image-settarbackend

Səttar Möhbalıyev: “Cənub Qaz Dəhlizi layihəsi Avropa üçün daha etibarlı və əlverişlidir”

image-reklam_sirab_01

“İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan qalib dövlətdir, Ermənistan işğal etdiyi torpaqlardan qovuldu, bu gün həmin ərazilərdə sürətli bərpa-quruculuq işləri aparılır, Rusiya sülhməramlılarının məsuliyyət daşıdığı Azərbaycan ərazisində 25 minə yaxın etnik erməni yaşayır ki, onlar da dövlət başçımızın ifadə etdiyi kimi, Azərbaycan vətəndaşlarıdır. Ermənistanın bu reallıqlarla barışması çox vacibdir. Uzun müddət davam edən işğal siyasəti bütün regionu iflic etmişdi. Azərbaycanın bərqərar etdiyi yeni mövqe isə nəinki bölgə, həmçinin bütün region üçün əlverişlidir, Ermənistanın da düşdüyü böhrandan yeganə çıxış yolu qalib dövlətin təkliflərini qəbul etməkdir”.

 

Bu fikirləri Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

 

S.Möhbalıyev qeyd edib ki, Azərbaycan tərəfi danışıqlara hazır olduğunu dəfələrlə bəyan edib. Onun sözlərinə görə, dövlətimizin başçısı oktyabrın 2-də İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində də bu barədə söz açdı: “Təbii ki, bundan sonrakı problemlərin, açıq qalan məsələlərin həlli danışıqlardan keçir. İlk öncə, birgə bəyanatların icrası təmin edilməlidir, kommunikasiyalar açılmalıdır, sərhədlərin delimitasiyasına və demarkasiyasına başlanılmalıdır. Proseslər bunu tələb edir. Ermənistanın bunun əksini düşünməsi vəziyyəti gərginləşdirə bilər. Bu isə Ermənistanın onsuz da ağır olan durumunu daha da ağırlaşdırar. Azərbaycanın mövqeyi həmişə konstruktiv olub və bütövlükdə regionun hərtərəfli inkişafına hesablanıb. Həmçinin Türkiyə tərəfindən irəli sürülən regional əməkdaşlığa dair “3+3” platforması da ölkəmiz tərəfindən dəstəklənir. Bu, regionun gələcək inkişafı üçün son dərəcə əhəmiyyətlidir. Ermənistanın bu məsələdə də hələ ki sərgilədiyi mövqe təəssüf doğurur”.

 

Milli Məclisin deputatı vurğulayıb ki, Azərbaycan beynəlxalq hüququn bütün normalarına hörmətlə yanaşır, həmişə bu prinsiplərə sədaqət nümayiş etdirir. O qeyd edib ki, müharibə vaxtı əsir götürülmüş ermənilərlə bu barədə müəyyən olunmuş beynəlxalq hüquq normalarına uyğun davranılıb: “Həmin əsrlər də müharibə başa çatandan az sonra öz ölkələrinə təhvil verildilər. Bu gün Ermənistanın əsasız olaraq təkidlə əsir adlandırdığı həmin şəxslər isə cinayət törətmiş şəxslərdir ki, onlar da qanuna müvafiq olaraq məhkum olunublar. Bu məsələdə də beynəlxalq hüququn heç bir prinsipi pozulmayıb. Daha böyük cinayət isə Ermənistan tərəfindən hələ də minalanmış ərazilərin xəritələrinin tam şəkildə Azərbaycan tərəfinə təqdim olunmamasıdır. Cənab Prezident də tez-tez buna toxunur. Çünki 1 milyondan artıq sakin işğaldan azad olunmuş öz ata-baba yurduna yaşamaq üçün qayıtmaq istəyir. Ərazilərin minalanması və bu günə qədər mina xəritələrinin verilməməsi aparılan bərpa-quruculuq işlərinin sürətini aşağı salır və vaxt itkisinə səbəb olur”.

 

AHİK sədri bildirib ki, cənab Prezident müsahibəsində Azərbaycanın iqtisadi potensialından söz açaraq etibarlı tərəfdaş olduğunu da vurğuladı. S.Möhbalıyev əlavə edib ki, bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Cənub Qaz Dəhlizi layihəsi mühüm rol oynayır və Avropa İttifaqı üçün prioritet enerji layihələrindən hesab olunur. Onun sözlərinə görə, Azərbaycan qazı Avropa üçün daha etibarlı və uzunmüddətli, həmçinin qiymət baxımından da əlverişlidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki