image-settarbackend

Səttar Möhbalıyev: “Ölkəmizin sosial-iqtisadi inkişafı dövlət siyasətinin prioritet istiqamətidir”

image-reklam_sirab_01

“Dövlətimizin başçısı cənab İlham Əliyevin fəaliyyətinin mühüm tərkib hissəsini ölkənin sosial-iqtisadi inkişafının daha da möhkəmləndirilməsi təşkil edir. Ardıcıl olaraq həyata keçirilən kompleks tədbirlər sayəsində ölkəmizdə vətəndaşların layiqli həyat şəraiti təmin edilib. Bu istiqamətdə mütəmadi xarakter alan islahatların nəticələrini hər bir Azərbaycan insanı öz həyatında hiss edir. Statistikaya nəzər salsaq, görərik ki, 2019-cu ildə iki sosial islahat zərfi tətbiq edilib, müavinət və təqaüdlərin məbləği orta hesabla 92%, əmək pensiyasının minimum məbləği 72%, minimum əməkhaqqı 92%, dövlət büdcəsindən maliyyələşdirilən qurumlarda işləyənlərin əməkhaqları orta hesabla 50% artırılıb. 2018-ci ilin əvvəli ilə müqayisədə orta aylıq nominal əməkhaqqının məbləğində 39%, əmək pensiyalarının orta məbləğində 60%, sosial müavinətlərin orta məbləğində 2 dəfə, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin orta məbləğində isə 2,2 dəfə artım əldə olunub. Bütün bunlar əhalinin sosial müdafiəsini artırıb və yaşayış səviyyəsini yüksəldib.

Bu fikirləri Veteninfo.az-a Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin imzaladığı yeni sərəncam və fərmanlar əhalinin həssas qruplarına yönələn sosial ödənişlərin artırılması istiqamətindəki islahatların davamıdır: “İslahatlar 2,1 milyondan çox şəxs olmaqla ümumilikdə bütün təbəqələrdən olan insanı əhatə edir. Belə ki, əlilliyi olan şəxslər və I dərəcə əlilliyi olan şəxslərə qulluq edənlər, sağlamlıq imkanları məhdud uşaqlar və onlara qulluq edənlər, yaşa görə müavinət alanlar, ailə başçısını itirməyə görə müavinət alanlar, müddətli hərbi xidmətdə olanların uşaqları, uşaqların qəyyumları, beşdən çox uşağı olan qadınlar, bir yaşadək uşağı olan aztəminatlı ailələr və s. kateqoriyaya daxil olan insanların bu sosial paketdən yararlanması islahatların miqyasının genişliyini göstərir. Doktorant və tələbələrin də bu artımda nəzərə alınması gənclərin təhsilə olan marağını daha da artıracaq, savadlı və müasir elmi biliklərə yiyələnmiş insanların sayının çoxalmasına gətirib çıxaracaq. Təhsil işçilərinin sosial müdafiəsi də həmişə dövlət siyasətinin prioritet istiqaməti olub. Son əməkhaqqı artımı 165 min təhsil işçisini əhatə edir və bu məqsədlə 273 milyon manat illik əlavə vəsait nəzərdə tutulub. Bu qərar müəllimlərin rifahının yüksəlməsinə və təhsildə keyfiyyətin artmasına münbit şərait yaradacaq”.

 Milli Məclisin deputatı bildirib ki, dövlət başçısının müxtəlif vaxtlarda verdiyi sərəncamlarla minimum əməkhaqqında da mütəmadi artımlar davamlı xarakter alıb: “Bu da əhalinin güzəranın yaxşılaşmasına, sosial vəziyyətinin yüksəlməsinə kömək edir. Təkcə son üç ildə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatıb. Bu da əhalinin gəlirlərində mühüm irəliləyişdir, həmçinin əmək bazarındakı proseslərə də müsbət təsir göstərməklə yanaşı, bu sahədə rəqabət imkanlarını yüksəldir, keyfiyyəti artırır, əməyin qanuniləşdirilməsinə təkan verir”.

S.Möhbalıyev qeyd edib ki, ümumilikdə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin müntəzəm olaraq artırılması ölkəmizin dayanıqlı iqtisadi gücünü və sürətli inkişafını göstərir: “Bu artım ölkəmizin bundan sonra da sosial-iqtisadi inkişafına, əhalinin sosial rifah halının və əmək şəraitinin daha da yaxşılaşmasına böyük imkanlar yaradacaq”.

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki