaman ağzını dəsmalla, yaxud qolları ilə tutmalıdır. Qripli xəstə tez-tez əllərini yumalı, su və sabunun olmadığı məqamlarda əl antiseptikləri istifadə etməlidir”.