image-settarbackend

Səttar Möhbalıyev: “Azərbaycan İslam həmrəyliyi naminə hər zaman səylə çalışıb”

image-reklam_sirab_01

“Dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə günü-gündən inkişaf edən Azərbaycanın beynəlxalq münasibətlər sistemində əhəmiyyəti durmadan artmaqdadır. Bu sahəni – beynəlxalq münasibətləri həm nəzəri, həm də empirik baxımdan dərindən bilən Prezident İlham Əliyev iştirak etdiyi bütün regional və beynəlxalq tədbirlərdə dövlətimizin maraqlarını əsas tutaraq ölkəmizi layiqincə təmsil edir. Oktyabrın 31-də Soçidə Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanla üçtərəfli görüşdə ölkəmizin daha bir diplomatik uğrunun müəllifi olan dövlətimizin başçısı növbəti gün Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında Qoşulmama Hərəkatının sədri qismində və Sammitin fəxri qonağı statusunda iştirak edib. Prezidentimizin bu ali tədbirə dəvət olunması, çıxışının maraqla dinlənilməsi ölkəmizin dünyada artan nüfuzunu, onun liderinin şəxsi hörmətini və qlobal təşəbbüslərinin əhəmiyyətini göstərir. Həmçinin dövlətimizin düzgün müəyyən edilən balanslaşdırılmış xarici siyasəti, hər zaman etibarlı tərəfdaş mövqeyini qoruyub saxlaması müttəfiqlərimizin və dostlarımızın sayını xeyli artırıb, ölkəmizin beynəlxalq müstəvidə layiqli yerini möhkəmləndirib”.

Bu fikirləri Vətəninfo.az-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, uzun illər davam etmiş Ermənistanın işğal siyasətini, bu illər ərzində törədilən vəhşilikləri tədbir iştirakçılarının diqqətinə çatdıran Prezidentimiz Azərbaycanın haqq savaşında artıq işğala son qoyduğunu bildirib: “Ölkəmiz hər zaman sabitliyin və təhlükəsizliyin tərəfdarı olub, qonşuları ilə dostluq münasibətlərinə üstünlük verib, Prezidentimiz sülhsevər siyasəti ilə dünyada diqqət çəkib. Heç də təsadüfü deyil ki, Ermənistanın işğal siyasətinə məruz qalan ölkəmiz uzun müddət danışıqalar prosesinə sadiq qaldı, münaqişənin bu yolla həllinə çalışdı. Təəssüflər olsun ki, üzləşdiyi ikili standartlar buna mane oldu. BMT-nin münaqişə ilə bağlı məlum qətnamələri təsirsiz qaldı, icrası təmin edilmədi. Həmçinin münaqişənin həlli ilə məşğul olan qurumlar öz vəzifələrinin öhdəsindən gələ bilmədilər. Amma Azərbaycan və onun lideri qətiyyətli mövqe ortaya qoyaraq ərazi bütövlüyünü təmin etdi. Dövlətimizin başçısı Zirvə toplantısında Ermənilərin mədəni-dini abidələrimizi məhv etdiyini iştirakçılara çatdırdı. Təbii ki, bu son dərəcə vacib amildir, müsəlman dövlətləri Ermənistanın islamofob xislətini tanımalıdır. Onlar məscidlərimizdə donuz saxlamaqla və bunun fotolarını çəkib yaymaqla bütün müsəlmanların heysiyyətinə toxunublar. Belə vəhşiliklərin dünyada bənzəri yoxdur”.
“Zirvə toplantısında Prezidentimizin ifadə etdiyi kimi, Azərbaycan İslam həmrəyliyi üçün xeyli önəmli işlər görüb. Müsəlman dünyasının əsas ölkələrindən biri olaraq Azərbaycan tarixən İslam mədəniyyətinin tərəqqisinə, dəyərlərinin dünyada təbliğinə misilsiz xidmətlər göstərmişdir. Heç də təsadüfi deyil ki, 2009-cu ildə Bakı, 2018-ci ildə isə Naxçıvan şəhərləri İslam mədəniyyətinin paytaxtı elan olundu. Eləcə də 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarının Bakı şəhərində təşkil olunması ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlarının bariz nümunəsidir. Bundan başqa, 2017-ci il ölkəmizdə “İslam Həmrəyliyi İli” oldu, bir sıra əhəmiyyətli tədbirlər keçirildi. Bütün bunlar müsəlman ölkələrinin və xalqlarının biri-birinə daha da yaxınlaşmasında, münasibətlərin möhkəmlənməsində və genişlənməsində, həmrəyliyə nail olunmasında əlamətdar addımlardır”, – Milli Məclisin deputatı deyib.
AHİK sədri əlavə edib ki, Prezident İlham Əliyevin Zirvə tolantısında səsləndirdiyi fikirlər bir daha Azərbaycanın sülh və sabitlik tərəfdarı olduğunu, qlobal təşəbbüslərinin ədalət prinsiplərinə əsaslandığını göstərdi.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki