image-1ee72111-830c-3a1a-9446-21cb8d13893f_850backend

“Suriyada Nə Vaxt Əməliyyat Keçiriləcəyinə Türkiyə Qərar Verəcək” – Fəxrəddin Altun

image-reklam_sirab_01

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Norveçin aparıcı qəzetlərindən olan Aftenposten-in suallarını cavablandırıb.

F.Altun Suriyada YPG-yə qarşı hərbi əməliyyatın nə vaxt başlayacağı ilə bağlı suala cavabında bildirib ki, PKK-YPG terror təşkilatı həm türk əsgərlərinə, həm də Türkiyənin himayəsində olan suriyalı mülki əhalinin yaşadığı ərazilərə hücumlar təşkil edib.

Türkiyə üçün prioritet məsələnin vətəndaşlarının təhlükəsizliyi olduğunu söyləyən Altun bunun bir parçası olaraq regional sülh və sabitliyin vacibliyini vurğulayıb və “Əməliyyatın nə vaxt başlayacağına Türkiyə qərar verəcək”, – deyə bildirib.

“Türkiyə hərbi əməliyyata Rusiya hakimiyyətinin razılığı və ya dəstəyi olmadan başlaya bilərmi?” sualına cavabında isə Altun Türkiyə-Rusiya münasibətlərinin köklü bir tarixə malik olduğunu, eyni zamanda son dərəcə real olduğunu qeyd edib.

Bir çox sahədə yaxşı münasibətlər olsa da, iki suveren dövlətin hər bir məsələdə tam razılığa gəlməməsinin normal olduğunu bildirən Altun bunları deyib:

“Suriya məsələsində də böhranın mahiyyəti və mümkün çıxış yolu ilə bağlı fərqli yanaşmalar ola bilər. Bununla belə, biz hesab edirik ki, terrorizmlə mübarizə regionda sülh və sabitlik istəyən bütün dövlətlərin ortaq məxrəcidir.

Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə artıq öz maraqlarını ön planda tutan dövlətə çevrilib. Son illərdə hamı bunun şahidi olub. Təbii ki, müvafiq dövlətlər arasında müəyyən fikir mübadiləsi aparılır. Ancaq günün sonunda Türkiyənin atacağı heç bir addım heç kimin icazəsi və ya razılığına tabe deyil”.

Türkiyənin Finlandiya və İsveçin üzvlüklərinin rəsmi olaraq təsdiqi üçün bir tarix verib verməməsi ilə bağlı suala isə F.Altun belə cavab verib: “Madrid zirvəsi çəçivəsində imzalanan üçtərəfli memorandumla Türkiyə Finlandiya və İsveçin NATO-ya dəvət edilməsinə etirazını geri götürüb, lakin proses hələ tamamlanmayıb.

İsveç və Finlandiya Madriddə verdikləri sözlərə əməl etməlidirlər. Verilən vədlərin tutulduğuna əmin olsaq, üzvlükləri təsdiqlənəcək. Halhazırda Türkiyə Böyük Millət Məclisi işləmir. Ona görə də bu gün konkret bir tarixdən danışa bilmərik.

Türkiyənin Finlandiya və İsveçdən iki əsas gözləntisi var. İlk növbədə, NATO-nun təmsil etdiyi müttəfiqlik ruhuna zidd olduğunu əsas gətirərək, müdafiə sektoru ilə bağlı sanksiyaları ləğv etmələrini istədik. İkinci məsələ isə Türkiyəni təhdid edən terror təşkilatlarına qarşı konkret addımlar atmaları idi. Bu çərçivədə həm PKK-YPG, həm də 2016-cı ildə Türkiyədə dövlət çevrilişinə cəhd edərək 251 nəfəri qətlə yetirən FETÖ üzvlərinə sığınacaq verməmələrini tələb etdik. İsveç və Finlandiya bu tələbləri yerinə yetirəcəklərini bəyan etdilər. Hazırda vəziyyəti qiymətləndiririk”.

O, Türkiyənin Finlandiya və İsveçlə bağlanmış müqavilə çərçivəsində İsveçə təqdim etdiyi, ekstradisiya etmək istədiyi şəxslərin siyahısında neçə nəfər olduğu sualı ilə bağlı qeyd edib ki, məsələyə kəmiyyət deyil, keyfiyyət baxımından baxılır.

“Madriddə imzalanan memorandum əsasında Ədliyyə Nazirliyi hər iki ölkəyə lazımi rəsmi tələblər göndərib. Bu tələblər arasında daha əvvəl rədd edilən ekstradisiya tələblərinin bəzilərinin yenidən araşdırılması da var.

Keçmişdə rədd edilən tələblər də ölkələr arasındakı mövcud razılaşmalara ziddir. Gözləntimiz İsveç və Finlandiyanın Türkiyəni müttəfiq olaraq gördüklərini və bunun üçün lazım olan addımları atacaqlarını sübut etmələridir”, – Altun bildirib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki