Sosial dövlət — vətəndaşların rifahını başlıca vəzifə qəbul edən dövlət anlayışı olub və eyni zamanda onların iqtisadi və sosial əmin-amanlıqlarının qorunması və irəli çəkilməsində dövlətin əsas rol oynamasını özündə cəmləşdirir. Bu sistem sosial ədalət təmin olunmuş, maddi sərvətlər, nemətlər, istehsal resursları qanun daxilində hamıya əlçatan olan və hər bir vətəndaşın layiqli həyat şəraiti əldə etməsinə təminat verən demokratik , hüquqi,, müasir ictimai-siyasi quruluşdur. Sosial dövlət anlayışı ilk dəfə olaraq 1850-ci ildə alman alimi Lorens fon Şteyn tərəfindən işlədilmişdir.Ümumilikdə bir sosial dövlətin iki növ sosial və siyasi yanaşması ola bilər:
Birinci növ yanaşmada bir sosial dövlət vətəndaşlarının həyat səviyyələrinin əvvəlcədən müəyyən olunmuş minimum standartların altına enməsinin qarşısının alınması istiqamətində “sosial təhlükəsizliyi təmin etmə şəbəkəsi” yaradılması nəzərdə tutulur.
İkinci modelə görə dövlət vətəndaşların firavan həyat şəraitinin yaradılmasında əsas məsuliyyət daşıyan tərəf hesab olunur . Bu modeldə dövlətin vəzifəsi daha geniş miqyasda özünü büruzə verir, çünki bir vətəndaşın rifahının hər bir yönü üçün məsuliyyət məhz dövlətin üzərinə düşür və bu məsuliyyət vətəndaşlar arasında heç bir fərq qoyulmadan ölkənin bütün vətəndaşları üçün ümumilik daşıyır.
Sosial dövlət quruculuğu ötən əsrin ortalarından, daha dəqiq qeyd etsək II Dünya müharibəsindən sonra başlamışdır. Dünyada ilk dəfə olaraq özünü sosial dövlət elan etməyə nail olan dövlət 1949-cu ildə Almaniya Federativ Respublikasıdır. Sosial dövlət qurulmasının bir neçə başlıca şərti var. Dövlətdə sosial ədalət, demokratiyanın və hüququn aliliyi təmin olunmalıdır.Sosial dövlətin əsas əlamətləri aşağıda qeyd olunmuşdur:
– Sosial sahədə mükəmməl qanunvericiliyin təşkil olunması;
– Dövlət tərəfindən müxtəlif sosial istiqamətdə müxtəlif proqramların təşkili və həyata keçirilməsi;
– Vətəndaş cəmiyyətinin qurulması;
– Dövlətin vətəndaşlar qarşısında sosial məsuliyyəti;
– Dövlət tərəfindən hər bir vətəndaşın müdafiəsinin təmin olunması və onlar üçün layiqli həyat şəraitinin yaradılması;
– Layiqli iqtisadi, mədəni,sosial həyat təminatları əldə etmək üçün hər kəsə bərabər imkanlar yaradılması;
– İqtisadi inkişafının yüksək səviyyədə olması.
Azərbaycan sosial dövlətdir,çünki bu əlamətlərin hamısını özündə etiva edir. İstər əhalinin inkişafı, istərsə də günü-gündən yeniliklərin tətbiq olunması istiqamətində atılan addımlar göz önündədir. Ölkəmizin sosial dövlət olması həm vətəndaşlarımız , həm də dövlətimiz üçün daha böyük imkanlar açır.
Mamedova Fəridə/YAP-ın üzvü


























