image-1599842034_settar-mehbaliyevjpg-1599718563backend

Səttar Möhbalıyev: “Qoşulmama Hərəkatının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyinin dəfələrlə şahidi olmuşuq”

image-reklam_sirab_01

“Azərbaycan bütün istiqamətlərdə, o cümlədən beynəlxalq siyasi arenada da xarici siyasətini uğurla davam etdirir. Qoşulmama Hərəkatındakı fəaliyyəti, həmçinin quruma sədrliyi çərçivəsində gördüyü işlər ölkəmizin nüfuzunu dünya miqyasında daha da artırıb. Qurumun XVIII Zirvə görüşünün Bakıda uğurla təşkil olunması, üzv ölkələrinin qanuni mənafelərinin layiqincə müdafiəsi, pandemiyaya qarşı birgə mübarizə üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış etməsi ölkəmizin sədr kimi öz üzərinə düşən işləri layiqincə yerinə yetirdiyini göstərir. Bu uğurların təməlində cənab Prezident İlham Əliyevin diplomatik bacarığı, effektli xarici siyasəti və şəxsi nüfuzu dayanır”.

Bu fikirləri Milli Məclisin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Səttar Möhbalıyev deyib.

“Cənab Prezidentin dediyi kimi, Qoşulmama Hərəkatında təmsil olunmaq ölkəmizin mənafeyinə tam uyğundur. Əsasən təşkilatın əsas prinsipləri sayılan “Bandunq prinsipləri” Azərbaycanın xarici siyasətində prioritet təşkil edir. Ölkə başçısı cənab İlham Əliyev həmişə beynəlxalq tribunalardan ölkələrin suverenliyinə və ərazi bütövlüyünə hörmət olunmasının vacibliyini bəyan edib. Azərbaycan sədr kimi də bu prinsipləri əsas hesab edərək beynəlxalq miqyasda öz mövqeyini ortaya qoyur”, – AHİK sədri bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin iyulun 13-də Qoşulmama Hərəkatının Xarici işlər nazirlərinin aralıq konfransında çıxışı iştirakçı dövlətlər tərəfindən maraqla qarşılandı: “Dövlət başçısı Azərbaycanın quruma sədrlik etdiyi ötən dövr ərzində görülən işlər barədə ətraflı məlumat verdi. Azərbaycanın pandemiya ilə mübarizədə 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı etməsi, Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü olaraq maliyyə vəsaiti verməsi ölkəmizin humanist xarakterindən xəbər verir. Dövlət başçımız dəfələrlə koronavirusa qarşı peyvəndin ədalətli bölüşdürülməsi məsələsini qaldırıb və bütün platformalarda, həmçinin Qoşulmama Hərəkatı çərçivəsində bunu bəyan edib. Qurumun sonuncu iclasında da cənab İlham Əliyev bu məsələyə toxundu və bildirdi ki, Azərbaycan ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını ictimai şəkildə qınayır. Qeyd edim ki, Azərbaycan peyvəndi alıb öz ölkəsində tətbiq edən ilk ölkələrdən biri oldu. Ən vacib məqam isə ölkəmizdə vaksinasiya prosesinin ödənişsiz həyata keçirilməsidir. Bu, dövlətmizin vətəndaşlarına olan diqqət və qayğısının əlamətdir”.

“Cənab Prezidentin çıxışında artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsindən bəhs etməsi, həqiqətləri iştirakçıların diqqətinə çatdırması Azərbaycanın haqq işinin bir daha nümayişi idi. Dövlət başçımız bəyan etdi ki, 44 günlük müharibə nəticəsində Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrin icrasını həyata keçirib. Biz müharibə vaxtı və ondan sonrakı dövrdə Qoşulmama Hərəkatı ölkələrinin Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə dəstəyinin dəfələrlə şahidi olmuşuq. Prezident İlham Əliyev də bu münasibəti həmişə yüksək qiymətləndirib. Qoşulmama Hərəkatı tərəfindən Bakı Zirvə görüşünün Yekun Sənədində Azərbaycanın ərazi bütövlüyünün bir daha təsdiqlənməsi, Tovuz döyüşləri zamanı qəbul edilmiş kommünike, Vətən müharibəsi zamanı xüsusi bəyanatın qəbul olunması və ərazi bütövlüyünün bərpasına yönəlmiş səylərinə dair Azərbaycanla həmrəyliyin ifadə edilməsi, həmçinin BMT Təhlükəsizlik Şurasının bəzi üzvlərinin Azərbaycan əleyhinə qərəzli bəyanat qəbul etdirmək cəhdlərinin qarşısının alınması Qoşulmama Hərəkatı çərçivəsində ölkəmizin uğurlu diplomatik fəaliyyətinin və Azərbaycanın ədalətli mövqeyinin nəticəsidir”, – deputat əlavə edib.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki