image-ulvi-quliyevbackend

Söylədiyini edən Müzəffər Lider

image-reklam_sirab_01

Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç dekabrın 21-də Bakıda mətbuata verdiyi bəyanatda məna dərinliyi və səmimiyyəti ilə seçilən belə bir fikir səsləndirdi: “Hər dəfə Azərbaycana gələndə, Bakını ziyarət edəndə böyük dəyişikliklərin şahidi oluram. Azərbaycandan olan birisi üçün bu, bir qədər qeyri-adi görünə bilər. Lakin bu, həqiqətən də belədir. Çünki bir ölkədə yaşayan insanlar həmin ölkənin nə qədər dəyişdiyini görə bilmirlər”. Serbiyanın dövlət başçısı bu açıqlaması ilə Prezident İlham Əliyevin siyasi qısqanclarına, eləcə də ölkəmizin bədxahlarına müdrik kəlamlardan birindəki bu dərin hikməti yenidən xatırlatmış oldu. Xatırlatdı ki, həqiqətən də uca zirvələr kənardan daha yaxşı görünür.

Cənab Vuçiç Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin qazandığı uğurları gözü götürməyənlərə bu mühüm mesajı da verdi ki, Azərbaycanın nailiyyətlərini yalnız təbii sərvətlərinə bağlamaq istəyənlər kökündən yanılırlar. Çünki belələri tarixi nailiyyətlərimizin arxasında qətiyyətli və praqmatik siyasi lider amilinin dayandığını, Azərbaycan xalqının məhz onun ətrafında birləşdiyini ya görmək istəmir, ya da reallığı etiraf etmək işlərinə yaramır. Serbiya Prezidentinin mətbuata açıqlamasında tarixə etdiyi ekskurs həm də bu səbəbdən olduqca təsirli idi: “Bəziləri deyə bilərlər ki, bu, neft və qaza görədir… Yenə də qısa bir hekayəni sizinlə paylaşmaq istəyirəm. 1971-1972-ci illərdə Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan yaşlı Şeyx Bin Zayed Liviyaya səfəri zamanı demişdi ki, ümid edirəm, 40 ildən sonra onun ölkəsi Liviya kimi olacaq. Liviyanın BƏƏ-dən beş dəfə çox neft ehtiyatı var. Lakin bir ölkənin hansı vəziyyətdə olduğuna, digər ölkənin isə hansı vəziyyətdə olduğuna nəzər salın. Əminəm ki, Prezident Əliyev özü ilə bir çoxlarımızın arasında və dünya miqyasında Azərbaycandan da daha böyük həcmdə təbii ehtiyatlara və xammala malik ölkələr arasında olan fərqi göstərə bildi… Dünyada bir çoxları bilir ki, mən kimisə həddindən artıq tərifləməyi xoşlayan biri deyiləm. Mən bizim ikimizdən daha böyük və güclü olduğunu düşünənləri belə tərifləmirəm”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyev “Söylədiyini edən Müzəffər Lider” sərlövhəli məqaləsində yer alıb.

Deputat qeyd edib ki, Serbiya Prezidentinin diplomatik üslubda toxunduğu böyük güclərlə bağlı həssas məqam müstəqillik dövründə ölkəmizin üzləşdiyi ədalətsizlikləri və ayrı-seçkilik faktlarını da bir daha yada saldı. Yada saldı ki, tarixi ədalətin və beynəlxalq hüququn Azərbaycanın tərəfində olmasına baxmayaraq, ərazilərimizin 20 faizi otuz il ərzində işğal altında qaldı. Təhlükəsiz dünya nizamına görə məsuliyyət daşıyan böyük dövlətlər ədaləti dərhal bərpa etmək və Ermənistanın işğalına son qoymaq əvəzinə, vasitəçilik missiyalarını yalnız səmərəsiz danışıqlar masasının təşkilində görürdülər. Böyük güclərin bu cür siyasi qərarsızlığı, bəzilərinin isə siyasi riyakarlığı ucbatından uzun illər ərzində milli qürurumuz sınağa çəkildi. Halbuki zamanında işğalçıya öz yeri göstərilsəydi, vasitəçilərdən bəziləri şəxsi maraqlarını beynəlxalq hüquqdan üstün tutmasaydı, dünya sivilizasiyası indiki qədər real təhlükə ilə üzləşməzdi. Beynəlxalq hüququn aliliyi vaxtında təmin edilsəydi, BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı olan məlum dörd qətnaməsi 27 il ərzində kağız üzərində qalmazdı. Halbuki, elə həmin dövrdə başqa ölkələrə aid olan qətnamələr dərhal və ya çox qısa müddətdə icra olunurdu. Ciddi siyasi təsir imkanlarına malik olan vasitəçilərdən bəzilərinin kiçik Ermənistanın qarşısında guya aciz qalmasının arxasında dayanan əsl səbəblər indi daha çox üzə çıxır. Bu səbəblər arasında siyasi riyakarlıqdan, ikili standartlardan, qatı ermənipərəst mövqeyindən, türkofobiya və islamofobiyadan qaynaqlanan amillər kifayət qədərdir. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfər həm də bu amillərə görə tarixi əhəmiyyətə malikdir. Çünki Azərbaycan yalnız Ermənistanı məğlub etmədi, həm də bu səbəbləri və səbəbkarları zərərsizləşdirə bildi. Ulu Öndər Heydər Əliyev heç bir əməlin, o cümlədən məkrli niyyətlərin izini itirməyin mümkün olmadığını vaxtilə bu cür ifadə etmişdi: “Tarix heç nəyi silmir”. Ona görə də ölkəmizin bədxahları, bəd əməl və niyyətlərindən hələ də əl çəkməyən dairələr bilməlidirlər ki, tarixi ədaləti və beynəlxalq hüququ öz gücünə bərpa edən, milli qürurunu qorumağa qadir olduğunu məhz savaş meydanında sübut edən Azərbaycan xalqı onların heç bir əməlini unutmayıb və artıq qalib xalq kimi onu möhtəşəm Zəfərə çatdıran siyasi liderinin ətrafında indi daha sıx birləşib.

“Bütün maneə və çətinliklərə baxmayaraq, bu tarixi qələbəni ona görə qazana bildik ki, bədxahlarımızın məkrli planlarına aldanmadıq, Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası ilə başlanan və Prezident İlham Əliyevin əzmlə davam etdirdiyi yolun məhz qələbə yolu olduğuna ilk gündən hər birimiz inandıq. İqtisadi müstəqilliyini ilbəil daha da gücləndirən və ordu quruculuğuna əlahiddə diqqət ayıran dövlətimizin gücünə, Prezident İlham Əliyevin qətiyyətli lider keyfiyyətlərinə, Vətənə bağlı olan siyasi iradəsinə inandıq və yanılmadıq. Tarixi Zəfəri həm də ona görə qazana bildik ki, işğal nəticəsində onilliklər ərzində tərkibində yaşamağa məhkum olduğumuz imperiya xalqımızın milli-mənəvi dəyərlərini, milli kimliyini, Vətən sevgisini, azadlıq və müstəqillik eşqini məhv edə bilmədi. Bu ali dəyərləri qoruyub yaşada bildiyimizə, önümüzdə gedən siyasi liderin heç bir təhdid və təzyiq altında ölkəmizin ərazi bütövlüyünün təmin olunması yolundan dönməyəcəyinə əmin olduğumuza görə, haqq savaşına, Vətən müharibəsinə qalxdıq. Ulu Öndər Heydər Əliyev bu müqəddəs savaşın amallarını vaxtilə belə səciyyələndirmişdi: “Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün apardığı müharibədir!”. Ayrı-ayrı coğrafiyalarda yaşamağımıza, adət-ənənələrimizdəki fərqliliklərə baxmayaraq, Serbiya Prezidenti Aleksandar Vuçiç də Azərbaycanın uğurlarının təməlində məhz Vətənə xidmət amalının dayandığını xüsusi olaraq vurğuladı: “Prezident Əliyev kimi ölkəsinə sevgi ilə rəhbərlik etdikdə belə bir vəziyyətin şahidi oluruq… Mən bunu Prezident Əliyevə və onun işinin nəticələrinə səmimi rəğbət bəslədiyimə görə deyirəm”.

Ölkəmizin siyasi palitrası rəngarəngdir, xeyli sayda müxalifyönümlü partiyalar mövcuddur. Aralarında özü-özünü radikal, yəni barışmaz adlandıran, hətta digər əqidədaşlarını da bəyənməyib “ana müxalifət” adına iddia edən bir siyasi kəsim də var. Vətən, xalq, dövlət, dünya azərbaycanlıları və türk dünyası ilə bağlı olan məsələlər həmin siyasi kəsimin çox tez-tez yüksək pafosla sui-istifadə etdiyi mövzulardandır. Aydındır ki, özlərini necə adlandırmalarından asılı olmayaraq, müxalifdirlər. O da aydındır ki, elə bu səbəbdən vətəndaş diqqətini cəlb etmək, hələ də var olduqlarını göstərmək üçün bəlağətli üsluba üstünlük verirlər. Lakin Vətən, torpaq, dövlətlə bağlı ümumxalq məsələlərdə öz siyasi kimliyini olduğundan artıq göstərmək üçün əndazəni aşan pafos çox vaxt ziyanlı da ola bilir. Onların özləri üçün deyil, ümumi Vətənimiz üçün. Böyük mütəfəkkir Konfutsi müdrik kəlamlarından birində belə demişdi: “Kamil insan gözəl söz söyləyə bilən insan deyil, söylədiyini edən və edə bildiyini söyləyən insandır”. Təəssüf ki, barışmaz müxalifətçi adına iddia edənlər bu dərin hikməti çox zaman unudurlar. Çünki onlar qalib xalqın siyasi düşüncə tərzini və onu bu qələbəyə gətirib çıxaran liderə bəslənən ictimai inamın dərinliyini ya görə, ya da duya bilmirlər. Belələrinə elə gəlir ki, cəmiyyət pafoslu ritorikanın onların şəxsi təbliğinə hesablandığını hələ də ayırd edə bilmir. Amma yenə də yanılırlar və unudurlar ki, dövlətə və xalqa görə məsuliyyəti öz üzərinə götürən Prezident İlham Əliyev, bir çoxlarından fərqli olaraq, söylədiyini edən və edə bildiyini söyləyən dövlət xadimidir. Həmin siyasi kəsim də çox yaxşı bilir ki, üçrəngli bayrağımızın dövlət bayrağı kimi yenidən təsis edilməsinin təşəbbüskarı və müəllifi Heydər Əliyevdir. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün təsis olunmasının təşəbbüskarı və müəllifi də məhz Ulu Öndərdir. Bunlar pafos deyil, dövlət müstəqilliyimizə əməldə xidmətin göstəricisidir.

Xalqımıza və dövlətimizə sözdə deyil, məhz əməli xidmətin nəticəsidir ki, bugünkü müstəqil Azərbaycan artıq Avropanın da enerji təhlükəsizliyinin təmin olunmasında xüsusi çəkiyə malikdir. Bu reallığın əsası isə Prezident İlham Əliyev tərəfindən hələ 11 il bundan əvvəl qoyulub. Azərbaycan ilə Avropa İttifaqı arasında Xəzərdən Avropa ölkələrinə qaz nəqli marşrutlarının yaradılması təşəbbüsünü dəstəkləyən birgə Bəyanatın altında məhz onun imzası dayanır. 2011-ci ildən başlayaraq, geostrateji əhəmiyyətli bu layihə üzərində genişmiqyaslı işlərə başlanıldı. Düz iyirmi il sonra, 2014-cü il sentyabrın 20-də, məhz Bakı-Tbilisi-Ceyhan Neft Kəməri ilə bağlı kontraktın imzalandığı gün Cənub Qaz Dəhlizinin təməli qoyuldu. 2018-ci ilin mayında Bakıda, iyun ayında isə Əskişəhərdə Trans-Anadolu qaz boru kəmərinin açılışı baş tutdu. 2019-cu il noyabrın 30-da isə TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsi istifadəyə verildi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan təbii qazının Avropa bazarına tədarükünə isə hər birimiz üçün əlamətdar olan bir gündə-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə başlanıldı. Şəxsi təbliğ məqsədini güdən pafos müəllifi ilə praqmatik siyasətçinin, yalnız gözəl söz söyləyənlə Vətənə əməldə xidmət edənin fərqi bundadır.

Prezident İlham Əliyevin liderliyi ilə ölkəmizin əldə etdiyi bütün uğurlarının təməlində müstəqil Azərbaycana və xalqımıza əməldə xidmət amalı ilə yanaşı, həm də onun əqidə saflığı, əqidə bütövlüyü, Heydər Əliyev siyasi irsinə sədaqəti dayanır. Məhz bu siyasi yolun qətiyyətlə davam etdirilməsi imkan verdi ki, 2021-ci il iyunun 15-də tarixi Şuşa Bəyannaməsi imzalansın. Qars müqaviləsinin məntiqi davamı və ölkəmizin təhlükəsizliyinin qarantı olan bu tarixi müqavilənin iki müəllifindən biri yenə də Prezident İlham Əliyevdir. Bir vaxtlar “İlham Əliyevin prezidentliyi dövründə torpaqlarımızın bir qarışı da azad edilməyəcək” deyən və yalnız bu ritorika ilə gündəmdə qalmağa cəhd edənlər, siyasi qısqanclıqları ucbatından nə tarixi Zəfərimizin sevincini ürəkdən yaşaya bilirlər, nə də Şuşa Bəyannaməsinin altında dayanan qalib imzanın siyasi gücünü etiraf etmək üçün özlərində cəsarət tapırlar. Müstəqilliyimizin ilk illərində pafoslu ritorika ilə ölkəmizin siyasi səhnəsinə çıxan, cəmi on bir ay hakimiyyətdə olduqdan sonra xalqın etimadını birdəfəlik itirən, indi isə özünü barışmaz müxalifət adlandıranlar o zaman Turan mövzusundan danışarkən xəyallarına belə gəlməzdi ki, türkdilli ölkələrin birliyinin güclənməsinə göstərdiyi xidmətlərə görə Türk Dünyasının Ali Ordeninə məhz Prezident İlham Əliyev layiq görüləcək. Yenə də onun rəhbərliyi dövründə Azərbaycan 155 ölkənin etimadını qazanaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçiləcək, 120 dövləti birləşdirən Qoşulmama Hərəkatının liderliyinə yüksələcək, bir çox mötəbər beynəlxalq qurumlarda nüfuzlu söz sahibinə çevriləcək. Prezident İlham Əliyevin siyasi liderliyinə və qətiyyətli dövlət xadimi bacarığına qısqanclıqla yanaşanlar təsəvvür edə bilməzdilər ki, müstəqil Azərbaycan məhz onun xidmətləri sayəsində Türk dünyasının aparıcı qüvvələrindən birinə çevriləcək, 30 il sonra Səmərqənddə keçirilən Türk Dövlətləri Təşkilatının lX Zirvə Görüşündə Prezident İlham Əliyevin bu tarixi çıxışına kənardan şahidlik edəcəklər: “Biz acı taleyin hökmü ilə Azərbaycan dövlətindən ayrı düşmüş soydaşlarımızın dilimizi, ənənələrimizi, mədəniyyətimizi qoruyub saxlamaları, azərbaycançılıq ideyalarına sadiq olmaları, öz tarixi Vətənləri ilə əlaqələrin heç vaxt kəsilməməsi üçün səylərimizi davam etdirəcəyik”. Bu fikirləri bəyan edən torpaqlarını itirmiş bir ölkənin deyil, artıq tarixi Zəfərə imza atan qalib dövlətin lideridir.

Yalnız qulaq oxşayan söz müəllifləri ilə praqmatik siyasətçinin, böyük dövlət xadiminin fərqi də elə budur. Çünki praqmatik siyasətçi, başqalarından fərqli olaraq, dediyi sözün məsuliyyətini daha yaxşı bilir. Bu mənada, hətta Vətən müharibəsinin başlanma vaxtı da təsadüfi deyildi. Prezident İlham Əliyevin özü də məsuliyyətli dövlət yanaşmasından irəli gələn praqmatik siyasətə hər zaman sadiq olduğunu Yeni Azərbaycan Partiyasının yaradılmasının 30 illiyi münasibətilə bu il noyabrın 21-də keçirilən tədbirdə belə ifadə etmişdi: “Biz avantüraya heç vaxt gedə bilməzdik. Biz səhv addım, yaxud da ki, vaxtsız addım ata bilməzdik. Biz hər şeyi ölçüb-biçib öz gücümüzü, eyni zamanda, digər amilləri nəzərə alaraq ən düzgün vaxt seçməli idik, ən düzgün vaxt üçün ən yaxşı vəziyyətdə olmalı idik”.

Prezident İlham Əliyevin istər dövlət xadimi, istərsə də bir insan kimi həyat qayəsi sarsılmaz sədaqət və bütövlük üzərində təşəkkül edib: Vətənə və Xalqa sədaqət, Heydər Əliyev siyasi irsinə və sözünə sədaqət. Dövlətimizin başçısı iqtidar partiyasının yubiley tədbirindəki çıxışında bu amallara bağlı olduğunu və bütün nailiyyətlərimizin təməlində məhz Heydər Əliyev siyasi dəst-xəttinin dayandığını bir daha xüsusi vurğuladı: “Mən 2003-cü ildə xalqa söz vermişdim ki, bu yoldan dönməyəcəyəm… Biz onun siyasi xəttini davam və inkişaf etdirərək güclü Azərbaycan dövləti qurduq ki, sözün əsl mənasında, hər bir azərbaycanlı bu dövlətlə, doğma dövlətimizlə fəxr edir”.

Görkəmli dövlət xadimi Zbiqnev Bjezinski uzun illər əvvəl söyləmişdi ki, Azərbaycan bir vaxt böyük siyasətin şahmat lövhəsində mühüm strateji mərkəzə çevriləcək. Prezident İlham Əliyev bunu edə bildi. Məhz onun liderliyi ilə müstəqil Azərbaycan beynəlxalq münasibətlərin mühüm subyektlərindən birinə çevrildi və etibarlı tərəfdaş statusunu qazandı. Həyat özü də sübut edir ki, azərbaycançılıq, türkçülük, müstəqil dövlətçilik ideologiyasına xidmət edən, gücünü milli-mənəvi dəyərlərimizdən alan Heydər Əliyev siyasi yolunun ölkəmizdə alternativi yoxdur. Qardaş və dost ölkələr də bu gerçəkliyi kənardan görüb ona xüsusi dəyər verir, ölkəmizin bədxahları isə istəməsələr də bu siyasi fenomenlə hesablaşmalı olurlar. Dünya miqyasında nüfuzlu dövlət xadimlərindən biri olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2020-ci il dekabrın 10-da Azadlıq meydanında keçirilən möhtəşəm Zəfər Paradında söylədiyi bu tarixi fikirlər həmin reallığın, ölkəmizin siyasi gerçəkliyinin səmimi etirafıdır: “Qardaşım İlham Əliyev bununla mərhum Heydər Əliyevin ona vəsiyyət olaraq etdiyi arzusunu da yerinə yetirmişdir. Fürsətdən istifadə edərək güclü Azərbaycanın əsasını qoyan ümummilli lider Heydər Əliyevi də burada rəhmətlə yad edirəm. Azərbaycan qardaşım İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə, İnşallah, dastan yazmaqda davam edəcək”.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki